İdmanın inkişafında daha uğurlu mərhələ başlayır

 

Prezident İlham Əliyevin dəstəyi nəticəsində "Bakı" klubu güclü

futbol komandasına və xaricdə Azərbaycanın uğurlu lobbisinə çevrilib

 

 

Xalq olaraq daha bir çətin və həm də məsuliyyətli sınaqdan şərəflə çıxdıq: 9 oktyabr prezident seçkilərinin nəticələri, əslində, milyonlarla azərbaycanlının dünənə dərin ehtiramını, bu günə razılığını, gələcəyə böyük ümidini əks etdirdi. Bu tarixi seçim azərbaycanlıların öz taleyinə biganə olmadıqlarını, son 20 ildə ölkəmizin keçdiyi inanılmaz inkişaf yolunun uğurlarına obyektiv qiymət verdiklərini bir daha təsdiqlədi. Beləliklə, milyonlarla insan öz taleyinə əzmlə sahib çıxaraq ən layiqli namizədi - İlham Əliyevi növbəti beş il müddətində xalqın rəhbəri, prezidenti görmək istəyini qətiyyətlə nümayiş etdirdi.

 

 

 

Layiqli liderlə möhtəşəm qələbə

 

 

Seçkilərin nəticələri bir daha göstərir ki, qədirbilən xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür və onu özünün yeganə nicat ünvanı sayır. Bu siyasətin xüsusən son 10 ildə ölkəmizə bəxş etdiyi yüksək nailiyyətlər xalqımızda böyük razılıq hissi, gələcəyə inam və əminlik hissi yaradır. Seçkilərdə İlham Əliyevin qələbəsinə səs verən hər kəs, əslində vicdanının səsinə qulaq asaraq keçilən möhtəşəm yolun uğurlarına qiymət verdi. Məhz bu mənada möhtərəm prezidentin seçkilərdə parlaq qələbə qazanacağı əvvəlcədən də heç bir şübhə doğurmurdu. Ən azı bu baxımdan ki, Azərbaycan insanı hər zaman bayağı, reallıqdan uzaq vədlərə deyil, konkret, əməli siyasətə, görülən işlərə qiymət verib. Hələ 2003-cü ildə prezident seçkiləri kampaniyasına qoşularkən "Əsil siyasət, konkret real iş görməkdən ibarətdir" - deyən İlham Əliyev ötən 10 ildə bu vədinə tam sadiq qalıb. 10 ildə xalq və dövlət mənafeyi baxımından reallaşdırılan böyük layihələr, görülən işlər, əldə olunan nəticələr, ilk növbədə İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidenti olacağam" vədinə sadiqliyini göstərir.

Tamamilə şəffaf, ədalətli, demokratik, azad şəraitdə keçən son seçkilərin nəticələri həm də onu göstərir ki, xalqımız son 10 ilin uğurlarını öz taleyində, gündəlik yaşam tərzində, yaşayışında hiss edir. İnsanlar ağı-qaradan, yaxşını pisdən seçməyi bacarır, haqqa-ədalətə qiymət verirlər. Cəmiyyətdə böyük əksəriyyət dövlətin işıqlı, parlaq sabahı naminə bu seçimin zəruriliyini, alternativsizliyini dərk edir. 9 oktyabr seçkiləri bir həqiqəti də sübuta yetirdi ki, ölkəmiz üçün çətin, ağrılı günlər çoxdan geridə qalıb. Hər bir uğuru ilə qürur duyduğumuz müstəqil Azərbaycan bu gün sürətli inkişafı ilə zamanı da qabaqlayır. Ola bilər ki, kimsə bu inkişafı adi, qanunauyğun hal kimi qarşılayır. Bəzən insan taleyində yaşadığı, gündəlik şahidi olduğu nailiyyətləri tam mahiyyəti üzrə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir. Biz artıq ölkəmizin sürətli inkişaf və tərəqqisini, müəyyən mənada, təbii, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq.

Azərbaycan son 10 ildə məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiya əsasında dinamik inkişaf edir, məqsədlərinə doğru inamla irəliləyir. 2003-cü ildən bu kursu onun layiqli davamçısı - Prezident İlham Əliyev uğurla davam etdirərək ona bəslənilən ümidləri tam doğruldub, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışıb. Xalqın maraq və mənafelərinə cavab verən qətiyyətli qərarlar qəbul edib, böyük uğurlara imza ataraq özünü əsil lider kimi təsdiqləyib. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilib.

Azərbaycan elə bir inkişaf yolu keçib ki, ölkəmizin hazırkı uğurları gələcəyə də böyük ümidlər yaradıb. İndi Azərbaycanın yaxın illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanacağına kimsə şübhə etmir. Əslində, hər il əldə olunan uğurlar bizi böyük sürətlə qarşıya qoyulan bu hədəfə yaxınlaşdırır. Bəli, Azərbaycan Yaxın Şərqin neft və qazla zəngin bəzi dövlətlərindən fərqli olaraq nəinki iqtisadiyyatının şaxələndirilməsinə nail olub, eyni zamanda zəngin resursların gətirdiyi uğurları davamlı iqtisadi inkişaf, sabitlik və demokratikləşmə istiqamətinə yönəldə bilib.

 

 

 

Azərbaycan güclü idman ölkəsinə çevrilib

 

 

 

Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə qazanılmış böyük nailiyyətlər hər bir azərbaycanlı kimi, ölkənin idman ictimaiyyətini də ürəkdən sevindirir, böyük qürur hissi yaradır. Möhtərəm Prezidentin seçkilərdəki layiqli qələbəsinə səs verənlər, ən əsası bu halal və layiqli qələbəyə ürəkdən sevinənlər sırasında idmançıların xüsusi yeri var. Səbəb hər kəsə gün kimi aydındır: dövlət başçısı həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanının inkişafı üçün daim əzmlə, səylə çalışıb, beynəlxalq yarışlarda üçrəngli bayrağamızın dalğalanması üçün əlindən gələni əsirgəməyib.

İlham Əliyevin fədakar səyləri nəticəsində Azərbaycan bu gün dünyada kütləvi idman ölkəsi kimi tanınır. Respublikamız müstəqillik illərində Atlanta (1996), Sidney (2000), Afina (2004), Pekin (2008), London (2012) olimpiya oyunlarında yüksək səviyyədə iştirak edib. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyev ölkədə idmanın inkişafı üçün misli görünməmiş addımlar atır. Sadə bir fakt: ABŞ olimpiya oyunlarında qızıl medal qazanmış idmançıya 25 min ABŞ dolları mükafat verdiyi halda, Azərbaycanda bu məbləğ 800 min dollar təşkil edir. 2012-ci ilin yay aylarında bütün dünyanın diqqət mərkəzində olan XXX yay olimpiya oyunları da (London) Azərbaycan üçün kifayət qədər mühüm göstəricilərlə yadda qaldı. Respublika bu olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc medalla dünyanın 204 ölkəsi arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərar tutdu!

Ümumilikdə, son 10 ildə Azərbaycanda idman və olimpiya hərəkatında, habelə futbolun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Respublikanın regionlarında, şəhərlərində, kəndlərində idmanın kütləviləşməsinə xidmət edən kompleks tədbirlər həyata keçirilib, ən müasir standartlara cavab verən 40-a yaxın müasir olimpiya idman kompleksləri, stadionlar inşa olunub. Bu idman komplekslərində, stadionlarında son illərdə müxtəlif idman yarışları keçirilib. Ümumilikdə, Bakı son illərdə dünya miqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək beynəlxalq və Avropa olimpiya komitələrinin etimadını qazana bilib.

Bu da təsadüfi deyildir ki, ötən ilin dekabrında Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verib. Belə bir qərarın qəbuluna Azərbaycanın son illər ərzində iqtisadi cəhətdən sürətlə inkişaf etməsi, Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətlərdən biri olması, demokratikləşmə yolunda inamlı addımlar atması və digər amillər mühüm təsir göstərib. Bu gün Azərbaycan Qərblə Şərqin sərhəddində yerləşsə də, Avropanın ən sürətlə müasirləşən, irəliyə doğru addımlayan ölkələrindən sayılır. Ölkəmizin bu idman tədbirini yüksək səviyyədə keçirəcəyini təsdiqləyən başqa bir təcrübə də var: 2012-ci ildə Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsini böyük təşkilatçılıqla keçirərək öz mədəniyyəti, musiqisi, qonaqpərvərliyi ilə dünyanı heyran etdi. Bir daha təsdiqləndi ki, azərbaycanlılar müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, çox tolerantdırlar. Burada müxtəlif xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Avropa Oyunlarının belə bir tolerant ölkədə keçirilməsi də tamamilə məntiqlidir. Əminik ki, təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınan Bakı "Eurovision-2012" ilə başladığı uğur estafetini 2015-ci ildə də layiqincə davam etdirəcək. İnşallah, il yarım sonra Bakıda möhtəşəm idman tədbirinin canlı şahidi olacağıq!

İdman müasir dövrdə siyasətin ayrılmaz tərkibi olub, ölkəni tanıtmağın, populyarlaşdırmağın ən mühüm vasitələrindəndir. Dərin mənəvi-etik məzmun yükünə malik olan, insanlara Vətənə məhəbbət, sədaqət, milli qürur hissləri aşılayan idman, eyni zamanda cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsini artıran mühüm ideoloji-təbliğati vasitədir. Azərbaycan dövlətinin üçrəngli bayrağını ucaldan, himnini səsləndirən hər bir idmançı da dövlətimizin, xalqımızın qürurudur. Prezident İlham Əliyev bu reallıqları hər kəsdən daha düzgün dəyərləndirən lider kimi bu gün Azərbaycan idmançılarına hərtərəfli dəstək verir, onların dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunmasına çalışır. Ölkəmizdə idmanın kütləviləşməsi, o cümlədən futbolun inkişafı üçün görülən işlər bir tərəfdən respublikamızın dünya miqyasında tanıdılmasına, böyük nüfuz və rəğbət qazanmasına, digər tərəfdən isə insanlarımızın fiziki sağlamlığına, mənəvi kamilliyinə xidmət edir.

Azərbaycan idmançılarının Prezident İlham Əliyevin yüksək himayəsi ilə əhatə olunması ölkəmizin idman nüfuzunun yüksəlməsini təmin edir. 2012-ci ildə yaranmasının 20 illiyini qeyd etmiş Milli Olimpiya Komitəsinin (MOK), bir qayda olaraq hər ilin sonunda idman ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüş təşkil etməsi, ölkənin idman şərəfini layiqincə qoruyan, mötəbər yarışlarda bayrağımızı əzmlə ucaldan idmançıları mükafatlandırması da məhz bu qayğının bariz təcəssümüdür.

 

 

 

Futbol böyük siyasətdir

 

 

Bu qayğının mühüm tərkib hissəsi kimi Azərbaycanda dünyanın ən populyar, böyük izləyici auditoriyası, pərəstişkarları olan idman növlərindən biri sayılan futbolun inkişafı da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının qayğısı ilə son illər Azərbaycan futbolunun inkişafına, bu idman növünün maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olmuşdur. Prezident İlham Əliyev təməlqoyma mərasimində dərin məzmunlu nitq söyləyərək ölkədə futbolun inkişafının zəruriliyini bir daha diqqətə çatdırıb: "Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaq. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür... Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər".

Son illərdə paytaxtda və regionlarda müasir standartlara cavab verən bir neçə futbol stadionu inşa edilib, eyni zamanda tarixi ənənələri olan Tofiq Bəhrəmov adına Respublika Stadionu ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Bu möhtəşəm stadionda ötən il 17 yaşa qədər qızlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi, belə bir mötəbər yarışın məhz Azərbaycanda təşkili futbol tariximizin şanlı səhifələrindən biri kimi tarixiləşib.

Tam əminliklə deyə bilərik ki, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Respublika Prezidenti İlham Əliyev tərəfindən 10 oktyabr 2005-ci il tarixində imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoymuş, komandaların tərkibində alt qrupların yaradılması və uşaq futboluna diqqətin artırılması əsas hədəflərdən biri kimi qəbul olunub.

Dövlət Proqramının müddəalarına əsasən AFFA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində futbolumuzda uğurlar qazanılıb və daha böyük nailiyyətlərin təməli qoyulub. 2009-cu ildə "Futbol Akademiyası"nın inşası da Azərbaycan futbolunun tarixində çox əlamətdar hadisə olub. UEFA və

AFFA-nın maliyyə vəsaiti hesabına tikilmiş "Futbol Akademiyası" Azərbaycanda uşaq futbolunun inkişafında əhəmiyyətli rol oynayır. Burada gənc futbolçuların hazırlanması üçün yüksək səviyyəli şərait yaradılıb. Hazırda seçmə üsulu ilə "Bakı" futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, dünyanın bir çox ölkəsindən dəvət olunmuş mütəxəssislər öyrədir.

 

 

 

"Bakı" klubu Azərbaycanı dünyada layiqincə təbliğ edir

 

 

Dövlət proqramının qəbulundan sonra ölkəmizdə bu sahənin inkişafı istiqamətində ən qabaqcıl tədbirlər görən futbol klublarından biri də "Bakı"dır. Prezident İlham Əliyevin 2011-ci il sentyabrın 8-də "Bakı" futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirakı son dərəcə qürurverici və əlamətdar hadisə kimi yaddaşımızda silinməz iz buraxıb. Prezident yaradılan şəraiti yüksək dəyərləndirərək "Bakı" klubunun təşəbbüsünü alqışlayıb: "Mən sizi gözəl bazanın yaradılması ilə əlaqədar təbrik edirəm. Görülən işlər təqdirəlayiqdir. "Bakı" futbol klubunun təcrübəsi və təşəbbüsü dəstəklənməlidir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanın bütün klublarının belə gözəl infrastrukturu olacaqdır".

Müasir dövrdə güclü komanda yaratmaq, onu beynəlxalq miqyasda tanıtmaq üçün dünya təcrübəsindən yararlanmaq, dünyanın aparıcı komandaları ilə sıx əməkdaşlıq etmək zəruridir. "Bakı" klubu son illər bu istiqamətdə böyük uğurlara imza atıb. Artıq Avropanın bir sıra nəhəng komandaları klubumuzla maraqlanır və onunla əməkdaşlığa böyük səylə razılıq bildirirlər. Onlardan biri də İspaniyanın ən böyük klublarından olan "Atletiko" (Madrid) komandasıdır. "Bakı" ilə "Atletiko" (Madrid) klubları Azərbaycan futbol tarixində misli görünməmiş bir əməkdaşlığa imza atıblar. Layihə çərçivəsində yüzlərlə gənc yerli futbolçu Madriddə "Atletiko" futbol akademiyasında təhsil alaraq ölkə futbolunun gələcəyinə böyük töhfələr verəcəklər. "Bakı" klubu tərəfindən maliyyələşdiriləcək layihə çərçivəsində seçimlər AFFA və paytaxt klubu tərəfindən təşkil olunacaq və Madrid komandasının skautları öz seçimlərini edəcəklər. Üç il ərzində yüzlərlə azərbaycanlı futbolçunun Madrid Akademiyasında uzunmüddətli təlimi və tədrisi nəzərdə tutulur. Çin, Tailand, ABŞ və digər ölkələrdə akademiyası olan "Atletiko" Madrid klubunda tədris görəcək yeniyetmə istedadlı uşaqlar üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də 2016-cı ildə ölkəmizdə keçiriləcək gənclər arasında Avropa çempionatının final mərhələsində milli komandamızın əsasını təşkil etməkdir. Layihə çərçivəsində seçilən uşaqlar "Atletiko" klubunun ulduz futbolçuları ilə birlikdə məşqlər etmək imkanı əldə edəcəklər. Onlar "Atletiko"nun müxtəlif yaş qruplarında çıxış edən komandaların heyətlərində oynayaraq həm təcrübələrini, həm də fiziki göstəricilərini artıracaqlar.

Ümumiyyətlə, bu gün üçün futbol böyük siyasətin tərkib hissəsidir. Bu idman növünün inkişafı sayəsində Azərbaycanı dünyaya tanıda, təbliğ edə bilərik. Bu baxımdan "Bakı" klubu üzərinə düşən məsuliyyəti unutmur. "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) sözlərinin "Atletiko Madrid" (İspaniya) və "Lans" (Fransa) kimi dünya şöhrətli klubların formalarının üzərində yazılması Azərbaycan adının dünyaya tanıdılmasına xidmət edir.

Cari ilin aprel ayında "Bakı" klubu ilə əməkdaşlıq çərçivəsində "Atletiko"(Madrid) klubunun Azərbaycana səfəri futbolsevərlər arasında böyük sevincə səbəb oldu. Ən fərəhli hal isə Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan İspaniyanın "Atletiko Madrid" futbol klubunun heyətini qəbul etməsi olmuşdur. Dövlət başçısı görüşdə demişdir: "Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır... Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir".

"Land of fire Azerbaijan" brendi yalnız İspaniya ilə məhdudlaşmır. Belə ki, "Bakı" və "Lans" arasında keçdiyimiz günlərdə Parisdə əməkdaşlıq sazişi imzalanmışdır. Bu da Fransa təmsilçisinin formalarının üzərində "Odar Yurdu Azərbaycan" yazılması ilə yanaşı, azərbaycanlı yeniyetmə futbolçuların Fransada çıxışı üçün xüsusi önəm daşıyır.

Ümumiyyətlə, hazırki dövrdə Azərbaycanla Fransa arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Çox fərəhli haldır ki, "Land of fire Azerbaijan" brendi İspaniyadan sonra dünyanın ən güclü dövlətlərindən biri sayılan Fransada da özünə layiqli yer tapmışdır. Fransanın ən köklü klublarından biri olan "Lans" bu mövsümdən etibarən uzun fasilədən sonra öz keçmiş günlərini "Land of fire Azerbaijan" adı altında yenidən xatırlamağa başlamışdır. Ötən mövsümü 12-ci yerdə başa vuran "Lans" indi turnir cədvəlində ikinci yerdədir və yüksək liqada oynamağa ən layiqli namizədlərdən biridir.

Ən qürurverici hal ondan ibarətdir ki, Azərbaycanın bayrağı komandanın Feliks Bolların adını daşıyan 41 mindən çox azarkeş tutumu olan arenanın ən hündür hissəsində dalğalanır. Bayraq hər bir dövlətin, millətin rəsmi atributlarından biridir. Bu atribut hər bir millət üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün ona canlar fəda olunur. Uğrunda canlar fəda olmuş bayraqlardan biri də üçrəngli, ay-ulduzlu hilalımız - Azərbaycan bayrağıdır. Fransa kimi nəhəng bir dövlətdə dalğalanan bayrağımız ən güclü erməni lobbisinin yer aldığı bu ölkədə böyük qısqanclıqla qarşılanmaqdadır. "Lans"dakı yenilik bədnam qonşularımızı və onların diaspor təşkilatlarını o səbəbdən qıcıqlandırır ki, bundan sonra bu sahəyə əlləri girməyəcək, yad ünsür kimi kənara atılacaqlar.

Bizim üçün mənəvi əhəmiyyəti böyük olan bayrağımızın stadionda dalğalanması və "Land of fire Azerbaijan" brendi sayəsində bundan sonra Fransada Azərbaycanın adı Ermənistandan çox çəkiləcək. Telekanalların hazırlayacağı verilişlər Azərbaycan həqiqətlərini, ermənilərin 20 faiz torpaqlarımızı işğal etməsi faktını üzə çıxaracaq.

Bu gün "Lans" Fransanın uşaq akademiyaları içində ən güclüsünə sahibdir. Hazırda ölkənin özündə və ondan kənarda "Lans"ın yetişdirdiyi 1000-dən artıq oyunçu çıxış edir. Erməni lobbisi klubun alt qruplarında öz övladlarını və Ermənistandan gətirdikləri uşaqları yerləşdirməkdə heç vaxt çətinlik çəkməmişdir. Artıq bu, mümkün olmayacaq. Klubun qapıları bundan sonra yalnız azərbaycanlıların üzünə açıq olacaq. Hər il 3-ü əsas komanda olmaqla, 15 gənc həmyerlimiz "Lans"a yollanacaq.

Sonda bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin seçkilərdəki layiqli qələbəsi "Bakı" klubunu daha böyük qələbələrə ruhlandırır. Hesab edirik ki, Azərbaycan idmançılarının mötəbər turnirlərdə uğur qazanmaları, respublikamızı ləyaqətlə təmsil etmələri üçün ən böyük stimul onların Vətənə, xalqa məhəbbəti ilə yanaşı, həm də Prezidentin yüksək diqqət və qayğısıdır. İdmançılarımız onlara göstərilən yüksək qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətini dərk edirlər. Eləcə də futbolçularımız dövlətimizin, xalqımızın idman şərəfini bundan sonra da daim qorumağa, bayrağını ucaldaraq himnini səsləndirməyə əzmlə çalışacaqlar.

 

 

Hafiz MƏMMƏDOV,

"Bakı" futbol klubunun prezidenti

Azərbaycan.-2013.- 8 noyabr.- S.4.