Humanitar əməkdaşlıq
xalqları və ölkələri bir-birinə
yaxınlaşdırır
Humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır.
Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
İndiyədək Azərbaycan bu cür çoxsaylı tədbirlərə ev sahibliyi edib. 2009-cu il oktyabrın 13-14-də, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə də ISESCO, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı ilə respublikamızda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. 2011-ci il aprelin 7-də Bakıda 20 ölkədən 435 qonağın, o cümlədən Avropa Şurası Parlament Assambleyası, ISESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumu keçirilmişdir. O cümlədən ölkəmizdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bir sıra tədbirlər - "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü", "Gənclər sivilizasiyaların alyansı naminə" mövzularında beynəlxalq konfranslar, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum, "Dünya gənclərinin 4-cü məşğulluq sammiti" və s. keçirilmişdir.
Sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanist məsələlərin müzakirəsi istiqamətində də yeni platformanı formalaşdırmaq zərurətini yaradır. Bu zərurəti nəzərə alan Azərbaycan humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslərlə çıxış edir.
Bu baxımdan Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.
Humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə tutulmuş forumun məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. İlk forumda multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunmuşdu.
Ötən ilin oktyabrında keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkədən, 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdi. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadim idi. Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə "dəyirmi masa"lar təşkil olundu. Bunlar iqtisadi inkişaf modellərinin humanitar aspektləri, konvergensiya edən texnologiyalar və gələcəyin konturları, müasir KİV-lər və yeni çağırışlar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar, multikulturalizm və mədəni özünüdərk, cəmiyyətin həyatında multikulturalizm məsələlərinə həsr olunmuşdu.
Bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bu forumda da dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak etdi. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardı. İki gün ərzində forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edildi. Belə ki, forumda "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövründə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzularında "dəyirmi masa"lar keçirildi.
Bakı Beynəlxalq Humanitar Forumu XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair genişspektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Forumun açılışında Prezident İlham Əliyev bu barədə deyib: "Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu, böyük, şərəfli missiyadır. Eyni zamanda, böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir. Mən əminəm ki, forum iştirakçıları bütün mövzularla bağlı öz fikirlərini bölüşəcəklər. Burada aparılacaq müzakirələr çox maraqlı olacaqdır. Mən bunu bilirəm. Əminəm ki, bu müzakirələr, qəbul edilmiş qərarlar və gələcək birgə fəaliyyətimiz dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına böyük töhfə olacaqdır".
Qeyd edək ki, "dəyirmi masa"larda iştirakçıların çıxışları bugünkü dünyada humanitar məsələlərin həllinin nə qədər vacib olduğunu bir daha göstərdi. Bütün bunlarla bağlı Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının mövqeyi yekunda qəbul olunan Bakı Bəyannaməsində öz əksini tapmışdır. III Bakı Beynəlxalq Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrinin Bakıda toplaşmış siyasət, elm, təhsil və mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri Bəyannamədə bir çox məsələlərlə yanaşı, multikulturalizm sahəsində ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edir və müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri sayırlar. Ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısının alınması və eyni zamanda, tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini xüsusi qeyd edən forum iştirakçıları bununla yanaşı, mədəniyyətlərin dialoqunun gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması məqsədilə beynəlxalq strukturları və müxtəlif humanitar təşkilatları mütəmadi olaraq forum, konfrans, diskussiya və "dəyirmi masa"lar keçirməyə çağırır, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Humanitar Forumunun bütün təşkilatçılarına Bakını humanitar problemlər üzrə diskussiya mərkəzinə çevirən belə möhtəşəm aksiyanı təşkil etdiklərinə görə dərin təşəkkürlərini bildirirlər.
Təbii ki, qarşıdan gələn illərdə ölkəmizdə keçirilən belə beynəlxalq səviyyəli tədbirlərin sayı artacaq. Çünki Azərbaycanın sürətli inkişafı, dünya birliyində nüfuzunun artması tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən belə konfransların, forumların tez-tez keçirilməsinə imkan verir. Bu isə öz növbəsində, qloballaşan dünyada dialoqa, qarşılıqlı anlaşmaya kömək edən amillərdir.
Digər tərəfdən, Azərbaycanın coğrafi vəziyyəti də onun bu mövqeyini gücləndirən əsas şərtlərdən biridir. Bu mənada Avropa ilə Asiyanın qovuşduğu, müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi bir yerdə artıq neçə illərdir tolerantlığı, dini dözümlülüyü ilə seçilən, dünyanın bir çox inkişaf etmiş ölkəsinə örnək olan Azərbaycan cəmiyyəti belə tədbirlərə, mərasimlərə ev sahibliyi etməkdə tam haqlıdır. Bakı platforması isə qloballaşan dünyada humanitar dəyərlərin qorunmasına və inkişafına xidmət edəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 6 noyabr.- S.4.