İtaliyanın nüfuzlu «İl Sole 24 Ore» gündəlik qəzetində «Dağlıq

 Qarabağ, unudulmuş münaqişə» sərlövhəli məqalə dərc edilmişdir

 

İtaliyanın nüfuzlu "İl Sole 24 Ore" gündəlik qəzetində "Dağlıq Qarabağ, unudulmuş münaqişə" sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixiproblemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandıqdan sonra döyüş əməliyyatları dayandırılsa da, münaqişə heç də "dondurulmamışdır" və iki ölkə arasında yenidən müharibə başlanması ehtimalı yüksəkdir.

Azərbaycan tərəfinin münaqişə ilə bağlı mövqeyini şərh edən müəllif diqqətə çatdırmışdır ki, problemin həllinin əsasında Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik yeddi inzibati rayonun azad edilməsi dayanır.

Yazıda Azərbaycan rəsmilərinin münaqişəyə dair fikirlərinə də yer verilmişdir. Məqalə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu sözləri ilə davam etmişdir: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi artıq 20 ilə yaxındır davam edir. Bir çox beynəlxalq təşkilatların, eyni zamanda Avropa İttifaqının səylərinə baxmayaraq, hər hansı bir nəticə əldə olunmamışdır".

Məqalədə vurğulanmışdır ki, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına dair qəbul edilmiş dörd qətnaməni hələ də yerinə yetirməmişdir.

Azərbaycanın strateji cəhətdən önəmli ölkə olduğunu diqqətə çatdıran müəllif bildirmişdir ki, 2019-cu ildən etibarən Azərbaycan qazı "Trans-Adriatik Pipeline" vasitəsilə Avropa bazarlarına çatdırılacaqdır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.ilsole24ore.com/art/notizie/2013-11-02/nagorno-karabakh-conflitto-dimenticato-172538.shtml?uuid=AB9SA4a&fromSearch

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2013.-  6 noyabr.- S.2.