«Al-Monitor» beynəlxalq jurnalının «Türkiyənin nəbzi» buraxılışında Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məqalə dərc olunmuşdur

 

Nüfuzlu beynəlxalq  "Al-Monitor" jurnalının "Türkiyənin nəbzi" buraxılışında Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan beynəlxalq məsələlər üzrə şərhçi Tülin Daloğlunun  "Türkiyə-Azərbaycan əlaqələri çox möhkəmdir" məqaləsi dərc olunmuşdur.

Məqalədə bildirilir ki, bu gün Azərbaycanın təşəbbüsləri təkcə bu ölkə üçün deyil, bütün region üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, "bizim səylərimiz, ilk növbədə, Azərbaycan xalqının daha yaxşı yaşamasına yönəlmişdir". Rəsmi Bakı, eyni zamanda qonşu ölkələrlə əlaqələrin möhkəmlənməsinə də xüsusi diqqət yetirir. Azərbaycanın dövlət başçısı vurğulamışdır ki, bütün regional təşəbbüslər qonşu ölkələrlə dostluq, tərəfdaşlıq və bərabər hüquqlu əlaqələrin güclənməsinə xidmət edir.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyevin güclü iradəsini də vurğulamışdır. Məqalədə dövlət başçısının forumdakı nitqindən "...hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıbdır. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər", sitatı verilmişdir.

Məqalənin sonunda Azərbaycanın Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələri, ölkəmizin Türkiyənin tarixində 17 milyard dollar sərmayə yatırmaqla ən böyük sərmayədar olacağı da vurğulanmışdır.

İngilis dilində dərc olunmuş məqalənin tam mətnini  http://www.al-monitor.com/pulse/originals/2013/11/azerbaijan-turkey-relations-russia.html internet saytında oxuya bilərsiniz.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.-  6 noyabr.- S.4.