Mədəniyyət Diplomatiyası üzrə
İnstitutun Vaşinqton
konfransında Azərbaycan
haqqında danışılmışdır
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov noyabrın 4-də Mədəniyyət Diplomatiyası üzrə İnstitutun Vaşinqton konfransında çıxış etmişdir. Qərargahı Almaniyanın Berlin şəhərində yerləşən Mədəniyyət Diplomatiyası üzrə İnstitutun bu konfransı "Qitələr arasında əməkdaşlıq üzrə zirvə görüşü" adı altında noyabrın 4-də öz işinə başlamışdır və 3 gün davam edəcəkdir.
E.Süleymanovun məruzəsi "BMT Təhlükəsizlik Şurası və beynəlxalq hüquq" mövzusuna həsr olunmuşdur. O, Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri olduğunu xatırlatmış, cəmi 22 il müstəqillik tarixinə malik ölkəmizin ilk dəfə, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri arasında birinci olaraq dünyanın ən mötəbər beynəlxalq qurumuna seçilməsinin respublikamız üçün çox əlamətdar hadisə olduğunu bildirmişdir. Səfir bu uğurun Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlərin göstəricisi olduğunu və Təhlükəsizlik Şurasının üzvü kimi ölkəmizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə vermək üçün səylərini əsirgəmədiyini söyləmişdir.
Diplomat BMT Təhlükəsizlik Şurasının strukturu, fəaliyyət prinsipləri, vəzifələri və məqsədlərindən danışmış, təşkilatın qəbul etdiyi qərarların yaratdığı beynəlxalq hüquq öhdəlikləri və onların icra mexanizmləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Təhlükəsizlik Şurasının qərarlarının icrası kontekstində E.Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun hələ 1993-cü ildə dörd qətnamə qəbul etdiyini xatırlatmış, 20 il keçməsinə baxmayaraq, Ermənistanın bu qətnamələri yerinə yetirməkdən imtina etdiyini, beynəlxalq ictimaiyyətin isə bu məsələyə lazımı münasibət bildirmədiyini vurğulamışdır.
Səfir Mədəniyyət Diplomatiyası üzrə İnstitutun fəaliyyətini təqdir etmiş, Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqun təşviqinə verdiyi önəmi vurğulamışdır. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundan danışan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılışında söylədiyi nitqdən sitatlar gətirmiş, dövlət başçısının dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək sahəsində medianın roluna dair fikirlərini bölüşmüşdür.
Konfrans iştirakçılarının suallarını cavablandıran E.Süleymanov Azərbaycanda müxtəlif etnik və dini qruplara mənsub insanların yaşadıqları qarşılıqlı anlaşma və hörmət mühitindən bəhs etmiş, bu baxımdan Azərbaycanın digər ölkələr üçün nümunə ola biləcəyini söyləmişdir. O, Azərbaycanın dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun da yerli və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırmışdır.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2013.- 6 noyabr.- S.5.