Heydər Əliyev Mərkəzinin
binasının arxitektura təqdimatı keçirilmişdir
Noyabrın 5-də Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı olmuşdur.
Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar və müasir memarlığın şah əsərlərindən olan Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli Zaha Hadid iştirak etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu münasibətlə təşkil edilən konsertdə olmuşlar.
AzərTAc xəbər verir ki, nəzərlər yenidən müasir Bakının memarlıq rəmzi olan, qeyri-adi görünüşü ilə paytaxtımıza xüsusi yaraşıq verən Heydər Əliyev Mərkəzinin binasına yönəlmişdir. Mərkəzin binasının arxitektura təqdimatına həsr olunan mərasim Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlıq imkanı yaratmış, layihənin memarlıq özəlliklərini, Heydər Əliyev Mərkəzinin binasının dünya memarlığındakı rolunun diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisəyə çevrilmişdir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək demişdir ki, Azərbaycan özünəməxsus memarlığı ilə daim fərqlənmişdir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizin yeni siması formalaşdırılır, paytaxt Bakını daha da gözəlləşdirən müasir memarlıq nümunələri yaradılır. Son illərdə Bakıda tikilən, ideya və arxitektura baxımından diqqəti cəlb edən nadir memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzinin binasıdır.
Anar Ələkbərov bildirmişdir ki, Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi, Heydər Əliyev Mərkəzinin binası da arxitektura incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir.
Mərkəzin direktoru öz nadirliyi ilə seçilən bu binanın layihəsini məhz doğma Bakımızda həyata keçirdiyinə görə Zaha Hadidə təşəkkürünü bildirmişdir.
Sonra Heydər Əliyev Mərkəzinin memarı, arxitektura sahəsində nüfuzlu "Pritzker" mükafatının sahibi Zaha Hadid çıxış etmişdir. O, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkürünü bildirmişdir. Əslində, imkansız tapşırıq kimi görünən bu binanın inşasının onlar üçün gözəl təcrübə olduğunu deyən dünya şöhrətli memar Zaha Hadid layihənin uğurlu icrasında iştirak edənlərin hər birinə və komandasının üzvlərinə bir daha təşəkkürünü çatdırmışdır.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, əməkdar memar Elbəy Qasımzadə ötən əsrin əvvəlində olduğu kimi, bu gün də Azərbaycanda milli və Avropa memarlığının şah əsərlərinin yaradıldığını demişdir. O, Zaha Hadidin Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçildiyini elan edərək "Akademik Mikayıl Hüseynov medalı"nı Zaha Hadidə təqdim etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görkəmli memar Zaha Hadid ilə görüşdülər.
Görüşdə mərkəzin inşasının Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğu vurğulanmışdır.
Zaha Hadidə üzərində Heydər Əliyev Mərkəzinin binasının təsvir olunduğu xalça hədiyyə edilmişdir.
Sonra Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatına həsr olunan konsert proqramı nümayiş etdirilmişdir. Azərbaycan incəsənət ustaları maraqlı və rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Beləliklə, Bakıda nadir memarlıq abidəsinin - Heydər Əliyev Mərkəzinin tikilməsi müstəqillik tariximizin ən böyük hadisələrindən biridir. Bu mərkəzin yaradılması ölkəmizin və xalqımızın sahib olduğu dəyərlərin nə qədər güclü təməllər üzərində qurulduğunu göstərir. Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu Bakıda ucaldılan bu nadir memarlıq abidəsi möhtəşəm görünüşü və əzəməti ilə müasir paytaxtımızın simasını daha da gözəlləşdirir.
Konsertdən
sonra mərasim iştirakçılarının şərəfinə
ziyafət verilmişdir.
Azərbaycan.-2013.- 6 noyabr.- S.3.