III Bakı Beynəlxalq Humanitar Forumu xarici mətbuatda
Misirin nüfuzlu
"Əl-Məsəiyyə" qəzetində III Bakı
Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc edilmişdir. Məqalənin müəllifi qəzetin
forumda iştirak etmiş redaktor müavini Məhəmməd
Sələmədir.
M.Sələmə yazır ki, 70 ölkədən çoxsaylı
qonaqların, eləcə
də Nobel mükafatı
laureatlarının, sabiq
prezidentlərin iştirak
etdikləri forumun açılışında Prezident
İlham Əliyev nitq söyləyərək
qloballaşma dövründə
dünyada insan haqlarının qorunmasına,
beynəlxalq əməkdaşlıq
məsələlərinə, müxtəlif mədəniyyətlərə
mənsub olan xalqlar arasında dialoqa lazımi diqqət göstərilməsinin,
sülh və tolerantlıq dəyərlərinin
yayılmasında yaxından
iştirak etməyin vacibliyini vurğulamışdır.
Müəllif əlavə
edir ki, Prezident İlham Əliyev həmçinin Azərbaycan torpaqlarının
20 faizinin Ermənistan
tərəfindən işğal
olunduğunu, bir milyondan çox qaçqın və məcburi köçkünün
doğma yurdlarından
ayrı düşdüyünü,
BMT Təhlükəsizlik Şurasının
münaqişə ilə
bağlı qəbul etdiyi dörd qətnaməyə Ermənistanın
məhəl qoymadığını
qonaqların diqqətinə
çatdırmışdır.
Məqalədə İSESCO-nun baş direktoru
Əbdüləziz bin Osman
əl-Tuveycrinin forumun
açılışındakı çıxışına da
yer verilmişdir. Müəllif yazır ki, ISESCO-nun baş direktoru Prezident İlham Əliyevin istər regional, istərsə
də beynəlxalq səviyyədə sülhün
təşviqinə böyük
önəm verdiyini, tolerantlığın və
dialoqun inkişafı
istiqamətində mühüm
səylər göstərdiyini
vurğulamış, beynəlxalq
təşkilatların Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə rəsmi
Yerevanın hörmət
etməməsindən təəssüfləndiyini
bildirmişdir.
Məqalədə zorakılıq, təcridolunma,
ekstremizm, islamofobiya kimi dünyanı narahat edən problemlərin kökündə
duran məsələləri
araşdırmaqda, insan
haqlarının qorunmasında,
dözümlülük və
dialoqun təşviqində
Humanitar Forumun xüsusi önəm daşıdığı vurğulanmışdır.
***
Misirin məşhur
"Dostorasly" internet portalında
III Bakı Beynəlxalq
Humanitar Forumu haqqında məqalə yerləşdirilmişdir.
Forumda iştirak
edən jurnalist Məhəmməd Ramahın
müəllifi olduğu
məqalədə tədbirin
siyasi, iqtisadi, humanitar, media və texnologiya sahələrində
mövcud problemlərin
müzakirəsi və
həlli baxımından
böyük əhəmiyyət
daşıdığı qeyd
edilir.
M.Ramah yazır
ki, forumda dünyanın müxtəlif
ölkələrindən çoxsaylı
nümayəndələr iştirak
etmişdir. Onlar arasında nüfuzlu
ictimai-siyasi xadimlər,
sabiq dövlət başçıları, Nobel mükafatı
laureatları və digər şəxslər
olmuşdur. Forumda
"Texnologiyaların konvergensiyası
və gələcəyin
konturları: XXI əsrin
əsas çağırışları",
"İqtisadi inkişafın
humanitar aspektləri",
"Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm
və özgünlük:
cəmiyyətdə dəyər
konsensusu axtarışında",
"Postmodern dövründə milli özünüdərk",
"Davamlı inkişaf
və ekoloji sivilizasiya", "Molekulyar
biologiya və biotexnologiyanın nailiyyətləri:
nəzəriyyədən təcrübəyə",
"Qloballaşan informasiya
məkanında medianın
aktual məsələləri"
mövzularında "dəyirmi
masa"lar keçirilmiş,
səmərəli diskussiyalar
aparılmışdır.
***
Misirin nüfuzlu
"Əl-Əhram" qəzetinin
saytında III Bakı
Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə yerləşdirilmişdir. Forumda iştirak
etmiş jurnalist Mahmud
Nubinin müəllifi olduğu məqalədə
bildirilir ki, müasir dövrümüz
üçün aktuallıq
kəsb edən bir çox məsələlərin müzakirə
edildiyi bu tədbirdə Nobel mükafatı
laureatları, sabiq prezidentlər, tanınmış
ictimai-siyasi, elm, mədəniyyət
xadimləri iştirak
etmişlər.
Müəllif forumun XXI əsrin
qlobal problemləri, cəmiyyətin inkişafında
texnologiyanın rolu, sosial-iqtisadi durumun yaxşılaşdırılması, elm və təhsilin daim diqqət mərkəzində olması,
qloballaşma dövründə
medianın aparıcı
rol oynaması və s. vacib məsələləri əhatə
etdiyini, dünya xalqlarının siyasi, iqtisadi, humanitar sahələrdə üzləşdikləri
problemlərin və onların həlli yollarının müzakirə
olunduğunu vurğulamışdır.
***
"Hürriyet" qəzeti Türkiyənin 9-cu Prezidenti
Süleyman Dəmirələ Azərbaycanın
"Şərəf" ordeni
verilməsindən yazmışdır.
Türkiyənin nüfuzlu "Hürriyet"
qəzeti Prezident İlham Əliyevin Sərəncamı ilə
qardaş ölkənin
9-cu Prezidenti Süleyman
Dəmirəlin "Şərəf"
ordeni ilə təltif olunmasından yazmışdır.
"89 Nişanı" başlıqlı
məqalədə Azərbaycan
Prezidenti İlham Əliyevin "Şərəf"
ordenini Süleyman Dəmirələ təqdim
etməsi, dövlətimizin
başçısının iki qardaş ölkə arasında əlaqələrin inkişafında
Türkiyənin 9-cu Prezidentinin
xidmətlərini qeyd
etməsi yazılmışdır.
S.Dəmirəlin
də Azərbaycan Prezidentinə dərin təşəkkürünü
ifadə etdiyi vurğulanan məqalədə qeyd olunur ki,
Türkiyənin keçmiş Prezidenti Azərbaycanın
ümummilli lideri, yaxın dostu Heydər Əliyevin Fəxri
xiyabandakı məzarını da ziyarət etmişdir. Ulu öndərin ruhuna dualar oxuyan S.Dəmirəl
xatirəsini əziz tutduğu dostu və qardaşının dövlətçilik
əmanətinin etibarlı əllərdə olduğunu
söyləmişdir.
Azərbaycan.-2013.- 5 noyabr.- S. 6.