Kimya üzrə Nobel mükafatı laureatı Rudolf MARKUS: Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqla yanaşı, elmin, təhsilin və mədəniyyətin inkişafına da mühüm töhfələr verir

 

Bakı Beynəlxalq  Humanitar Forumu sivilizasiyalararası dialoqla yanaşı, elmin, təhsilin və mədəniyyətin inkişafına da mühüm töhfələr verir. Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur AzərTAc-a müsahibəsində demişdir.

Markus Rudolf Artur builki forumda əvvəlkilərlə müqayisədə daha çox nümayəndənin iştirak etməsinin tədbirdə müzakirə olunan məsələlərə diqqətin və marağın ildən-ilə artmasından xəbər verdiyini söyləmişdir.

O demişdir ki, müasir dövrdə humanitar əməkdaşlıq, qarşılıqlı anlaşma çox böyük sabitləşdirici rol oynayır, davamlı inkişafa şərait yaradır. Bu gün insanların ən böyük arzusu dünya xalqlarının, bütün ölkələrin bir-biri ilə daha səmimi münasibətdə olmaları, qarşılıqlı anlaşmanın dərinləşməsi, beynəlxalq əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasıdır. Buna görə də Bakı Beynəlxalq Humanitar Forumu böyük əhəmiyyətə malikdir. Belə vacib məsələlərin mədəniyyətlərarası dialoqun, multikulturalizmin sürətlə inkişaf etdiyi Azərbaycanda müzakirəsi təqdirəlayiqdir.

Hər il olduğu kimi, bu il də forumun yüksək səviyyədə təşkil edildiyini deyən Nobel mükafatı laureatı bildirmişdir ki, müxtəlif ölkələrdən tanınmış ictimai-siyasi xadimlərin, elm adamlarının bir araya gələrək qlobal əhəmiyyətli məsələləri müzakirə etmələri çox önəmlidir. Bu məsələləri hər zaman diqqət mərkəzində saxladığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə dünya alimləri adından təşəkkür edirəm.

 

Azərbaycan.-2013.- 7 noyabr.- S. 4.