Bakı Dövlət Universitetində

 

Noyabrın 4-də Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun Rusiya Elmlər Akademiyasının (EA) Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvifiziki kimya İnstitutunun direktor müavini, kimya elmləri doktoru, professor İqor Litvinov ilə görüşü olmuşdur.

Bakı Dövlət Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə BDU ilə Rusiya EA-nın Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvifiziki kimya İnstitutu arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuş və əməkdaşlığa dair memorandum imzalanmışdır.

Sənədi akademik A.Məhərrəmov və professor İ.Litvinov imzalamışlar.

Memoranduma əsasən, rentgen struktur analiz sahəsində birgə elmi tədqiqatlar, müştərək layihələr üzrə elmi araşdırmaların aparılması, müəllim və tələbə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran layihə və proqramlarda iştirak nəzərdə tutulur.

Sonra professor İ.Litvinov fizikakimya fakültəsinin müəllim, tələbə heyəti qarşısında mühazirə oxumuşdur.

Alim nano tədqiqatlar, rentgen struktur sahəsində aparılan tədqiqat işlərini yüksək qiymətləndirmişdir.

 

* * *

 

Estoniyanın 4 əsrlik tarixi olan Tartu Universitetinin rektoru Volli Kalm Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

Bakı Dövlət Universiteti mətbuat informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi inkişaf mərhələlərindən, dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikitərəfli əlaqələrindən danışmışdır.

Rektor Tartu Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.

Görüşdən məmnun qaldığını qeyd edən Volli Kalm Tartu Universiteti barədə məlumat vermiş, BDU ilə əməkdaşlığın əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

Sonra Bakı Dövlət Universiteti ilə Tartu Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənəddə kimya, biologiya, riyaziyyat kompyuter elmləri, informasiya texnologiyaları sahəsində tədqiqatçı aspirant magistrantların mübadiləsi, birgə  seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran layihə proqramlarda iştirak məsələləri nəzərdə tutulur.

Qonaq BDU-nun elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuşdur.

Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır və Estoniyanın ən tanınmış ali təhsil müəssisələrindən biridir.

 

Azərbaycan.-2013.-  5 noyabr.- S. 7.