Şamaxı Astrofizika Rəsədxanasının 60

 illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfrans noyabrın 6-da öz işini başa çatdırmışdır.

Şamaxı Astrofizika Rəsədxanasında keçirilən və üç gün davam edən konfransda Azərbaycan alimləri ilə yanaşı, dünyanın  bir sıra ölkələrindən, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, HindistanTacikistandan gəlmiş nüfuzlu elm adamları iştirak etmişlər. Konfransda rəsədxananın tarixi, qazandığı elmi nailiyyətlər barədə, habelə Günəş-Yer sisteminin öyrənilməsi ilə bağlı maraqlı məruzə və çıxışlar dinlənilmiş, astrofizika elminin qarşısında duran prioritet məsələlərdən bəhs  olunmuşdur. Ümumiyyətlə, konfransda 24 elmi məruzə dinlənilmişdir ki, bu məruzələrin 11-i xarici mütəxəssislərə məxsusdur. Bir çox məruzələr, xüsusilə, Klim Çuryunovun (Ukrayna) "Dip Speys", "Veqa-1" və "Veqa-2" kosmik missiyalarından sonra və "Rozetta"dan əvvəl kometlərin tədqiqindəki nailiyyətlər", Anar Rüstəmovun  (Almanya) "Laboratoriya şəraitində kosmik maddə", İrakli Simoniyanın (Gürcüstan) "Komet buzlarında polisiklik aqomatik hidrokarbonlar", Şaiq Nəbiyevin (Qafqaz Universiteti) "Transneptun obyektlərinin planetlərlə əlaqəsinin mümkünlüyü" və digər mövzulardakı məruzələr xüsusi maraqla qarşılanmışdır.

Beynəlxalq konfransda 60 yaşının qeyd olunduğu Şamaxı Astrofizika Rəsədxanasının nəinki Azərbaycan, habelə dünya elminə böyük töhfələr verdiyi, ümumbəşəri dəyərlərə söykənən xidmətlər göstərdiyi vurğulanmışdır.

Qeyd edək ki, Azərbaycanda astrofizika elmi qədim tarixə malikdirbu tarix XIII əsrin ilk illərində dünya şöhrətli astronom Nəsrəddin Tusinin adı ilə bağlıdır. O vaxt dünyanın ən böyük teleskopu məhz Azərbaycanda qurulmuşdur. Şamaxı Astrofizika Rəsədxanasının da maraqlı yaranma tarixi vardır. Belə ki, hələ 1927-ci ildən başlayaraq Azərbaycanda rəsədxana üçün əlverişli yer seçmək məqsədi ilə  ekspedisiyalara başlanılmışdı. Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarında tədqiqatlar aparılmışdı. Nəhayət, 1953-cü ildə coğrafi üstünlükləri nəzərə alınaraq, rəsədxananın dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Pirqulu ərazisində tikilməsinə qərar verilmişdi.

Burada il ərzində aydın gecələrin sayı 190-200-ə çatır. Şamaxı rəsədxanası bu gün dünyanın mindən artıq rəsədxanası arasında teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra digər parametrlərinə görə önəmli yerlərdən birini tutur.

Bu möhtəşəm elm ocağında indiyədək minlərlə səma cisminin xassələri öyrənilmiş, rəsədxana bir sıra kosmik proqramlarda iştirak etmişdir. Onun əməkdaşlarının aldıqları elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, MarsAy planetlərinə məxsus bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının, habelə Azərbaycanın, Nizami Gəncəvinin, Hüseyn Cavidin, Müslüm Maqomayevin adını daşıyır.

Ötən əsrin 70-ci illərində rəsədxananın elmi işçisi Nadir İbrahimovun kəşfi dünya astrofizika elmi sahəsində böyük rezonans doğurmuşdu. Belə ki, o, astronomiya tarixində ilk dəfə olaraq Yupiter planetinin Lo adlı peykində vulkanik püskürmələri kəşf etmişdir. Həmin kəşfə görə Mars planetinin kraterlərindən birinə Nadir İbrahimovun adı verilmişdir.

1981-ci ildə rəsədxananın aparıcı elmi işçisi Sabir Əliyev maqnit ulduzlarının atmosferində ən ağır elementlərin olduğunu sübut edən elmi məqalə yazmışdı. Onun əldə etdiyi elmi nəticə 1983-cü ildə "Astron" süni peyki vasitəsi ilə təsdiq olunmuşdu.

Şamaxı Astrofizika Rəsədxanası bu gün AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Bu proqram dünya elminin ən önəmli və prioritet problemləri ilə uzlaşdırılmışdır.   Rəsədxanada qalaktikaların, ulduzların, planetar dumanlıqların, Günəşin və Günəş sistemi planetlərinin müşahidəsi aparılır. Günəş-Yer əlaqələri problemi çərçivəsində respublikanın səhiyyə, energetika strukturları ilə birgə işlər görülür. Rəsədxana eyni zamanda, Azərbaycan elminin təbliğində çox önəmli rol oynayır. Bura hər il minlərlə turist, xarici qonaq gəlir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rəsədxananın fəaliyyəti tamamilə yeniləşmişdir.  Belə ki, Prezidentin Ehtiyat Fondundan ayrılmış 8 milyon vəsait hesabına burada əsaslı təmir və yenidənqurma işləri aparılmış, elmi-tədqiqat mərkəzinin maddi-texniki bazası gücləndirilmiş, rəsədxana müasir avadanlıqlarla təchiz olunmuş, alimlərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Beynəlxalq konfransda Şamaxı Astrofizika Rəsədxanasının yaranma tarixi, dünya astrofizika elminə verdiyi töhfələr, burada aparılan elmi tədqiqatlar barədə ətraflı və zəngin məlumatlar verilməklə yanaşı, tədbirin bu sahə üzrə çalışan alimlərin bir araya gəlməsi, prioritet məsələlər və problemlər barədə faydalı fikir mübadilələri aparılması baxımından da böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 7 noyabr.- S. 3.