Beynəlxalq Humanitar Forumun iştirakçılarından bir qrupu
Naxçıvan
Muxtar Respublikasına səfər etmişdir
Bakıda keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
AzərTAc xəbər verir ki, tanışlıq məqsədi ilə reallaşdırılan səfərin birinci günü qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olmuşlar. Burada onlara ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilmişdir. Sonra muxtar respublikanın qonaqları Naxçıvan şəhərindəki Xalça Muzeyini, əl işlərinin sərgi-satış mağazasını, Heydər Əliyev Sarayını, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyini ziyarət etmişlər. Forum iştirakçıları ilk dəfə Şərqdə qadının şərəfinə ucaldılmış abidə olan Möminə xatın türbəsinə maraqla baxmışlar. Açıq Səma Altında Muzey, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların ən çox maraq göstərdiyi məkanlardan olmuşdur.
Səfərin ikinci günü qonaqlar Ordubad şəhərinə səfər edərək bu bölgənin qədim abidələrindən birində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə gəlmiş, buradakı eksponatlarla tanış olmuşlar. Qonaqlara Ordubadın tarixi, adət-ənənələri, dünəni və bu günü haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar üçün Dübəndi çayı üzərində yerləşən kafedə çay süfrəsi təşkil olunmuşdur.
Sonra qonaqlar
Əshabi-Kəhfi ziyarət etmişlər. AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
Hacı Qadir Qədirzadə ziyarətgah
haqqında qonaqlara ətraflı məlumat
vermişdir. Bakıya qayıtmazdan öncə
isə qonaqlara Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili
Dram Teatrında konsert
proqramı təqdim edilmişdir. Sonra qonaqlar
Naxçıvan Dövlət Universitetinin
kampusunu gəzmişlər.
Azərbaycan.-2013.- 6 noyabr.- S.4.