Qəbələ rayonu
ilə tanışlıq vatikanlı qonaqda
xoş təəssüratlar
yaratmışdır
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 5-də Qəbələ rayonunda olmuşdur.
AzərTAc xəbər verir ki, qonağı Qəbələ Beynəlxalq Hava Limanında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılamışdır.
Canfranko Ravaziyə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə əldə edilən uğurlar haqqında ətraflı məlumat verilmişdir.
Əvvəlcə nümayəndə heyəti Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində olmuşdur. Məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun indiyədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və burada aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri cəlb etmişdir. Kardinal Canfranko Ravazi muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Sonra qonaqlar "Beltmann" piano fabrikində olmuşlar. Məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar ayrı-ayrı istehsal sahələrində yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Qonaqlar hazırlanan pianoların sərgisinə baxmışlar.
Nümayəndə heyəti Qəbələ konserv zavodunda da olmuşdur. Məlumat verilmişdir ki, istehsal gücünə və texnoloji avadanlığına görə müəssisənin Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Rayonla tanışlıq zamanı qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.
Nümayəndə heyəti Qəbələnin Nic qəsəbəsindəki "Cotari" Alban kilsəsinə də baş çəkmişdir. Qəsəbədə yaşayan azsaylı xalqların yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanan qonaqlara məlumat verilmişdir ki, "Cotari" Alban kilsəsi Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. Diqqətə çatdırılmışdır ki, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udinlər mehriban şəraitdə bir yerdə yaşayırlar.
Rayondan xoş təəssüratla ayrılan Canfranko Ravazi Qəbələnin tarixi, mədəni, nadir təbii-iqlim şəraitinə malik gözəl bir məkan olduğunu söyləmişdir.
Vatikanın
mədəniyyət üzrə pontifik şurasının
prezidentinə xatirə hədiyyəsi təqdim edilmişdir.
Azərbaycan.-2013.- 6 noyabr.- S.2.