«Görkəmli adamların həyatı» seriyasından

 «Heydər Əliyev» kitabı Çin dilində çapdan çıxmışdır

 

Yazıçı Hüseynbala Mirələmovun və Viktor Andriyanovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabı Çin dilində çapdan çıxmışdır.

Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilmiş bu layihə Çin ictimaiyyətini görkəmli dövlət xadimi Heydər Əliyev haqqında daha geniş məlumatlandırmaq, çinli oxucuları ulu öndərin siyasi fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyır.

Səfirliyin ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunmuş kitabın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırmaq mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndəriləcəkdir.

Kitabın Çin dilində olan nəşrinə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov və Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri, Çin xarici işlər nazirinin sabiq müavini Gan Dequan ön söz yazmışlar.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2013.- 7 noyabr.- S. 3.