Sumqayıt - tərəqqinin yeni ünvanı

 

Sumqayıtda aparılan yenidənqurma və quruculuq işləri şəhərə  yeniliklər gətirib. Getdikcə vüsət alan genişmiqyaslı abadlıq işləri nəticəsində Sumqayıtın siması dəyişib. Öz görkəmi və müasirliyi ilə Bakı standartlarına yaxınlaşan, dünyanın müasir şəhərləri ilə bəhsə girən Sumqayıt tərəqqinin  yeni ünvanına çevrilmişdir.

Sumqayıtda həyata keçirilən layihələrin, abadlıq-quruculuq işlərinin sırasına qoşulan ənənəvi tədbirlərdən biri də şəhərdə nümunəvi məhəllə və mikrorayonların yaradılmasıdır. Son iki il ərzində şəhərin bir çox ərazisində  neçə-neçə belə məhəllə yaradılıb. Şəhər əhalisinin arzuları nəzərə alınaraq, mikrorayonların nümunəvi hala gətirilməsi üçün xüsusi proqram da qəbul edilib.

Şəhərin 9-cu mikrorayonu ərazisində bir müddət əvvəl  sakinlər yaşayış massivinin abadlaşdırılması məqsədilə əlaqədar təşkilatlara müraciətlər etmişdilər. Şəhər icra hakimiyyəti tərəfindən onların arzuları nəzərə alınmış və belə bir nümunəvi qəsəbənin yaradılmasına start verilmişdi. Az bir zaman kəsiyində burada xeyli görülmüşdü. Mikrorayonun mərkəzində yaraşıqlı idman meydançası inşa edilmişdi. Həmin ərazidə xeyli ağac əkilmişdi, əhalinin istirahəti üçün oturacaqlar quraşdırılmışdı. Mikrorayon sakinləri bu yeniliklərə görə şəhər icra hakimiyyətinə dərin minnətdarlığını bildirmişlər. Belə ki, uşaqlar da, gənclər də, yaşlılar da asudə vaxtlarını öz həyətlərində istədikləri kimi keçirə bilir, göz oxşayan parkda dincəlirlər. Bu gözəllik, müasirlik sakinlərin hədsiz sevincinə səbəb olub.  İdman meydançası yeniyetmə və gənclərin də maraqlı istirahətinə şərait yaradır və boş vaxt keçirməyə meyilli olanları da özünə cəlb edir. O da fakdır ki, abad məhəllələr, yeni qurulan parklar, istirahət mərkəzləri dünyanın bütün şəhərlərində  gənclər və yeniyetmələr arasında cinayət hallarının azalmasına səbəb olur, şəhər əhalisinin dinc və əmin-amanlıq şəraitində yaşamasına zəmin yaradır. Bu baxımdan Sumqayıt ən dinc şəhərlərdən biridir.

Şəhərin çox yerində olduğu kimi, 9-cu mikrorayonda da yollar təmir olunmuş, səkilərə bardürlər düzülmüşdür. Həmçinin səkilərin kənarında müxtəlif növdə ağaclar əkilmiş, onların ətrafına bəzək kolları basdırılmışdır. Yaşayış binalarının zirzəmilərində illər uzunu yığılıb qalmış çirkab sular təmizlənmiş, kanalizasiya  qurğuları və bir neçə binanı birləşdirən işıqlandırma sistemləri yeniləri ilə əvəzlənmişdir.

9-cu mikrorayonda yaradılan nümunəvi məhəllənin açılış mərasimini sakinlər əsl bayram kimi qarşıladılar. Mərasimə təkcə həmin yaşayış ərazisinin deyil,  Sumqayıtın  bütün məhəllə və mikrorayonlarının sakinləri, ictimaiyyətin nümayəndələri təşrif buyurmuşdular.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin sumqayıtlılara diqqət və qayğısı nəticəsində şəhərimiz irimiqyaslı layihələrə imza atır. Bu gün dünyanın ən nüfuzlu təşkilatlarına rəhbərlik edən ölkəmizin inkişaf mexanizmi bütün dünyanın  diqqət mərkəzindədir və onun öyrənilməsi üçün respublikamıza xarici ölkələrdən xüsusi səfərlər təşkil olunur. Bu kontekstdə Sumqayıtın da öz yeri var. Bakı standartlarına yaxınlaşan Sumqayıtda həyata keçirilən layihələr respublika, bəzən də ölkələrarası əhəmiyyət daşıyır.

E. Əzizov onu da vurğuladı ki, ölkə başçısının xüsusi sərəncamı və göstərişi ilə həyata keçirilən layihələr sumqayıtlıların üzərinə düşən məsuliyyəti bir qədər də artırır, onları daha yaxşı işləməyə ruhlandırır. Sumqayıt bu gün  uğurlarının sırasını sürətlə artırır.

E.Əzizov bildirdi ki, yaradılan bu nümunəvi məhəllə sonuncu deyil. Gələn ay daha bir nümunəvi məhəllə də istifadəyə veriləcək.

Hər dəfə olduğu kimi, keçirilən bu tədbirə də Sumqayıtın bütün əlaqədar təşkilatlarının rəhbərləri dəvət olunmuşdu. "Açıq mikrofon" qurulmuşdu. Şəhər sakinləri sual verir, təkliflərini, iradlarını bildirir və yerindəcə müvafiq idarənin rəhbərliyinin cavabını eşidirdilər. Yerli icra hakimiyyətinin rəhbərləri ilə səhər sakinlərinin belə canlı dialoqu artıq ənənə halını almışdır. Tənqidi fikirlərin diqqətlə dinlənilməsi, iradlara konstruktiv yanaşma şəhər sakinləri ilə hakimiyyət nümayəndələri arasında yaranan səmimi münasibətin və qarşılıqlı inamın daha da dərinləşməsinə təkan verir. Eyni zamanda, minlərlə insanın qarşısında qaldırılan məsələlərə münasibət bildirən dövlət məmurlarının da məsuliyyəti artır.

Tədbirdə şəhər sakinlərindən Fikrət Qasımov, Validə Hüseynova, Vüqar Əbilov,  Miryaqub Salahov, Milayət Abışov, Qənbər Hüseynov, Nərminə Hacıyeva, Məhəmməd Mütəllimov, Sadiq Əliyev, Maya Abdulova və digərləri  dövlət başçısına onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Onların söylədikləri problemlərə gəldikdə isə yerli təşkilatların rəhbərlərinə birbaşa göstərişlər verildi və qaldırılan məsələlərin həlli üçün  operativ tədbirlərin görülməsi tapşırıldı.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sonda uğurlarla yanaşı, deyilən iradlara da öz münasibətini bildirdi.  Uğurlar arxayınçılıq yaratmamalıdır, məsuliyyəti artırmaq, yeni perspektivlərə istiqamət götürmək üçündür. İradlara gəldikdə isə bir anda bütün işlərin öhdəsindən gəlmək olmur. Biz çalışacağıq ki, ortaya çıxan bütün problemləri həll edək. Bu işdə yerli icra  hakimiyyəti orqanları da, şəhər sakinləri də eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu günədək yaradıb qurduqlarımızın qorunması təkcə əlaqədar təşkilatların deyil, sakinlərimizin də diqqətində olmalıdır. Şəhərimizin inkişafı hər birimizdən asılıdır.

Mərasim konsert proqramı ilə başa çatdı.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2013.-  6 noyabr.- S.6.