Azərbaycan Londonda
keçirilən beynəlxalq
«Dünya Səyahət
Bazarı» sərgisində təmsil olunur
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Londonda keçirilən beynəlxalq "Dünya Səyahət Bazarı-2013" sərgisində təmsil olunur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi sərgidə icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılmış, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilmişdir. Nazir Ə.Qarayev nazirlik ilə yanaşı, sərgidə ölkəmizi təmsil edən 12 turizm şirkəti və 4 mehmanxana, həmçinin Azərbaycan stendinin qonşuluğunda təmsil olunan qardaş Türkiyənin təmsilçilərinə fəaliyyətlərində uğurlar arzu etmişdir.
Sərgi çərçivəsində Ə.Qarayev Dünya Turizm Təşkilatına üzv ölkələrin nazirlərinin sammitində iştirak etmişdir. Tədbirdə əsasən dünya ölkələrində aviasiya və turizm sahəsində mövcud problemlər və həlli yolları, həmçinin viza məsələləri müzakirə olunmuşdur.
Nazir çıxışında ölkəmizdə turizm sahəsində görülən işlərdən bəhs etmişdir. Bildirilmişdir ki, ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilmişdir. Nazir qeyd etmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə bağlı imzaladığı sərəncam bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. Bu sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Ə.Qarayev çıxışının sonunda turistlər üçün viza rejiminin sadələşdirilməsini təklif etmişdir.
Tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Rusiya, Ukrayna, Səudiyyə Ərəbistanı, Argentina, Albaniya, Xorvatiya, Lİtva, Özbəkistan və digər ölkələrin turizm nazirləri ilə görüşmüşdür. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Azərbaycanın və Böyük Britaniyanın kütləvi informasiya vasitələrinə müsahibə verilmiş, eləcə də 2015-ci ilin yayında Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Yay Olimpiya Oyunları ilə bağlı görüşlər keçirilmişdir.
Sərgi noyabrın 7-dək davam edəcəkdir.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 7 noyabr.- S. 6.