Azərbaycan Milli Elmlər Akademiyası

Rəyasət Heyətinin növbəti iclası olmuşdur

 

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələlər barədə məlumat vermiş, ölkəmizdə keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmışdır.

AMEA-nın prezidenti ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açmış, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Nobel mükafatı laureatlarının Azərbaycan elmi, mədəniyyəti haqqında dəyərli fikirlər səsləndirdiklərini, qlobal məsələlərin həllində alimlərimizlə əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olduqlarını bildirmişdir.

AMEA-nın Zoologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü İlham Ələkbərovun "Azərbaycanda nərə balıqlarının akvakultura şəraitində  yetişdirilməsinin elmi problemləri və perspektivləri" mövzusunda məruzəsi dinlənilmişdir. Bildirmişdir ki, yerlixarici mütəxəssislərin rəyinə görə, son onilliklərdə Xəzəryanı ölkələrin balıqartırma zavodları tərəfindən dənizə körpə balıqların buraxılması nərə balıqlarının çoxaldılmasına fayda vermir. Xəzərdə nərəkimi balıqların təbii və süni artımının miqyası azalır. Bu növ balıqlar dənizdə kürüləməyə gedən yollarda, həmçinin kürüləmə yerlərində bütün Xəzəryanı dövlətlər tərəfindən qanuniqeyri-qanuni yollarla intensiv ovlanır. Bu cür hallar nərəkimi balıqların ehtiyatının ciddi surətdə azalmasına gətirib çıxarmışdır.

Problemin həlli yollarından biri nərəkimilərin akvakultura şəraitində çoxaldılmasıdır. Bu sahədə dünyada tətbiq edilən ən müasir və səmərəli vasitə qapalı su təchizatı qurğusudur. Təəssüf ki, bu üsul indiyədək Azərbaycanın balıqçılıq təsərrüfatlarında istifadə edilməmişdir.

İ.Ələkbərov bu metodun ölkəmizdə ilk dəfə tətbiq olunması üçün AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir laboratoriyasının bazasında analoji təcrübə-istehsalat təsərrüfatının yaradılmasını təklif etmişdir.

 Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

Müzakirəyə təqdim olunan növbəti məsələ İnnovativ Layihələrin Ekspertizası və Koordinasiya Şurasının yaradılması haqqında olmuşdur. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ölkədə elmi tədqiqatların nəticələrinin iqtisadiyyatın müxtəlif sferalarına geniş tətbiqi zərurəti yarandığını bildirmişdir.

Akademik demişdir ki, bu, elmi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi istiqamətində islahatların həyata keçirilməsinin vacibliyini də önə çıxarır. Elmi tədqiqatların beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsi mexanizminin tətbiqi qarşıda duran mühüm məsələlərdəndir.

Sonra AMEA-nın İnnovativ Layihələrin Ekspertizası və Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunmuşdur.

İclasda həmçinin AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində Təcrübi-Sənaye Zavodunun AMEA Rəyasət Heyətinin tabeliyinə verilməsi qərara alınmışdır.

Sonra AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Rasim Əliquliyev çıxış edərək AMEA-nın Nizami Gəncəvi adına qızıl medalı haqqında ətraflı məlumat vermişdir.

Diqqətə çatdırılmışdır ki, əsasnamənin layihəsinə görə akademiyanın ən ali mükafatı hesab olunan medal hər il bir azərbaycanlı alimə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, həmçinin elmin inkişafındakı xüsusi xidmətlərinə görə veriləcəkdir. Layihədə qeyd edilmişdir ki, namizədlər barədə təkliflər rəyasət heyətinin qərarı ilə yaradılacaqdır.

R.Əliquliyev vurğulamışdır ki, əsasnamənin layihəsi qərarla təsdiq edilmiş, medalın təsvir layihəsi hazırlanmışdır. Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi və əsasnaməsinin təsdiq olunması üçün Prezident İlham Əliyevə müraciət ediləcəkdir.

R.Əliquliyev iştirakçıları AMEA-nın fəxri fərmanının əsasnaməsinin nümunəsi ilə də tanış etmişdir. Məlumat verilmişdir ki, fəxri fərmanla AMEA-nın üzvləri elm və texnikanın inkişafında, elmi nəticələrin istehsalata tətbiqində, elmi-təşkilati işlərdə və yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olan görkəmli alim və mütəxəssislər təltif olunacaqlar. Əsasnamə rəyasət heyətinin qərarı ilə təsdiq edilmişdir.

Rus dilində "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi"nin təsis edilməsi haqqında qərar qəbul olunmuşdur.

İclasda həmçinin cari ilin noyabrında "Azərbaycan teatrı-140" mövzusunda elmi-praktik konfransın keçirilməsi də qərara alınmışdır. Qeyd edilmişdir ki, konfrans Prezident İlham Əliyevin "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" 2013-cü il 1 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə təşkil olunacaqdır.

Bundan əlavə, iclasda AMEA Gəncə Regional Elmi Mərkəzinin bazasında Gəncə Elmi Bölməsinin yaradılması haqqında qərar qəbul edilmiş, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarının yeni strukturları təsdiq olunmuş, Geologiya və Neft-Kimya Prosesləri institutlarının strukturlarında isə dəyişikliklər edilmişdir.

 

Azərbaycan.-2013.- 7 noyabr.- S.3.