«Bakı prosesi» mədəniyyətlərarası
dialoqun yeni mərhələsi
kimi
Artıq hamıya bəllidir ki, Azərbaycan Cənubi Qafqaz, eləcə də daha geniş anlamda Xəzər regionu və bir sıra digər postsovet ölkələri üçün inkişaf modelinə çevrilməkdədir. Bu model özündə azad seçkilər, vətəndaş cəmiyyətinin inkişafı, plüralizm, azad media, tolerantlıq, mədəniyyətlərarası dialoqun mövcudluğu, gender bərabərliyi, gənclər və təhsil siyasəti və bir çox digər sahələri özündə ehtiva edir.
Şərq mədəniyyəti ilə Avropa dəyərlərinin kəsişməsində məxsusi yer tutan müasir Azərbaycan hər iki qütbün müsbət xüsusiyyətlərini özündə birləşdirir. Məhz bu səbəbdən də islam mədəniyyəti paytaxtı Bakıda (2009-cu il) müasir Avropa musiqi festivalının, Eurovisionun (2012-ci il) keçirilməsi mümkün olmuşdur. Qərbə inteqrasiya yolunu seçmiş və qısa zamanda müasir Avropa dövlətinə çevrilməkdə olan Azərbaycanın beynəlxalq arenada prinsipial mövqeli tərəfdaş kimi tanınmasını şərtləndirən amilllərdən biri isə məhz ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin təzahürüdür. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı, xüsusilə də, Bakını müxtəlif beynəlxalq tədbirlərin mərkəzinə çevirmişdir. Beynəlxalq layihələrdə iştirak, eləcə də regionların sosial-iqtisadi inkişafı, dərin tarixi və mədəni dəyərlərin qorunması, müvafiq infrastrukturun formalaşdırılması nəinki ölkəmizin paytaxtının, regionlarının da tanınmasına səbəb olur. Məsələn, Qəbələdə keçirilən musiqi festivalları, Naxçıvanda türkdilli dövlətlərin başçılarının zirvə toplantıları, Gəncədə Avropa Komissiyası ilə birgə "Mədəniyyətlərarası dialoq" beynəlxalq tədbiri və s. möhtəşəm tədbirlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Təbii ki, beynəlxalq əhəmiyyətli belə tədbirlərdə iştirak edən qonaqlar eyni zamanda Azərbaycanın zəngin mədəni irsi, çoxçeşidli mətbəxi, turizm potensialı və müasir inkişaf dinamikası ilə daha yaxından tanış olurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci ilin dekabrında Bakıda keçirilmiş konfransında müxtəlif mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişafını nəzərdə tutan "Bakı prosesi" təşəbbüsünü irəli sürməklə müasir Azərbaycan tarixində yeni bir səhifə açdı. Beləliklə, Bakı humanitar məsələlərin, xüsusilə də, sivilizasiyalararası dialoqun keçirildiyi bir mərkəzə çevrilməyə başladı. Bu isə birbaşa olaraq ölkənin daxilində gedən demoktratikləşmə proseslərinin, əhalinin sosial və iqtisadi inkişafının, müxtəlif mədəniyyətlərin qorunması və təbliğinin xarici siyasətə olan təsiridir. Belə ki, müasir Azərbaycanın daxili siyasətinin əsasını sosial siyasətin, başqa sözlə, dövlət siyasətinin vətəndaş ətrafında formalaşması olduğu kimi, xarici siyasətinin əsas məqamlarından biri də mədəniyyətlər arasında dialoqun və vahid inkişaf platformasının formalaşdırılması durur. Daxili siyasətin bu prinsipial məqamı özünü "Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasının" əsas məqsədlərindən birinin ölkədə insan kapitalının gücləndirilməsi olduğunun vurğulanması ilə bir daha təsbit etmişdir.
2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının insan inkişafı indeksi üzrə yüksək insan inkişafı ölkələri sırasına daxil olmuş Azərbaycanda əhalinin sosial-iqtisadi şəraitinin təkmilləşdirilməsi ilə yanaşı, müxtəlif mədəniyyətlərdən olan vətəndaşların mədəniyyətinin və dilinin qorunması və inkişaf etdirilməsi vacib məsələlərdəndir. Məhz bu siyasətin nəticəsi olaraq müasir Azərbaycanda istər yerli, istərsə də mərkəzi səviyyədə müxtəlif mədəniyyətlərin təmsilçiliyi təmin edilmiş, islamla yanaşı, xristian və yəhudi dinlərinin inkişafına lazımi şərait yaradılmışdır. Təsadüfi deyil ki, İsrail dövlətinin Prezidenti Şimon Peres Azərbaycanı müsəlman və yəhudi əhalinin qarşılıqlı etimad və hörmət şəraitində mövcud olduğu bir model kimi dəyərləndirmişdir. İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu isə Azərbaycanı böyük sivilizasiyaların əməkdaşlığının simvolu kimi dəyərləndirmişdir. Bir sözlə, dünyəvi dövlətçilik ənənəsinə sadiq qalan müstəqil Azərbaycan Respublikası yuxarıda qeyd edilən dini inanclara sahib insanların vəhdət şəkildə yaşadığı müasir cəmiyyətlərdən biri kimi özünü təsdiq etmişdir.
Beləliklə, Azərbaycanın çoxkonfessiyalı və çox mədəniyyətli ölkə olması, tolerant sistemin formalaşması, müvafiq yerli, seçkili və hökumət qurumlarında müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşlarının təmsilçiliyi, müxtəlif mədəniyyətliliyin inkişafını stimullaşdıran qanunvericiliyin mövcudluğu və bir çox digər səbəblər ölkəni multikulturalizm ətrafında gedən beynəlxalq diskussiyaların reallaşdırıldığı arenaya çevirir. Bir sözlə, Prezident İlham Əliyevin irəli sürdüyü "Bakı prosesi"ni labüd və vacib edir. Bu istiqamətdə Azərbaycanda onlarca beynəlxalq tədbirlər keçirilməklə mədəniyyətlərarası dialoqun əsasları inkişaf etdirilir.
"Bakı prosesi"nin məntiqi davamı kimi 2013-cü ilin 31 oktyabr və 1 noyabr tarixlərində Üçüncü Bakı Humanitar Forumu keçirildi. Dünyanın siyasi və iqtisadi problemlərinin və elmi nailiyyətlərinin müzakirə arenaları olan Davos, Krans Montana forumları və digər mötəbər tədbirlər kimi Bakı Beynəlxalq Humanitar Forumu da nüfuz etibarı ilə humanitar məsələlərin müzakirə edildiyi beynəlxalq platformaya çevrilməkdədir. Bakı Humanitar Forumunun əsas qayələrindən birinin qloballaşan dünyada sivilizasiyalararası dialoqun geniş miqyasda təbliğ edilməsi olduğundan istər sayca Üçüncü Bakı Humanitar Forumu, istərsə də bu istiqamətdə ölkəmizdə keçirilən digər tədbirlərdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi əsas müzakirə obyekti olaraq qalmış, məhz multikulturalizmin təbliği nəticəsində onun yüksək inkişafına nail olunacağı vurğulanmışdır.
2010-cu il iyun ayının 29-30-da Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda keçirilmiş forumda da qloballaşma dövründə davamlı inkişafın əsasında mədəniyyətlərarası dialoqun olduğu təsbit edilmişdir. 2012-ci il oktyabr ayının 4-də İkinci Bakı Humanitar Forumunun açılışındakı nitqində Prezident İlham Əliyev multikulturalizmin alternativinin olmadığını bəyan etməklə dünya miqyasında humanitar məsələlərlə bağlı yeni bir formatın yaranmaqda olduğunu qeyd etmişdir. Bu format isə müasir beynəlxalq münasibətlər sistemində, xüsusilə də, qloballaşma zamanında etnik, dini və mədəni fərqliliyi bəşəriyyətin davamlı inkişafı naminə yeni bir mərhələyə qaldırır. Məhz multikulturalizmin tam təmin olunması gələcək inkişafın və sülhün fövqündə durmaqla bütün bəşəriyyətin mənafeyinə xidmət edəcəkdir. Çünki multikulturalizm tolerantlığın güclənməsi, mədəniyyətlərin qovuşması, xalqlar arasında əməkdaşlığın genişlənməsi, bir sözlə, sülhə çağırışdır. Azərbaycan Prezidentinin 2011-ci il aprel ayının 7-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəyan etdiyi kimi, "Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir". Terror və işğala məruz qalmış, milyonlarla vətəndaşının münaqişənin acı nəticələrini yaşamış bir cəmiyyətin sülh carçısı olmasının bundan bariz nümunəsini tapmaq çətin olar.
Multikulturalizm eyni zamanda cəmiyyətlərin modernləşməsi, bəşəri dəyərlərin mədəniyyətlər arasında bölüşdürülməsi və birgə elmi nailiyyətlərin əldə edilməsi deməkdir. Bu isə xalqların inkişafı və gələcəyinin qarantıdır. Məhz birgə elmi nailiyyətlər və intellektual potensialın tətbiqi ilə bəşəriyyətdə sülhə və inkişafa nail olmaq olar. Bir sözlə, Prezident İlham Əliyevin Bakı Humanitar Forumunda vurğuladığı kimi, intellektual potensial dünyada hər bir ölkəninin inkişafını müəyyən edəcək əsas istiqamətdir. Cənab Prezidentin intellektual potensialın inkişafı və elmi nəticələrin paylaşılması kimi dəyərləndirilə bilinəcək bu çağırışının 2012-ci ilin mart ayında Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin "beyin mərkəzləri"nin Üçüncü forumunun və digər tədbirlərin keçirilməsi ilə reallaşdırılmaqdadır.
İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi XXI əsrdə mədəniyyətlər arasında əməkdaşlığın genişlənməsində demokratik və dünyəvi cəmiyyət olan Azərbaycanda gənclərin və qadınların rolunu daha əhəmiyyətli edir. Bələdiyyə üzvlərinin 40%-dən çoxunun, Milli Məclis üzvlərinin isə 20%-ə qədərini formalaşdıran Azərbaycan qadınının fəallığı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" (10 iyun 2008), Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı (24 may 2010) kimi bir çox mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini labüd edir.
Bu gün Azərbaycan zəngin mədəniyyət, musiqi ocağı kimi tanınır və eyni zamanda, klassik və müasir musiqinin qorunduğu və təbliğ edildiyi mərkəzə çevrilir. 2009-cu ildən etibarən Bakıda "Muğam aləmi" beynəlxalq festivallarının davamlı şəkildə keçirilməsi yalnız Azərbaycan muğamının deyil, həm də Şərq musiqi mədəniyyətinin qorunması və tanıdılması məqsədini daşıyır. Avropanın Şərqlə sərhədində yerləşən Azərbaycan nəinki Qərbin iqtisadi və siyasi dəyərlərini, eləcə də Qərbin mədəni dəyərlərini Qərblə Şərqin təmas nöqtəsinə gətirir. 2012-ci ildə müasir Avropa musiqi festivalının - "Eurovision"un Bakıda keçirilməsi, Bakı caz festivalları, 2009-cu ildən etibarən keçirilən Qəbələ klassik musiqi festivalları bunun bariz nümunələrindəndir. Beləliklə, əminliklə demək olar ki, son on il ərzində istər humanitar, istər elmi-intellektual, istərsə də mədəni tədbirlərə ev sahibliyi etməklə Azərbaycan sivilizasiyalararası dialoqun keçirildiyi mərkəzə çevrilmiş, "Bakı prosesi"ni uğurla formalaşdırmışdır. Təbii ki, Azərbaycanın mühüm geosiyasi əhəmiyyətli məkanda yerləşməsi də bu növ tədbirlərin təşkilini şərtləndirən amillərdəndir.
Azərbaycanın geosiyasi əhəmiyyəti, zəngin karbohidrogen ehtiyatları, müstəqil xarici siyasəti, çoxmədəniyyətliliyi özündə əks etdirməsi və Avropa dəyərlərinə bağlılığı ölkəni yalnız humanitar və mədəniyyət məsələlərinin deyil, həmçinin regional siyasətin müəyyənləşdiyi mərkəzə çevirir. Xəzər dənizi regionunun aparıcı ölkəsi olan Azərbaycan regiondakı beynəlxalq əhəmiyyətli layihələrin əsas söz sahibi olmaqla yanaşı, Qərbin Mərkəzi Asiyaya körpüsüdür. SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələrinin Rusiyadan asılılığının qalması, Qərbə inteqrasiyası və siyasi idarəetmənin demokratikləşməsində müşahidə edilən ləngimələr Qərb prizmasından Azərbaycanı bu region üçün model bir dövlət tipi kimi təqdim edilməsini vacib edir. Regionun coğrafiyasına nəzər salanda da Cənubi Qafqazın müxtəlif dini konfessiyalar və mədəniyyətlərin mərkəzində yerləşməsinin şahidi oluruq. Lakin bu ziddiyyətli geosiyasi məkandakı münaqişələrin mədəniyyətlərarası dialoq vasitəsilə regional potensial inkişafa çevrilməsi mümkündür. Böyük maraqların kəsişdiyi bu məkanda çoxmədəniyyətliliyin təmin edilməsi, proqressiv qanunvericiliyin mövcudluğu, Şərq sivilizasiyasına bağlılığın qorunması və Avropa dəyərlərinə sadiqlik müstəqil siyasət yeridən Azərbaycanı regionda modern bir dövlət kimi təsdiq etmişdir. 2013-cü il may ayının 7 və 8-də Bakıda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunda cənab İlham Əliyev multikulturalizmin əhəmiyyətini vurğulayaraq demişdir: "Sivilizasiyaların dialoqu sadəcə yaxşı şüar olmamalı, bu, bəşəriyyətin inkişaf etmək, daha geniş beynəlxalq əməkdaşlığı qurmaq, qarşılıqlı anlaşmanın və tolerantlığın səviyyəsini artırmaq zərurətidir. Fikrimizcə, bu, bəşəriyyətin sülh şəraitində inkişaf etməsi üçün ilkin şərtlərdəndir". Elə təkcə bu fikrin özü regionda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın və müxtəlif mədəniyyətlərin sülh və əməkdaşlıq çərçivəsində yaşamasını təlqin edən "Bakı prosesi"nin davam etməsini zəruri edir.
Anar NAĞIYEV,
Azərbaycan Dillər Universitetinin
Regionşünaslıq
və
beynəlxalq münasibətlər fakültəsinin dekanı
Azərbaycan.-2013.- 7 noyabr.- S. 4.