Nüfuzlu «The Hill» qəzeti konqresmen Cim Braydenstaynın
Azərbaycan haqqında məqaləsini
dərc etmişdir
ABŞ-da çıxan nüfuzlu "The Hill" qəzeti Ohayo ştatından konqresmen Cim Brandenstaynın "Prezident Obama ABŞ-ın dostları ilə yaxşı davranmalıdır" sərlövhəli məqaləsini dərc etmişdir. Ohayo ştatından olan qanunverici yazır ki, "düşmənləri ilə dostlarından yaxşı rəftar edən ölkə düşmənlərinin sayı artanda, dostları isə azalanda təəccüblənməməlidir".
İran ilə ABŞ-ın siyasi qarşıdurmasından danışan və bu qarşıdurmanı ABŞ-Azərbaycan münasibətləri ilə müqayisə edən konqresmen yazır ki, Azərbaycan nüvə silahının yayılmasına qarşı mübarizə aparır, onun əsgərləri Əfqanıstanda antiterror koalisiyada iştirak edir. Ölkə dünyəviləşmənin parlaq nümunəsidir. Burada xristianlar ilə yəhudilər ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlarla eyni hüquqlara malikdirlər.
Sonra konqresmen Barak Obama Administrasiyasının İran rəhbərliyinə münasibətini, o cümlədən builki prezident seçkiləri başa çatandan sonra Prezident B.Obamanın Prezident Ruhanini təbrik etməsini təhlil edir. Azərbaycana gəldikdə isə Dövlət Departamenti bu ölkəni tənqid etmişdir. C.Braydenstayn yazır ki, müstəqilliyini 22 il əvvəl bərpa edən Azərbaycan Rusiya və İrandan müstəqil olan siyasət yürüdür. Azərbaycan demokratikləşmə yolunda da qətiyyətli addımlar atır. Rəsmi Bakının 2013-cü ildə Azərbaycanda prezident seçkilərinə 1400 xarici müşahidəçi dəvət etməsi də bura daxildir. Avropa Şurasının Parlament Assambleyası hesabatında bildirmişdir ki, seçki prosesi ümumən azad, ədalətli və şəffaf olmuşdur. Adətən qətiyyətlə tənqid edən Avropa İttifaqının müsbət rəyi nikbinlik üçün səbəb ola bilər. ABŞ başa düşməlidir ki, demokratik mükəmməllik birdən-birə baş vermir. C.Braydenstayn demişdir: "Biz Azərbaycan kimi dostları - enerji resursları ilə zəngin olan Xəzər dənizinin sahilində, Asiya, Avropa və Yaxın Şərqin kəsişməsində yerləşən bir ölkəni dəstəkləməliyik". Azərbaycan İraq və Əfqanıstanda əməliyyatlara qətiyyətli dəstək göstərmişdir. Oklahoma ştatının Milli Qvardiyası terrorizmə, nüvə silahlının yayılmasına və narkotrafikə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi üçün 2002-ci ildən Azərbaycanın güc strukturları ilə əməkdaşlıq edir. Konqresmen Avropanın və İsrailin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsini xüsusi vurğulamışdır.
Amerikalı qanunverici sonda ABŞ-a müraciət edərək müttəfiqi Azərbaycanı dəstəkləməyə çağırmışdır.
Xatırladaq
ki, Cim Braydenstayn ABŞ Konqresində Oklahoma ştatının 1-ci seçki
dairəsini təmsil edir və Nümayəndələr
Palatasının ABŞ Silahlı Qüvvələrinin
işləri üzrə Komissiyasının
üzvüdür.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2013.- 6 noyabr.- S.5.