Azərbaycan və Vatikan
arasında əlaqələr yüksələn xətt
üzrə inkişaf edir
Prezident İlham
Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək
mükafatlarından olan "Medalla Sede Vacante"
medalına layiq görülməsi bunu bir daha
təsdiq edir
Azərbaycan müstəqillik qazandıqdan sonra Vatikan dövləti ilə münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. İki dövlət arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf etməyə başladı. 25-28 sentyabr 1997-ci ildə ulu öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım oldu.
Səfər zamanı ulu öndər Heydər Əliyev Roma Papası II İohan Pavellə görüşmüş və müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparmışdır. Görüş zamanı Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi vurğulanmış, demokratik cəmiyyət quruculuğu prosesinin böyük uğurla həyata keçirildiyi, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verildiyi diqqətə çatdırılmışdır.
2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, Roma Papası II İohan Pavelin ilk dəfə olaraq Azərbaycana rəsmi səfər etməsi də əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirdi. Ulu öndər Heydər Əliyev II İohan Pavelin müsəlman ölkələrinə səfərlərinin xristian və islam dinləri arasında qarşılıqlı etimad və hörmətin gücləndirilməsinə xidmət etdiyini bildirmişdi. II İohan Pavel də Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirmişdi. Roma Papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləmişdi.
Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də İtaliya dövləti ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. Ölkə başçısının 24-26 fevral 2005-ci ildə İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə böyük təkan verdi. Ölkə başçısı İtaliyaya rəsmi səfəri çərçivəsində Vatikan dövlətində də olmuş, dövlət katibi kardinal Ancelo Sodano ilə görüşmüşdür. Vatikanın dövlət katibi Prezident İlham Əliyevə üzərində II İohan Pavelin şəkli olan xatirə medalı təqdim etmişdir. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur.
2008-ci il martın 6-da Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Tarçiziyo Bertonenin Azərbaycana səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Həmin gün Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olub. Prezident İlham Əliyev və kardinal Bertone mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev mərasimdəki çıxışında Bakıda Katolik kilsəsinin açılmasını Azərbaycanın gələcək inkişafı, dünya birliyinə inteqrasiyası, Avropa ilə gözəl münasibətlərin davam etdirilməsi baxımından əhəmiyyətli hadisə hesab edib.
Dünyanın ən kiçik dövlətlərindən biri olmasına baxmayaraq, Vatikan özündə misilsiz maddi mədəniyyət abidələrini cəmləşdirir. Bu baxımdan Vatikan kitabxanasını və muzeyini xüsusi qeyd etmək lazımdır. Bu kitabxana və muzey zənginliyi və qədimliyi ilə alimlərin diqqətini həmişə cəlb edib. Qədim yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının nüsxələrindən biri də bu kitabxanada saxlanılır. Vatikanla mədəni əlaqələrimizin genişlənməsi hər iki dövlətin tarixinin və mədəni irsinin araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
9 aprel 2009-cu ildə Vatikanda "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" adlı sərgi keçirilib, "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" və "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" adlı kitabların təqdimatı keçirilib. Vatikanın Mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti 14-18 iyun 2010-cu ildə Azərbaycanda rəsmi səfərdə olub.
Prezidenti İlham Əliyevin bu günlərdə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü də münasibətlərin yüksələn xətt üzrə inkişafını bir daha təsdiqləyir. Dövlət başçısı, kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd edib. Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlət başçısı son illər əməkdaşlığımızın yeni formatda inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu deyib və ordeni kardinal Canfranko Ravaziyə təqdim edib.
Kardinal Canfranko Ravazi Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət ardıcıl inkişaf edən əlaqələrə verilən yüksək qiymət kimi dəyərləndirib. Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vacante" medalına layiq görüldüyünü bildirib və Müqəddəs Taxt-Tacın adından medalı dövlət başçısına təqdim edib. Kardinal Canfranko Ravazi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini də xüsusi qeyd edib.
Heydər Əliyev Fondunun fəaliyyəti fərqli sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara yüksək mənəvi-etik dəyərlərin əxz edilməsinə yönəlmişdir. Ayrı-ayrı sahələrdə həyata keçirilən layihələr, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına, respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına sadiq qalan, onun əməllərini yaşadan və ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu səmərəli fəaliyyəti ilə ölkəmizin tərəqqisinə və vətəndaş cəmiyyəti, dövlət quruculuğuna yeni-yeni töhfələr bəxş edir. Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə nümayəndəliklərinin açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 6 noyabr.- S.1.