Londonda Azərbaycan biznes
forumu
Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ənənəvi biznes forum keçirilmişdir.
Forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri açan AAC-ın biznes əlaqələndiricisi Venesa Rain forum haqqında məlumat vermişdir. Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edən V.Rain ölkəmizdə son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışmışdır. Təmsil etdiyi qurum haqqında da məlumat verən xanım V.Rein AAC-ın Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin daha da inkişafına verdiyi töhfələrini diqqətə çatdırmışdır.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafı haqqında statistik rəqəmlərlə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, ümumi daxili məhsulun adambaşına düşən həcmində ötən illərlə müqayisədə xeyli artım müşahidə edilmişdir. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafından bəhs edən səfir sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, turizm və digər sahələrdə artım olduğunu vurğulamışdır. İnflyasiyanın azaldığı, iqtisadiyyata yatırılan investisiyanın isə artırıldığı bildirilmişdir.
Azərbaycanın təbii qaz ixracı potensialı haqqında danışan F.Qurbanov TANAP layihəsi haqqında məlumat vermiş, "Şahdəniz" yatağından təbii qazın Avropa bazarlarına nəqlini təmin edəcək layihənin həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına tam uyğun olduğunu bildirmişdir.
Ölkəmizin gələcək inkişaf planları haqqında da danışan səfir "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası haqqında ətraflı məlumat vermişdir. Konsepsiya çərçivəsində hədəfimizin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının beynəlxalq standartlara tam uyğunlaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə edilməsi olduğu diqqətə çatdırılmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Orxan Məmmədov Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu demişdir. Bildirilmişdir ki, Aİ ölkələri Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcminə görə öncül yer tutur və ölkəmizin əsas xarici ticarət tərəfdaşları sırasındadır. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayan Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaratmışdır. Artıq bir sıra Azərbaycan şirkətləri Avropa ölkələrinə investisiya yatırmışlar və müxtəlif layihələrin icrasında uğurla iştirak edirlər. Bu ölkələr sırasında Böyük Britaniyanın öncül mövqe tutduğu diqqətə çatdırılmışdır.
AAC-ın sədri Tale Heydərov demişdir ki, bu forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. Tale Heydərov forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırmışdır.
Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarls Hendri Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı ticarət əlaqələri haqqında məlumat vermiş, münasibətlərimizin hər il daha da inkişaf etdiyini bildirmişdir. Əlaqələrimizin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə davamlı inkişafda olduğunu deyən Ç.Hendri təhsil sahəsini xüsusi vurğulayaraq azərbaycanlı tələbələrin Birləşmiş Krallıq universitetlərinə üstünlük vermələrini yüksək qiymətləndirmişdir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev sahibkarlığın inkişaf etdirilməsinin Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu bildirmişdir. Deputat maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumi daxili məhsul istehsalında xüsusi çəkisi artmış, ölkəmizdə güclü sahibkarlar təbəqəsi formalaşmışdır. C.Feyziyev Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulamışdır.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışmış, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat vermiş, respublikamızın xarici investisiyalar üçün cəlbedici bir məkan olduğunu vurğulamışdır.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev Böyük Britaniya ilə Azərbaycan arasındakı investisiya əlaqələri haqqında məlumat vermişdir. Azərbaycanın Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən İ.Əliyev hər iki ölkədən sahibkarların qarşılıqlı yatırımlarda fəal olduqlarını vurğulamışdır. İ.Əliyev dünyanın müxtəlif ölkələri tərəfindən Azərbaycanın həm neft, həm də qeyri-neft sektorlarına yatırımların artmaqda davam etdiyini vurğulamışdır.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə ölkəmizin son illərdəki sürətli inkişafından danışmışdır. Bakının gündən-günə gözəlləşdiyini diqqətə çatdıran diplomat bu möhtəşəm şəhərin hər il daha çox xarici turisti özünə cəlb etdiyini vurğulamışdır.
Azərbaycanın mədəniyyət, enerji və bir çox sahələrdəki inkişafının təqdirəlayiq olduğunu deyən M.Brayzə bundan sonra da uğurların davam edəcəyinə əminliyini bildirmişdir.
Daha sonra forum iştirakçılarının sualları cavablandırılmışdır.
Forum sessiyalar üzrə
işini davam etdirmişdir.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 6 noyabr.- S.5.