Vatikan Dövlətinin mədəniyyət
üzrə pontifik şurasının
prezidenti
kardinal Canfranko Ravazi Şəkidə olmuşdur
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 5-də Şəkidə olmuşdur.
AzərTAc xəbər verir ki, Vatikan nümayəndə heyətinin bu qədim diyarla tanışlığı XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayından başlamışdır.
Sarayın qarşısında kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri şəhər rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanmışdır.
Vatikanlı qonaqların diqqətinə çatdırılmışdır ki, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri, eyni zamanda, sənətin, sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Şəki sənətkarlarının fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. Məlumat verilmişdir ki, Şəki, həm də dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki xanlarının sarayı 1761-1762-ci illərdə tikilmişdir. İkimərtəbəli, 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarət olan sarayın tikintisində mismar və yapışqandan istifadə olunmamışdır. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. İkinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə böyük maraq doğurur. Yüksək sənətkarlıqla hazırlanmış şəbəkənin hər kvadratmetri bir-birinə geydirilən 5 min xırda hissədən ibarətdir.
Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları qonaqlarda böyük maraq doğurmuşdur. Diqqətə çatdırılmışdır ki, ötən il Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur.
Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etmiş, sarayın önündə xatirə şəkilləri çəkdirmişlər. Şəkiyə səfərləri çərçivəsində vatikanlı qonaqlar Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət etmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilmişdir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunur.
Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, orta tunc-antik dövrünə aid saxsı qablar, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar, habelə məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr qonaqların böyük marağına səbəb olmuşdur.
Kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri məbədin həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olmuş, yerli kamera ansamblının ifasını dinləmişlər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov kardinala Şəki ilə bağlı xatirə hədiyyələri - ipək xalça, ipək məmulatları, albom və buklet hədiyyə etmişdir.
Vatikan
Dövlətinin mədəniyyət üzrə pontifik
şurasının prezidenti kardinal Canfranko Ravazi və
nümayəndə heyətinin üzvləri Şəkidən
xoş və zəngin təəssüratlarla
ayrılmışlar.
Azərbaycan.-2013.- 6 noyabr.- S.2.