Bakıda «Neft sənayesində
ətraf mühit məsələlərinə
dünyəvi baxış»
mövzusunda beynəlxalq konfrans
işə başladı
Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, iki
günlük konfransda
müxtəlif ölkələrin dövlət
qurumlarının, neft-qaz şirkətlərinin
təmsilçilərindən, ekologiya sahəsində
fəaliyyət göstərən alimlərdən və
aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik
nümayəndə heyəti iştirak edir.
Konfransı
açan ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə
Hüseynzadə tədbirin əhəmiyyətindən
danışaraq bildirmişdir ki, məqsəd regionun
davamlı inkişafı üçün ətraf mühitin
cari vəziyyətinin kompleks təhlilini vermək, ətraf
mühitin müxtəlif komponentlərinin tədqiqində yeni
üsul və texnologiyalardan istifadə təcrübəsini
bölüşmək, ətraf mühitin mühafizəsi
üzrə təkliflər işləyib hazırlamaq,
yaxın on il üçün ətraf mühitin inkişaf
dinamikasına dair proqnozlar verməkdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın rəhbəri Leyla Əliyevanın konfrans iştirakçılarına müraciəti oxunmuşdur.
Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları!
"Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış" adlı beynəlxalq konfransın iştirakçılarını salamlamaqdan məmnunluq duyuram.
Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin
doğurduğu narahatlıq
hər birimizi dərindən düşünməyə
vadar edir. Təbiəti daha səmərəli,
daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur.
IDEA ətraf mühitin
mühafizəsi üçün
beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə
"yaşıl düşüncə"
ilə yanaşmanı
və təbliğ etməni fəaliyyətimizin
əsas prinsipi sayırıq.
Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların
birləşdirici, ümumi
həyat fəlsəfəsinə
çevrilməlidir. IDEA ekoloji maarifləndirməni
gücləndirmək üçün
yeni layihələr üzərində işləyir.
Planetimizin gələcək ekoloji vəziyyəti bugünkü nəslin düşüncəsindən asılı
olaraq yaranacaqdır.
Şübhəsiz ki, ekologiya haqqında
düşünmək gələcək
haqqında düşünmək
deməkdir. Baş verən demoqrafik
dəyişikliklər, sənayenin
genişlənməsi, insanların
təbiətə təsirinin
artması ekoloji məsuliyyəti dövrün
əsas çağırışına
çevirir. Ətraf mühitin
mühafizəsinə diqqəti
artırmaq üçün
imkanlarımızı səfərbər
etməliyik.
Çox
şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həll yollarının müzakirəsi
üçün yeni platforma açır.
Konfransın işinə uğurlar
arzulayıram!
Hörmətlə,
Leyla Əliyeva,
Ətraf Mühitin Mühafizəsi
üzrə Beynəlxalq
Dialoq Kampaniyasının
rəhbəri".
Daha sonra
ARDNŞ-in ətraf mühitin
qorunması ilə bağlı gördüyü
işlər haqqında
videoçarx nümayiş
etdirilmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev konfransda çıxış edərək
ətraf mühitin mühafizəsi istiqamətində
həyata keçirilən
layihələrdən və
görüləcək işlərdən
danışmışdır.
R.Abdullayev belə tədbirlərin neft-qaz sənayesinin yaratdığı ekoloji problemlərin həllində
əhəmiyyətli rol
oynayacağını bildirmişdir.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
məqsədyönlü siyasətin
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söyləyən
ARDNŞ-in prezidenti ətraf
mühitin qorunması
məsələlərinin Azərbaycan
dövlətinin prioritet
istiqamətlərindən biri
olduğunu vurğulamışdır.
Bakı və Sumqayıt şəhərlərində ətraf
mühitin mühafizəsi
istiqamətində bir
sıra layihələrin
həyata keçirildiyini
deyən R.Abdullayev belə tədbirlərin insanların ekoloji tərbiyəsində də
mühüm rol oynadığını diqqətə
çatdırmışdır.
ARDNŞ-in prezidenti demişdir
ki, Azərbaycanda neft hasilatının ilk illərindəki təcrübəsizlik
nəticəsində ekologiyaya
böyük ziyan dəymişdir. Bu gün
mədən sahələrində
neft məhsulları ilə çirklənmiş
1300 hektar ərazi rekultivasiya edilərək abadlaşdırılmışdır. Bərpa edilmiş ərazilərdə
600 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir.
Gələcəkdə bərpa olunacaq
ərazilərin yaşıllaşdırılması
və meşə zolaqlarının salınması
məqsədi ilə ekopark layihəsi həyata keçirilmişdir.
Eyni zamanda Qaradağ rayonu ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir avadanlıq quraşdırılacaq,
Bakı və Sumqayıtdakı köhnə
müəssisələr ləğv
ediləcək.
ARDNŞ-in prezidenti Azərbaycanda
fəaliyyət göstərən
xarici şirkətlər,
xüsusilə BP ilə
ətraf mühitin mühafizəsi istiqamətində
sıx əməkdaşlıq
etdiklərini diqqətə
çatdırmışdır.
Daha sonra Rövnəq Abdullayev Prezident İlham Əliyevin sərəncamı ilə
"Tərəqqi" medalına
layiq görülmüş
BP-nin təhlükəsizlik
və risk əməliyyatları
üzrə vitse-prezidenti
Robert Aleksandr Vatta yüksək mükafatı
təqdim etmişdir.
Robert Aleksandr Vatt
onu bu medala
layiq gördüyü
üçün Prezident
İlham Əliyevə
təşəkkür etmişdir. O, ARDNŞ ilə
BP arasında əməkdaşlığın
gələcəkdə daha
da inkişaf edəcəyindən əminliyini
bildirmişdir.
Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov son 10 ildə
ölkəmizdə ətraf
mühitin mühafizəsi
ilə bağlı böyük işlərin
görüldüyünü demişdir. Nazir bildirmişdir ki,
son 10 ildə Azərbaycanda
8 milli park yaradılmış,
daha bir parkın yaradılması
ilə bağlı işlər davam etdirilir. Mühafizə olunan ərazilərin
sahəsi 400 min hektardan
1 milyon hektara çatdırılmış, milyonlarla
ağac əkilmişdir.
Son 3 ildə Azərbaycanda
salınan zeytun bağlarının sayı
sürətlə artmışdır.
Azərbaycanda ətraf mühitin qorunmasına dövlət
tərəfindən xüsusi
qayğı göstərildiyini
söyləyən nazir
Prezident İlham Əliyev tərəfindən
2010-cu ilin ölkəmizdə
"Ekologiya ili" elan edilməsinin bunun bariz nümunəsi
olduğunu vurğulamışdır.
BP Qrupunun Əməyin Təhlükəsizliyi və
Əməliyyat Riskləri,
Risk, Təlim və Sağlamlıq, Əməyin
Təhlükəsizliyi, Təhlükəsizlik,
Ətraf Mühit bölməsinin rəhbəri
Stiv Flinn Azərbaycanda ekoloji təhlükəsizliyin gücləndirilməsi
istiqamətində mühüm
tədbirlərin həyata
keçirilməsini yüksək
qiymətləndirmişdir. O, ətraf mühitin qorunması məsələsində
insanların üzərinə
də böyük məsuliyyət düşdüyünü
diqqətə çatdırmışdır.
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, "Global Counsel" təşkilatının sədri
Peter Mandelson Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminində
mühüm rol oynadığını demişdir.
Keçmiş sovet ölkələri arasında Azərbaycanın
inkişafının daha
çox diqqəti cəlb etdiyini deyən P.Mandelson nailiyyətlərin qazanılmasında
uğurlu tərəfdaşlığın
da payının olduğunu bildirmiş,
ARDNŞ ilə BP arasında
əməkdaşlığı nümunə kimi qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələsinə
toxunan Böyük Britaniya parlamentinin üzvü yaxın gələcəkdə bu problemin beynəlxalq hüququn norma
və prinsipləri əsasında həll ediləcəyinə ümidvar
olduğunu bildirmişdir.
Tədbirdə neft sənayesində ətraf mühitin mühafizəsi üzrə
ən yeni texnologiyanın tətbiqi və bu sahədə
əldə olunmuş
nailiyyətlər, neft-qaz
sənayesinin inkişafı,
neft və neft məhsulları ilə çirklənmiş
torpaqların reabilitasiyası,
neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma və digər mövzular müzakirə olunmuşdur.
Konfrans işini
sessiyalarla davam etdirmişdir.
Azərbaycan.-2013.- 5 noyabr.- S. 4.