Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin

 müəyyənləşdirdiyi siyasi kursa dəstək verdi

 

Azərbaycan xalqı ölkəmizin davamlı inkişafı naminə 9 oktyabrda keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa dəstək verdi. Seçicilərin mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev növbəti 5 il müddətinə ölkə başçısı seçildi. Xalq tərəfindən bu siyasi kursa yenidən dəstəyin verilməsi ölkəmizin son on ildə keçdiyi uğurlu inkişaf yoluna əsaslanır.

Vətənə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı cənab İlham Əliyev respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirərək sosialyönümlü islahatların davam etdirilməsi üçün prioritetləri açıqlamışdır.  Ötən 10 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli işə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Prezident İlham Əliyev andiçmə mərasimində bildirib: "Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir. On ildə Azərbaycanda sabitlik qorundu. Biz Müstəqillik Gününü qeyd edərkən bir daha müstəqilliyimizin ilk illərinə qayıdırıq və görürük ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz".

Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır.

Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmışdır. İqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyil. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində mühüm rol oynayır.

Regional inkişaf proqramları son illərə qədər respublikamızda özünü ciddi sosial problemlərdən biri kimi göstərən işsizliyin səviyyəsinin azalmasına, məşğulluğun yüksəlməsinə imkan yaratmışdır. Avropa ölkələrindən fərqli olaraq,  2013-cü ilin 9 ayı da Azərbaycanda işsizlik probleminin ləğvi baxımından uğurlu mərhələ olmuşdur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir. Əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı" da Azərbaycanın uğurla inkişaf etdiyini bir daha təsdiqləmişdir. Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışıdr. 2012-2013-cü illər hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdur. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasətin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 10 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Dövlət başçısının praqmatizmə və real əməli işə söykənən siyasətinin əsasında məhz insan və şəxsiyyət amili dayanır. Dövlət başçısı ötən 10 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Ölkə başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini də təmin etmişdir.   "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları bir daha bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir.

Sahibkarlığın inkişafı da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması; kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi; ticarət yarmarkalarının yaradılması; yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Ümumiyyətlə, dövlət başçısının son 10 ildə imzaladığı 50-yə yaxın Dövlət Proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur. İnkişaf prosesində ahəngdarlıq, yüksək dinamizm təmin edilmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəldilmişdir. İnkişaf, sosial təminat və strukturyönümlü bu layihələr, ilk növbədə, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.    Prezident İlham Əliyev andiçmə mərasimində bildirib: "Son on il ərzində yoxsulluqla bağlı tədbirlərimiz gözəl nəticələrə gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 Olimpiya mərkəzi tikilmişdir, tarixi abidələrimiz bərpa edilmişdir. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcəkdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir".

Zəngin təbii sərvətlərdən səmərəli istifadə olunması, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləyib. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar. Azərbaycan faktiki olaraq nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirilib.

9 oktyabrda keçirilən prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 10 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa  əsaslanır.

 

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2013.- 7 noyabr.- S. 5.