ABŞ Azərbaycanı öz
strateji tərəfdaşı hesab edir
Barak OBAMA: Azərbaycanla ortaq çağırışlar üzrə
əməkdaşlığımızın
dərinləşdirilməsinə sadiq
qalırıq
Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin demokratiya yoluna sadiqliyinin növbəti təntənəsi oldu. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti özünün tarixi və ən doğru seçimini edərək səslərini cənab İlham Əliyevə verdilər.
Seçkilərin nəticələri bütün beynəlxalq siyasi dairələr tərəfindən yüksək qiymətləndirildi. Xarici müşahidəçilər öz rəylərində, açıqlamalarında seçkinin şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Ötən dövrdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ünvanına çoxlu sayda dövlət rəhbərləri, hökumət başçıları, habelə tanınmış siyasətçilər və ictimai xadimlər, ziyalılar tərəfindən təbriklər daxil olmuşdur. Belə təbriklərin indi də ardı-arası kəsilmir. Növbəti təbrik isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan gəlib. ABŞ Prezidenti cənab İlham Əliyevi üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə xoş arzularını yetirib.
Azərbaycanla ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq münasibətləri qurulub. Son 20 ildə bu münasibətlər yüksələn xətlə inkişaf etmiş və tədricən strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Xüsusilə qeyd etməliyik ki, hazırda Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə kimi bütün dünya ictimaiyyətini düşündürən aktual məsələlər ətrafında uğurlu əməkdaşlıq telləri mövcuddur. Bu baxımdan ABŞ rəsmiləri dəfələrlə elan ediblər ki, Azərbaycan Birləşmiş Ştatların strateji tərəfdaşıdır.
ABŞ Prezideni Barak Obamanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrikin mətni ilə tanışlıq da bir daha təsdiq edir ki, ABŞ Cənubi Qafqazın lider dövləti olan və sürətlə inkişaf edən Azərbaycan Respublikasını özünün strateji tərəfdaşı hesab edir. ABŞ Prezidenti xüsusi olaraq vurğulayır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr vermişdir. Azərbaycanın əldə etdiyi uğurlu sosial və iqtisadi tərəqqini alqışladıqlarını bildirən Barak Obama həmçinin ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirmək siyasətinə sadiq qaldıqlarını ifadə etmiş, həmçinin Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirmişdir.
Həqiqətən Azərbaycan son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoymuş və mühüm nailiyyətlər əldə etmişdir. Bütün bunlar dünyanın mötəbər iqtisadi və maliyyə qurumları, reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilməkdədir. Bu mənada ABŞ Prezidentinin təbrik məktubunda bu barədə yer alan qeydlər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı misilsiz və möhtəşəm sosial-iqtisadi uğurların etiraf edilməsidir.
Ümumiyyətlə, həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində ABŞ-la Azərbaycan arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirən Prezident Barak Obamanın təbrikində diqqəti çəkən əsas məqamlardan biri də qarşıdan gələn dövrdə ABŞ-ın Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək əzminin ifadə edilməsidir. Belə ki, Barak Obama Azərbaycanın müəllifi olduğu və regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini ifadə etmişdir. Prezident Barak Obama mühüm transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə edərək bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini qeyd etmişdir.
Bu gün Azərbaycanın yeganə ağrılı problemi ərazilərinin bir qisminin Ermənistan tərəfindən işğal edilməsi və dünya birliyinin, xüsusən Qərbin bu məsələdə beynəlxalq hüquq normalarını, Azərbaycanın ədalətli mövqeyini görməzliyə vurmasıdır. Təəssüflə qeyd etməliyik ki, ABŞ-ın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun sülh prosesindəki vasitəçiliyi hələ ki, nəticə verməmişdir. Təbrikində bu məsələyə toxunan ABŞ Prezidenti öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə etmiş və qarşıdan gələn dövrdə Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşmək barədə qərarlarını alqışladığını bildirmişdir.
Azərbaycanın yolu demokratiya yoludur. Son prezident seçkiləri kampaniyası dövründə həyata keçirilən bütün seçki prosesləri də bunu aydın göstərdi. Prezident İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir. Azərbaycan həm də sürətli inkişaf yolunda olan, xarici ölkələrə sərmayə qoyan, dünyanın enerji təhlükəsizliyinə və beynəlxalq sülhyaratma missiyasına töhfələr verən dövlətdir. Azərbaycan bir çox dövlətlərin, o cümlədən ABŞ-ın strateji tərəfdaşıdır. Azərbaycan öz siyasəti ilə bu tərəfdaşlığa sadiq olduğunu daim təsdiq etmişdir. ABŞ Prezidentinin təbrik məktubunda yer alan fikirlərin real həyatda öz təsdiqini tapması isə Azərbaycanla ABŞ arasındakı bu tərəfdaşlığa mühüm töhfələr verəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 8 noyabr.- S.1.