Azərbaycan
Respublikasında Ünvan Reyestrinin
fəaliyyətini
təmin edən informasiya sistemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 1 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu əsasnamə "Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli
27 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında Ünvan
Reyestrinin aparılması və
daşınmaz əmlak obyektlərinə ünvan
verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və Ünvan
Reyestri İnformasiya Sisteminin (bundan sonra - ÜRİS) fəaliyyətinin təşkilinin
hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. ÜRİS Ünvan Reyestrinin məlumat
bazasının elektron idarə edilməsini, həmçinin ünvan
reyestri ilə inteqrasiya
olunan digər dövlət
orqanlarının informasiya sistemləri
vasitəsilə qarşılıqlı məlumat mübadiləsini
təmin edən informasiya sistemidir.
1.3. ÜRİS-in
operatoru Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsidir.
1.4. ÜRİS-lə
inteqrasiya olunacaq digər
dövlət orqanlarının (bundan sonra - istifadəçilər) informasiya
sistemlərinin dairəsi Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
1.5. ÜRİS-in
saxlanılma, fəaliyyət və inkişaf
xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşdirilir.
1.6. Bu
Əsasnamə dövlət sirri təşkil
edən məlumatların inteqrasiyasına şamil
edilmir.
2.
ÜRİS-in strukturu və
prinsipləri
2.1. ÜRİS mərkəzləşdirilmiş
informasiya sistemidir. İstifadəçilər ünvan məlumatlarını
ÜRİS-in mərkəzi paylayıcı serverindən
dövlət informasiya-kommunikasiya
xətləri və ya internet xidmətləri vasitəsilə əldə
edirlər.
2.2. ÜRİS-in tərkib hissələri onun yaradılmasında istifadə
olunan proqram təminatları, lisenziyalar
və bütün texniki vasitələrdən
ibarətdir.
2.3. ÜRİS-in texniki vasitələrinə serverlər,
kommunikasiya avadanlığı,
informasiyanın mühafizə
vasitələri aiddir.
2.4. ÜRİS-də yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən
istifadə edilir.
2.5. Daşınmaz əmlak
obyektinin ünvanı
sistemə daxil edilərkən aşağıdakı
prinsiplərə cavab
verməlidir:
2.5.1. Birqiymətlilik - daşınmaz əmlak obyektinin ancaq bir rəsmi ünvanının və
onun bir yazılış formasının
olması;
2.5.2. Unikallıq - eyni
bir inzibati ərazi vahidində iki müxtəlif daşınmaz əmlak obyektinin eyni ünvana malik olmaması;
2.5.3. Səhihlik - daşınmaz
əmlak obyektlərinə
ünvanların verilməsi,
dəyişdirilməsi, qorunub
saxlanılması və
ləğv edilməsi ilə
bağlı rəsmi qaydalara əməl edilməsi.
2.6. ÜRİS-ə məlumatların
daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən
müəyyən edilən
texniki reqlamentə uyğun olaraq yerinə yetirilir.
2.7. Ünvanlar təyin
edildikdən sonra
ÜRİS-in operatoru tərəfindən
yoxlanılır, doğru
olduğu halda təsdiqlənir və mətn məlumat bazasında saxlanılır,
əks halda müvafiq düzəlişin
edilməsi üçün
ünvanı təyin
edən istifadəçiyə
qaytarılır. Təsdiqlənmiş
ünvanlar ÜRİS-də açıq elan olunur.
2.8. Hər bir giriş ünvanı malik olduğu
koordinatlarla birlikdə ÜRİS-in mətn məlumat
bazasında saxlanılır.
2.9. ÜRİS ilə istifadəçilər
arasında informasiya mübadiləsi "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi"
haqqında Azərbaycan Respublikasının Qanunu əsasında
aparılır.
3.
ÜRİS-in funksiyaları
3.1. ÜRİS-in funksiyaları
aşağıdakılardır:
3.1.1. eyniləşdirmə -
ünvan daşınmaz əmlak obyektini təkrarlamadan (unikal
olaraq) eyniləşdirilməlidir (identifikasiya edilməlidir);
3.1.2. nömrələmə
(işarələmə)-daşınmaz əmlak obyektini
nömrələyir (işarələyir);
3.1.3. məkan bağlantısı -
daşınmaz əmlak obyektinin ünvanı onun coğrafi
olaraq konkret nəqliyyat infrastrukturu obyektinə aid olduğunu və
həmin nəqliyyat infrastrukturu obyektinə bağlı
daşınmaz əmlak obyektlərinin nömrələnməsi
sistemindəki mövqeyini təyin edir;
3.1.4. nəqliyyat infrastrukturu obyektini
yerləşdiyi inzibati ərazi vahidinə bağlayır.
3.2.
ÜRİS-də toplanan məlumatlardan istifadə
aşağıdakı hallarda həyata keçirilir:
3.2.1. daşınmaz əmlak
obyektinin ünvanı barədə məlumatın əldə
edilməsi;
3.2.2. nəqliyyat infrastrukturu obyekti,
daşınmaz əmlak obyektinin ünvanı barədə xəritə
məlumatlarının əldə edilməsi;
3.2.3. daşınmaz əmlak
obyektinin əvvəlki ünvan məlumatlarını daxil etməklə
yeni ünvan məlumatlarının əldə edilməsi.
3.3.
ÜRİS ünvan reyestri və qrafik komponentlər
əsasında aşağıdakı qaydada təşkil
edilmişdir:
3.3.1. ÜRİS-in ünvan reyestri komponenti mətn məlumatlarının
məlumat
bazasına daxil edilməsini, ünvan məlumatının
funksionallığının yenilənməsini və
ünvan məlumatının paylanmasını təmin edir;
3.3.2. Qrafik komponent ünvan reyestrini dəstəkləyir,
coğrafi informasiyalardan və ortofoto xəritələrdən
istifadə funksionallığını təmin edir, ünvan
reyestrinin mətn məlumat bazasından seçilən məlumatları
xəritə üzərində təyin edir.
4.
ÜRİS-in fəaliyyətinin təşkili
4.1. ÜRİS-in istismarının,
inkişafının və təhlükəsizliyinin təşkili,
göstərilən sahələrdə nəzarət və
idarələrarası qarşılıqlı fəaliyyətin
əlaqələndirilməsi ÜRİS-in operatoru
tərəfindən həyata
keçirilir.
4.2. Dövlət orqanlarının informasiya sistemlərinin
ÜRİS-lə inteqrasiyası üçün həmin
informasiya sistemləri aidiyyəti dövlət orqanları tərəfindən
Operatorun müəyyən etdiyi texniki tələblərə
uyğunlaşdırılır.
4.3. ÜRİS-in operatoru:
4.3.1. ÜRİS-in məlumat bazalarında olan
bütün informasiyaların qorunmasına, icazəsiz
daxilolmaların və təhrifetmələrin
aparılmamasına görə cavabdehlik daşıyır;
4.3.2. ÜRİS-in texniki-texnoloji infrastrukturunun istismarını
təmin edir;
4.3.3. ÜRİS-dən istifadə vərdişlərinin
formalaşdırılmasını və daim təkmilləşdirilməsini
təmin edir;
4.3.4. Proqram təminatı və texniki vasitələrin
işlək vəziyyətdə olmasını və istismar
zamanı aşkar edilən səhvlərin və
nasazlıqların təhlil edilməsini və aradan
qaldırılmasını təmin edir;
4.3.5. ÜRİS-in malik olduğu məlumat
bazasının saxlanılmasını, bərpa edilməsini,
ehtiyat surətlərinin yaradılmasını və təhlükəsizliyini
təmin edir;
4.3.6. Məlumatların ÜRİS-ə
müəyyən olunmuş qaydada, vaxtında və
düzgün daxil edilməsini təmin edir.
4.3.7. ÜRİS-də informasiya təhlükəsizliyini
təmin edir;
4.3.8. ÜRİS üçün internet portalın
yaradılmasını, portal vasitəsilə dövlət
orqanlarına, bələdiyyələrə, fiziki və
hüquqi şəxslərə elektron xidmətlərin
göstərilməsini və bu portalda ünvanlaşdırma
sahəsində yeniliklər haqqında məlumatların yerləşdirilməsini
təmin edir.
4.4. Toplanmış
təcrübə, perspektiv
istiqamətlər, prioritetlər,
müasir standartlar, yeni texnologiyalar nəzərə alınaraq
ÜRİS-in fəaliyyətinə və inkişafına dair perspektiv və illik tədbirlər
planları Operator tərəfindən
hazırlanır və
Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
Azərbaycan.- 2013.- 3 noyabr.-
S.2.