Kiçik vücudu ilə böyük xarüqələr yaradan idmançı

 

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı, idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur.

Bu gün Azərbaycanda idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti nəticəsində onun maddi-texniki bazası formalaşdırılmış, idmanın hər bir növü ilə məşğul olmaq üçün geniş  şərait yaradılmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə MOK-nın Azərbaycan idmanına verdiyi töhfələrdən biri də gimnastikanın inkişafıdır. 2002-ci il oktyabrın 7-də ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə gimnastikanın yeni inkişaf mərhələsi başlamışdır. Federasiyanın prezidenti ilk güdən gimnastikanın inkişaf etdirilməsi, təbliğinin gücləndirilməsi və gənclərin bu idman növünə cəlb olunması, ölkədə kütləvi yarışların keçirilməsi, eləcə də Azərbaycanı beynəlxalq arenada təmsil etmək vəzifəsini qarşıya qoydu. Son 10 ildə Gimnastika Federasiyası gimnastikanın ölkəmizdə təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görmüşdür.

Belə istedadlı yeniyetmələrdən biriEmin Gülməmmədlidir. 14 yaşlı idmançı gimnastikanın akrobatika növü ilə məşğul olur.  Məktəbə getdiyi ilk illərdə valideynləri Eminin plastikasını, akrobatik çevikliklə etdiyi qeyri-adi hərəkətləri müşahidə etdikcə, onun doğrudan da, xüsusi istedada malik olduğunu görürlər. Məlum olur ki, gimnastikanın akrobatika növü Eminin ən sevdiyi idman sahəsidir. Bunu nəzərə alan valideynləri onu Bakı gimnastika məktəbinə yazdırırlar. Artıq 8 ilə yaxındır ki, Emin bu idman növü ilə məşğul olur. Akrobatika həddindən artıq fiziki güc, gimnastika hərəkətlərinin hər variantını tələb  edən bir idman növüdür.

Gimnastika Federasiyasında baş məşqçi Lalə Abdullayevaxoreoqrafiya müəllimi Yana Cəfərova Eminin çox istedadlı olduğunu görərək, onu bir sıra respublikapaytaxt miqyaslı yarışlarda sınamaq qərarına gəlirlər. O, müəllimlərinin ümidlərini doğruldaraq bir sıra uğurlara imza atır. Dəfələrlə respublikapaytaxt yarışlarında birinci yerə layiq görülür.

Artıq Emin sərhədləri aşaraq beynəlxalq turnirlərə də qatılmağa başlamışdır. Onun bu arenada ilk parlaq uğuru 2012-ci ilin avqust ayında İsveçrənin Vintetur şəhərində keçirilən beynəlxalq turnirdə olmuşdu. Emin 16 ölkədən olan çoxsaylı idmançılar arasında 2-ci yerə layiq görülmüşdür. Yeniyetmə akrobat cari ilin mart-aprel aylarında Portuqaliyanın May şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medalla kifayətlənmişdir. Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq turnirdə 10 ölkə arasında 2-ci yerə, Portuqaliyanın Odvelas şəhərində təşkil olunmuş Avropa çempionatında isə 8 ölkə arasında 5-ci yerə layiq görülmüşdür.

Onu da xüsusilə qeyd edək ki, Emin ötən ilin noyabr ayında Milli Olimpiya Komitəsinin 20 illik yubileyi ilə əlaqədar "Buta Palace"də cənab Prezident İlham Əliyevin qarşısında kiçik vücudu ilə böyük xarüqə yaradaraq mükafatlandırılmışdır. Hazırda bu yaşında idman ustalığına namizədlər sırasındadır. "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvüdür.

E.Gülməmmədli bizimlə söhbəti zamanı qeyd etdi ki, bu az vaxta qədər 36 medal qazanıb ki, 4-ü beynəlxalq miqyaslı yarışların payına düşür: "Bu idman növünü çox sevirəm. Gələcəkdə ən böyük xəyalım Olimpiya oyunlarında ölkəmizə medal qazandırmaq, himnimizi səsləndirməkdir".

Nərimanov rayonunda yerləşən 193 saylı orta məktəbin 9-cu sinfində təhsil alan Emin dərslərindən də geri qalmadığını bildirir: "Dərslərimi də yaxşı oxumağa çalışıram. Məktəbdən gəldikdən sonra bir qədər istirahət edir, sonra 4-5 saat idmanla məşğul oluram".

Eminin uğurları hələ qarşıdadır. Əsas məqsədi isə gələn ilin may ayında Fransada təşkil olunacaq dünya çempionatında qızıl medal qazanmaqdır. İnanırıq ki, yeniyetmə idmançımız qarşısına qoyduğu məqsədə nail olacaq. Beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə ölkəmizin adını zirvələrə qaldıran akrobatımız növbəti turnirdən də qələbə ilə qayıdaraq xalqımızı sevindirəcək.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.-  6 noyabr.- S.7.