Azərbaycanda azad media mövcuddur

 

Bu fikirlər Üçüncü Bakı Beynəlxalq

 Humanitar Forumunda bir daha səsləndirildi

 

 

Azərbaycanın ildən-ilə güclənən iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas verir. Bu günlərdə Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini və iqtisadi potensialının gücləndiyini sübuta yetirdi.

Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını da qəbul etdi. Forumda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak etdilər. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər də var idi. İki gün ərzində forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edildimühüm prioritetlər müəyyənləşdirildi. "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda keçirilən "dəyirmi masa" bu baxımdan mühüm məqamları ilə diqqəti cəlb etdi.

Bu da təbiidir. Çünki qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri olduqca böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər. Forumda medianın aktual məsələləri geniş müzakirə edilərək müxtəlif fikirlər irəli sürüldü. Xüsusilə də internetin imkanlarından daha səmərəli istifadənin yolları barədə maraqlı təkliflər irəli sürüldü. Qeyd edək ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir və bu fakt ölkəmizdə medianın inkişafının əsas göstəricilərindən biridir.

Dövlət başçısı İlham Əliyev forumun açılış mərasimində bu məsələlərə də toxundu: "Bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet vasitəsilə alırlar. Burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də əlbəttə ki, ön plana çıxır. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada, əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, mən bir vətəndaş kimi fikirlərimi bölüşmək istərdim".

 Ulu öndər Heydər Əliyevin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır.

Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. Hələ 2005-ci il iyulun 21-də "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyinə əyani sübutdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan haldır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və bu il iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək  jurnalistlərin istifadəsinə verildi.

Ölkə rəhbəri mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzaladı. Sərəncama əsasən, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı.

Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması  Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasəti sayəsində mətbuatımız daha da saflaşacaq, əsl jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 7 noyabr.- S. 4.