2014-cü ilin dövlət büdcəsi
sosial-iqtisadi
inkişafın davamlı olmasına
təminat yaradacaq
Noyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Elm və təhsil, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Mədəniyyət komitələrinin birgə iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olundu.
İclası aparan Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev dövlət büdcəsi layihəsinin müzakirəsinin ölkənin həyatında mühüm hadisə olduğunu bildirdi. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin layihəsi qanunvericiliyə uyğun hazırlanıb və ona görə də bütün tələblərə cavab verir. Layihədə bütün proqnozlar tam əsaslandırılıb. Ötən dövrlərdə olduğu kimi 2014-cü ilin dövlət büdcəsində də sosialyönümlülük və investisiyatutumluluq priortet götürülüb ki, bu da davamlı inkişafa xidmət edən mühüm amildir.
Şəmsəddin Hacıyev onu da bildirdi ki, gələn ilin büdcə layihəsini fərqləndirən əsas cəhətlərdən biri neft və qeyri-neft gəlirlərinin nisbətinin dəyişməsidir. Belə ki, gələn il dövlət büdcəsinə neft sektorundan daxilolmaların azalması, qeyri-neft sektorundan isə çoxalması proqnozlaşdırılır. Bu da ölkəmizin dinamik inkişafının göstəricisidir.
Büdcə layihəsi iqtisadi inkişafın meyilləri qiymətləndirilməklə tərtib edilib
Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, 2014-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrə müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən amillər və Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib.
Qeyd olunan amillərlə yanaşı, 2014-cü ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ümumi daxili məhsulun 5,2 faizlik, qeyri-neft sektorunda ümumi daxili məhsulun 10 faizlik artım sürəti əsas götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
2014-cü ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, mütləq ifadədə 18 milyard 384 milyon manat, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat çox nəzərdə tutulur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə
9 milyard 337 milyon manat transfert müəyyən edilib. Bu, 2013-cü
illə müqayisədə 2 milyard manat azdır. 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə
dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma
nəzərdə tutulur. Bu, cari ilin proqnozu
ilə müqayisədə 702 milyon manat və ya 11 faiz
çox olacaqdır. Dövlət
Gömrük Komitəsi üzrə isə 1 milyard 510 milyon
manat gəlir proqnozlaşdırılır. Bu da cari illə
müqayisədə 9,4 faiz çoxdur.
Dövlət büdcəsi gəlirlərinin strukturunda
müvafiq dəyişiklik edilməklə, 2014-cü ildən
büdcə təşkilatlarının ödənişli
xidmətlərindən daxilolmaları dövlət büdcəsinin
gəlirlərinə aid edilmiş və bu mənbədən
büdcəyə 400 milyon manat vəsaitin daxil olacağı nəzərdə
tutulur.
2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri
(rayon və şəhərlərin öz yerli gəlirləri)
779 milyon manat proqnozlaşdırılır. Bu cari illə müqayisədə
83 milyon manat və ya 11,9 faiz, 2012-ci ilin
faktiki icra göstəricisi ilə müqayisədə isə
246 milyon manat və ya 46,1 faiz çoxdur.
Gələn
il büdcə xərcləri müstəqillik
dövründə ən yüksək səviyyəyə
çatacaq
Mütləq ifadədə dövlət büdcəsinin
xərcləri müstəqilliyimiz dövründə hələlik
ən yüksək həddə çatmaqla, 20 milyard 63 milyon
manat olacaq. Bu da 2013-cü ilə nisbətən
1,1 faiz və ya 213 milyon manat çoxdur.
2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə
isə bu məbləğ 2 milyard 647 milyon manat və yaxud 15,2 faiz çox deməkdir.
2014-cü
il üçün dövlət büdcəsi
xərclərinin strukturuna uyğun olaraq cari, əsaslı və
dövlət borcuna xidmətlə bağlı xərclərin
optimal hədləri müəyyən edilib. Dövlət
büdcəsi xərclərinin 10 milyard 882 milyon manatı cari
xərclərə (2013-cü ilə nisbətən 8,9 faiz çox), 8 milyard 401 milyon manatı əsaslı
xərclərə, 781 milyon manatı dövlət borcuna xidmətlə
bağlı xərclərə yönəldiləcək.
Ümumiyyətlə isə bu ilə nisbətən 2014-cü
ildə sosial müdafiə və sosial təminat xərcləri
14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə
xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət,
incəsənət, informasiya və idman xərcləri 7,5
faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət
xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri
8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri
14,6 faiz artımla proqnozlaşdırılır.
2013-cü
ildə dövlət büdcəsindən maliyyələşən
və maliyyə yardımı alan təşkilatlarda çalışan
işçilərin əməkhaqlarının, ölkə
üzrə bir sıra sosial ödənişlərin, bəzi
təşkilatlarda ştat sayının artırılması,
yeni təşkilatların fəaliyyətə
başlaması, yeni dövlət proqramlarının təsdiq
və fondların təsis edilməsi, dövlət borcu
üzrə öhdəliklərin yerinə yetirilməsi və
digər zəruri məsələlərin həlli
üçün vəsaitin nəzərdə tutulması
hesabına 2014-cü il dövlət büdcəsinin xərcləri
artırılıb.
Dünya
iqtisadiyyatında tənəzzül meyillərinin davam etdiyi,
avrozonada və digər inkişaf etmiş ölkələrdə
iqtisadi artımın zəiflədiyi bir dövrdə, ölkə
əhalisinin sosial rifahının
yaxşılaşdırılması və sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində Prezident İlham
Əliyev öz məqsədyönlü kursuna sadiq qalaraq, sərəncamları
ilə 2013-cü ilin sentyabr ayından dövlət büdcəsindən
maliyyələşən və maliyyə yardımı alan
elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı,
meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı,
müdafiə və hüquq-mühafizə orqanlarında
çalışanların əməkhaqlarını,
pensiyaları, bir sıra müavinət və təqaüdləri
orta hesabla 10 faiz artırıb. Həmin artımların maliyyə
təminatı üçün 2014-cü il
dövlət büdcəsində tələb olunan məbləğdə
vəsait nəzərdə tutulmuşdur. Tətbiq
olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin
yaşayış səviyyəsinin
yaxşılaşdırılmasına zəmin yaradacaq.
Azərbaycan
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan təhsilinin inkişaf istiqamətlərini
özündə birləşdirən "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan irəli gələn vəzifələrin
icrası üçün 2014-cü ilin dövlət büdcəsində
məqsədli olaraq müvafiq məbləğdə vəsait
nəzərdə tutulur.
Elm, təhsil,
səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin
xərcləri
artacaq
Maliyyə
naziri bildirdi ki, gələn il sosialyönümlü
xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil
edəcəkdir. Bu da 2013-cü ilə nisbətdə 299 milyon
manat və yaxud 5,9 faiz, 2012-ci
ilin faktiki icra göstəricisinə nisbətdə isə 597
milyon manat və yaxud 12,6 faiz artım deməkdir.
2014-cü
il dövlət büdcəsindən elm, təhsil, səhiyyə,
sosial təminat, mədəniyyət, idman sahəsinə və
gənclər siyasətinə ayrılan xərclər
üst-üstə 4 milyard 910 milyon manat olacaqdır ki, bu da
2013-cü illə müqayisədə 10,7 faiz və yaxud 476
milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə
müqayisədə isə 17,2 faiz və
yaxud 720 milyon manat artım nəzərdə tutulur.
Bütövlükdə, bu sahələr üzrə nəzərdə
tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin
tərkibində xüsusi çəkisi 24,5
faiz təşkil edir. Bu da 2013-cü illə müqayisədə
2,2 faiz çoxdur.
Növbəti
ildə investisiya xərclərindən ölkənin nəqliyyat,
energetika, kənd təsərrüfatı, sənaye və digər
infrastrukturların, sosial-mədəni təyinatlı
müəssisələrin tikintisinə, əsaslı təmirinə,
yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin
alınmasına, regionların, Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının maliyyələşdirilməsinə
vəsait ayrılacaqdır.
2014-cü
ilin dövlət büdcəsindən ölkədə, əsasən
də regionlarda sahibkarlara güzəştli kreditlərlə
maliyyə dəstəyinin genişləndirilməsi
üçün 150 milyon manat, "Aqrolizinq"in inkişafı üçün 35
milyon manat, fermerlərə mikrokreditlərin verilməsi
üçün 5 milyon manat vəsait nəzərdə
tutulur. Sosial ipotekanın tətbiqi üçün 2014-cü
il dövlət büdcəsində 2013-cü il səviyyəsində,
yəni, 40 milyon manat, Naxçıvan Muxtar
Respublikasının büdcəsində 500 min manat vəsait nəzərdə
tutulur. Bələdiyyələrə maliyyə köməyinin
davam etdirilməsi üçün 2014-cü ilin dövlət
büdcəsindən 5,2 milyon manat, beynəlxalq
fəaliyyət və beynəlxalq təşkilatlara
üzvlük haqları ilə bağlı xərclər
üçün 205 milyon manat vəsait ayrılacaq.
Samir
Şərifov icmal büdcənin göstəriciləri barədə
də qısa məlumat verdi. Bildirdi ki,
2014-cü il icmal büdcəsinin gəlirləri 21 milyard 986
milyon manat olmaqla, cari ilə nisbətən 1 milyard 257 milyon
manat və ya 6,1 faiz çox, xərcləri 24 milyard 444 milyon
manat məbləğində nəzərdə tutulur. İcmal büdcəyə aid olan Dövlət Sosial
Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri
bərabər olmaqla, 2 milyard 929 milyon manat təşkil edəcəkdir.
Bu, 2013-cü ilə nisbətən 296 milyon manat və ya 11,2 faiz artım deməkdir. Fondun xərclərinin
1 milyard 142 milyon manatı dövlət büdcəsindən
verilən transfert hesabına örtüləcək ki, bu da
2013-cü illə müqayisədə 6 faiz və ya 65 milyon
manat çoxdur.
Dövlət
Neft Fondunun büdcəsinin xərcləri 11 milyard 292 milyon
manat və yaxud 2013-cü ilə nisbətən 17 faiz az (2 milyard 308 milyon manat) nəzərdə
tutulur. Dövlət büdcəsinə ayrılan 9 milyard 337
milyon manat transfert nəzərə alınmadan 2014-cü ildə
Dövlət Neft Fondunun büdcəsindən digər əhəmiyyətli
investisiya layihələrinin maliyyələşdirilməsi
üçün 1 milyard 921 milyon manat, o cümlədən
qaçqınların və məcburi
köçkünlərin sosial-məişət və məskunlaşma
məsələləri ilə bağlı bəzi tədbirlərin
maliyyələşdirilməsinə 300 milyon manat vəsait
ayrılacaq.
İcmal büdcənin tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və
xərcləri bərabər olmaqla, 351 milyon manat
proqnozlaşdırılır. Bu, 2013-cü illə müqayisədə
5,4 faiz və ya 18 milyon manat çoxdur.
Müzakirələr
zamanı Milli Məclisin Regional məsələlər komitəsinin
sədri Arif Rəhimzadə bələdiyyələr
üçün dotasiyaların, deputat Fəzail Ağamalı
kənd təsərrüfatı, o cümlədən aqrolizinq
üçün nəzərdə tutulan xərclərin
artırılması təklifi ilə çıxış
etdilər.
Deputat Bəxtiyar Əliyevin təklifi orta peşə təhsilinə
diqqətin artırılması ilə bağlı oldu. Qeyd etdi ki, bu,
ölkəmizdə ixtisaslı işçilərin
formalaşması və məşğulluğun təmin edilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb
edir. Bəxtiyar Əliyev həmçinin
tibbi sığorta siyasətinin də həyata keçirilməsinin
vacibliyini vurğuladı. Bəxtiyar
Əliyev regional inkişaf, cəbhə rayonlarının
inkişafı ilə də bağlı fikirlərini bildirdi.
Deputat Abel Məhərrəmov elm və təhsillə
bağlı bəzi məsələlərə toxundu. Qeyd etdi ki,
hazırda ən vacib məsələlərdən biri
universitetlərin yataqxana probleminin həll edilməsidir. Universitetlərdə çalışan alimlərə
də elmi işlərin həyata keçirilməsi
üçün vəsait ayrılmasını təklif edən
Abel Məhərərmov həmçinin elmi innovasiyaların
maliyyələşdirilməsinə diqqət yetirilməsini
vacib saydı.
İclasda
deputatlardan Çingiz Qənizadə, Asim Mollazadə,
Rövşən Rzayev, o cümlədən Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) Elmira Süleymanova gələn ilin dövlət
büdcəsi ilə bağlı fikirlərini bildirdilər.
Yekunda maliyyə naziri Samir Şərifov söylənən
fikirlərə və suallara münasibət bildirdi və gələn
ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin
plenar iclasının müzakirəsinə tövsiyə
olundu.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 7 noyabr.- S. 2,3.