Üçüncü Bakı
Beynəlxalq Humanitar Forumunun
iştirakçıları Azərbaycanın
bölgələrində olmuşlar
Şəki
Noyabrın 3-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının bir qrupu Şəkidə olmuşdur. AzərTAc xəbər verir ki, 135 nəfərlik qrup dünyanın bir sıra ölkələrini, beynəlxalq qurumları təmsil edən tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından ibarət olmuşdur.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq forum iştirakçılarının böyük marağına səbəb olmuşdur. Milli geyimli qızlar sarayın girişində qonaqlara şərbət paylamışlar. Məlumat verilmişdir ki, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - təqribən 1761-1762-ci illərdə tikilmişdir. Üç yüz kvadratmetr sahəsi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmamışdır.
Qonaqların diqqətinə çatdırılmışdır ki, düz 250 ildir ki, Şəki xanlarının sarayı öz bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir. Ötən ilin iyulunda sarayın 250 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdur.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları forum iştirakçılarında xüsusi maraq oyatmışdır. Qonaqlar sarayın qarşısında xatirə şəkilləri çəkdirmişlər.
Şəkiyə səfərləri çərçivəsində forum iştirakçıları Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət etmişlər. Məlumat verilmişdir ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilmişdir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə (eramızdan əvvəl birinci -bizim eranın birinci əsrləri) aid nümunələr, orta Tunc-antik dövrə aid saxsı qablar, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar, həmçinin məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr qonaqların böyük marağına səbəb olmuşdur.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş "Yuxarı Karvansaray" mehmanxana kompleksi ilə tanışlıq zamanı forum iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ümumi sahəsi 6 min kvadratmetr olan bu kompleksdə 300-ə yaxın otaq və zirzəmi vardır. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə Məscidini də ziyarət etmişlər.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar.
Qəbələ
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Qəbələ rayonunda olmuşdur.
AzərTAc xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılanan qonaqlara rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar Qəbələdə aparılan geniş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Qəbələ rayonu irimiqyaslı yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı, turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür.
Qonaqlar
"Gilan piano" MMC-nin
"Beltmann" piano fabriki
ilə tanış
olmuşlar. Burada forum iştirakçılarına
məlumat verilmişdir
ki, 2009-cu ildən fəaliyyətə başlayan
fabrik hazırda dünyada "Beltmann"
markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Səfər çərçivəsində qonaqlar rayon Tarix-Diyarşünaslıq
Muzeyində də olmuşlar. Diqqətə çatdırılmışdır ki, 1980-ci ildən fəaliyyət göstərən
bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik
tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə
malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim
əlyazma və çap məhsulları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil
qalereyası, zəngin
elmi kitabxana, qədim daş abidələrdən təşkil
olunmuş sərgi meydançası vardır.
Sonra
forum iştirakçıları Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin xarabalıqları
ilə tanış
edilmişlər. Qonaqlar
indiki Çuxur Qəbələ kəndi ərazisində arxeoloji ekspedisiya tərəfindən
aşkar edilmiş qədim Qəbələ şəhərinin müdafiə
istehkamları, şəhərin
su təchizatı, məişət və təsərrüfat tikililəri,
müxtəlif maddi-mədəniyyət
nümunələri ilə
tanış olmuşlar.
Daha sonra qonaqlar "Qəbələnd" İstirahət
və Əyləncə
Mərkəzi, beşulduzlu
"Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz
Sport", "Qafqaz Karvansaray"
otelləri, Nohur gölü və "Yengicə" istisu sanatoriyası ilə tanış olmuşlar. Qəbələ ilə tanışlıq,
rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri
forum iştirakçılarında zəngin təəssürat
yaratmışdır.
Qonaqlar Azərbaycanın dünyada
turizm ölkəsi kimi tanınması üçün böyük
potensiala malik olduğunu və bu istiqamətdə mühüm işlər görüldüyünü söyləmiş,
ölkəmizin sosial-iqtisadi
inkişafının, bölgələrdə
müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf
edən turizm sektorunun iqtisadiyyatımıza
verdiyi töhfələri
yüksək qiymətləndirmiş
və Qəbələyə
səfərdən məmnunluqlarını
ifadə etmişlər.
Lerik
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir
qrupu Lənkəran rayonu ilə tanışlıqdan sonra noyabrın 3-də Lerik rayonuna gəlmişdir.
AzərTAc xəbər verir ki, qonaqları rayonun rəhbər işçiləri yüksək
ehtiramla qarşılamışlar.
Beynəlxalq Forumun iştirakçıları
Lerik Rayon Tarix-Diyarşünaslıq
və "Uzunömürlülər"
muzeylərində nümayiş
etdirilən eksponatlara
və fotoşəkillərə
maraqla baxmış,
"Relax" turizm və
istirahət mərkəzində
olmuşlar. Qonaqlar cənub bölgəsinin
təbiətinə heyran
olduqlarını vurğulayaraq
hər iki rayonla tanışlıqdan
razı qaldıqlarını
bildirmişlər. Həmin gün
Üçüncü Bakı
Beynəlxalq Humanitar Forumunun iştirakçıları
Lənkəran Beynəlxalq
Hava Limanından Bakı şəhərinə
yola düşmüşlər.
Göygöl
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Gəncəyə səfər
edən bir qrup iştirakçısı
noyabrın 3-də Göygöl
rayonunda olmuşdur.
AzərTAc xəbər verir ki, yüksək qonaqpərvərliklə qarşılanan
forum iştirakçıları İkinci Dünya müharibəsindən əvvəl
almanlar tərəfindən
salınmış küçələrdə
inşa olunmuş alman evlərinə baxmış, yerli sakinlərlə söhbət
etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Arif
Seyidov qonaqlara məlumat vermişdir ki, bir əsrə
yaxın yaşı olan bu evlər
keçən il əsaslı şəkildə bərpa
edilmiş, küçələrdə
geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.
Sonra qonaqlar
1857-ci ildə inşa
edilmiş Lüteran kilsəsində olmuşlar. Bildirilmişdir ki, alman məbədi
olan bu dini
məkan da dövlətimizin diqqət
və qayğısı
sayəsində təmir
edilmiş, ona ikinci həyat verilmişdir.
1860-cı
ildə Forel qardaşları tərəfindən
inşa edilən və hazırda Şərab Zavodu kimi fəaliyyət göstərən müəssisədə
istehsal prosesi ilə yaxından tanış olan forum iştirakçıları
burada hazır məhsulların dadına
baxmışlar.
Göygölə səfər qonaqlarda xoş təəssüratlar
yaratmışdır.
Azərbaycan.-2013.- 5 noyabr.- S. 6.