Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycanın Konstitusiyası

 demokratik, hüquqi dövlət quruculuğunun təminatçısıdır

 

Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə paralel şəkildə, tarixdə ilk dəfə olaraq milli dövlət, müstəqil siyasi dövlət, demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda  və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üzdurmuşdur. Əgər tarixə nəzər salsaq, dövlətçilik quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn  bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir.

Bu mərhələləri daha sürətlə və qətiyyətlə keçməyə müvəffəq olan, demokratiyainsan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq qalanhüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası bu gün insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini əldə etməklə yanaşı, insan hüquqlarının təmini, inkişaf etdirilməsi, qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı. Məhz ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğuna başlandı, söz, fikir və mətbuat azadlığı etibarlı şəkildə təmin edildi, insanların sərbəst toplaşmasına, öz fikirlərini azad ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası yaradıldı.

 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazıldı. İctimai-siyasi sabitliyinqanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olduümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Böyük öndər əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqqın və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.

1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərarı da bu zərurətdən yaranmışdı. Dəfələrlə bu layihənin açıq müzakirəsini təşkil edərək ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən ulu öndər Konstitusiya layihəsinin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.

"Biz  elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" - deyən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü.

 

Nəticədə, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas hüquqlar və azadlıqlar təsbit olundu, Azərbaycanda sözfikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqləndi.

Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi birinci Konstitusiya həm bütün qabaqcıl demokratik ölkələrin qanunvericiliyində təsbit olunan, həm də beynəlxalq hüquqnormalarda nəzərdə tutulan  insan hüquq və azadlıqlarının geniş əhatəsini özündə əks etdirən ilk hüquqi sənəd olmuşdur. Azərbaycanın dövlətçilik tarixində hüquqi dövlətin və qanunun aliliyinin prioritetliyi, demokratik ənənələr  həmin vaxta qədər olmamışdır. Buna görə də ümummilli liderin qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarının mahiyyətinin təsbit olunması onun ən dəyərli cəhətlərindən idi.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyərək vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edirdi. Ümummilli lider Heydər Əliyevin Əsas Qanunumuzla bağlı söylədiyi - "Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir" fikri, zənnimizcə, bu ali hüquqi sənədin dövlət və cəmiyyətdəki roluna verilən ən mühüm qiymətdir.

Konstitusiyada əksini tapmış mühüm müddəalardan biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər.     

Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən birihüquqi dövlətin ayrılmaz atributu olanmüasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Əsas Qanunda öz əksini tapan prinsiplər çərçivəsində ölkəmizdə daha sonra həyata keçirilmiş məhkəmə-hüquq islahatları, məhkəmə hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə etməsinə geniş imkanlar yaratmışdır. Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına yönəlmiş qanunvericilik bazası formalaşmış, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi üçün çoxpilləli məhkəmə sistemi yaradılmışdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının xüsusiyyətlərindən biri də həmin dövrədək ölkəmizdə məhkəmə sistemi üçün səciyyəvi olmayan yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq konstitusiya nəzarəti orqanı - Konstitusiya Məhkəməsinin təsis edilməsi olmuşdur. 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı və ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı fərmanla bu orqan rəsmi fəaliyyətə başlamışdır.

Konstitusiyanın yüksək məziyyətləri insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın və geniş göstərilməmişdir.

Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə  inteqrasiyası  ilə  əlaqədar bir sıra hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş və bunun yerinə yetirilməsi yönündə mühüm addımlar atılmışdır.

Müstəqil dövlətimizin siyasi həyatında cərəyan edən siyasi proseslər, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi Avropa xalqları ailəsinə inteqrasiyanın güclənməsi, beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın mətninə müvafiq dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Məhz bununla əlaqədar Heydər Əliyev 2002-ci il 22 iyun tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq səsverməsinə çıxardı. Azərbaycan Respublikasının Milli Məclisi 2002-ci il 29 iyul tarixli iclasında bu sənədi geniş müzakirə edərək, Azərbaycanın parlaq inkişafına xidmət edən bu təşəbbüsü müsbət qiymətləndirdi. Milli Məclis xalqa müraciət edərək onu referendumda fəal iştirak etməyə çağırdı. Avqustun 24-də xalqımız ölkə Prezidentinin  müdrik təşəbbüsünü dəstəkləyərək Konstitusiyaya dəyişikliklər edilməsinin lehinə səs verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi problemlərin tədricən həllini tapması ilə yanaşı, demokratikhüquqi islahatlara olan ictimai marağı daha da gücləndirdi. İnsanların hüquq və azadlıqlarının daha  yüksək səviyyədə təmini ilə bağlı dövlətdən gözləntiləri artdı.

Bütün bunları nəzərə alaraq 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumu keçirildi.

Referendumda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Konstitusiya islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və sazişlərə uyğunlaşdırılması prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Konstitusiyanın 12-ci maddəsinə edilmiş dəyişiklik sosialyönümlü xarakter daşımaqla Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlirdi. Bu əlavənin Konstitusiyada əksini tapması respublikamızın iqtisadi siyasətində sosialyönümlü məsələlərin həllinin prioritetə çevrilməsi ilə şərtlənirdi.

Referendumun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir.

Referendumun mühüm nəticələrindən biribudur ki, Azərbaycan Konstitusiyasının hüquqisiyasi funksiyası ilə yanaşı, ideoloji funksiyası da təkmilləşdirildi.

Bütövlükdə, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu ilin referendum aktı da tamamilə təbii və məntiqəuyğun olub, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlirdi. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirir.

Bu baxımdan 2009-cu il Referendum aktında əksini tapmış əlavə və dəyişikliklər də məhz mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşdırılmışdır.

Referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür. Ümumxalq referendumunun nəticələri həm də təsdiqlədi ki, Azərbaycan seçicisi Konstitusiyaya edilən dəyişiklikləri həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir. 2013-cü ilin oktyabr ayında  keçirilmiş növbəti prezident seçkilərində İlham Əliyevin möhtəşəm qələbəsi də məhz düzgün  dəyərləndirmənin bariz nümunəsi və məntiqi nəticəsi sayılmalıdır.

Azərbaycan Konstitusiyası bu gün beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artan ölkəmizin hərtərəfli inkişafının təminatçısıdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır.

"1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir"- deyən dövlətimizin başçısı İlham Əliyev öz gündəlik fəaliyyətində daim bu Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Bunu hazırda ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri təsdiq edir.

 

 

Əli HÜSEYNLİ,

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti

 və dövlət quruculuğu komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan.-2013.- 8 noyabr.- S.5.