Azərbaycanda sosial məsələlər uğurla həll olunur

 

Milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir. İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliyinə imkan verir. 2012-ci ilin ötən dövründə ən yaddaqalan sosial layihələrdən biri ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan Fərman imzalaması və prosesin uğurla reallaşmasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir.

Prezident İlham Əliyev Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində bildirib: "Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə, dünya rekordudur. Eyni zamanda Azərbaycanda sosial məsələlərin həllinə də böyük diqqət göstərilmişdir. Çünki köklü iqtisadi islahatlar aparılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür. Azərbaycan son 20 il ərzində transformasiya dövrünü yaşamış bir ölkə kimi əlbəttə ki, bu risklərdən də özünü qorumalı idi. Çünki bizim müstəqilliyimizin cəmi 22 yaşı vardır və 22 il ərzində biz müstəqil, azad ölkə kimi fəaliyyət göstəririk. Eyni zamanda cəmi 20 ildir ki, Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur. Biz nəinki müstəqil deyildik, eyni zamanda Sovet İttifaqında mövcud olan iqtisadi sistem də əlbəttə ki, səmərəli fəaliyyət göstərə bilməzdi. Ona görə bizim üçün transformasiya iki istiqamətdə gedirdi. İlk növbədə biz dövlətçiliyin əsaslarını qoymalı, möhkəmləndirməli idik, bütün demokratik təsisatlar qurulmalı idi, Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Eyni zamanda iqtisadi sahədə köklü islahatlar aparılmalı idi, çünki bunsuz inkişafımız mümkün olmazdı".

Ölkə başçısının fəaliyyətində diqqətçəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün reallığa adekvat konkret proqramların işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına hesablanan fərman və sərəncamlarının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Məhz bu sənədlərin imzalanması qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyev forumun açılış mərasimində demişdir: "Əlbəttə, bu islahatların aparılması bir çox hallarda insanların yaşayış səviyyəsinə mənfi təsir göstərə bilərdi. Ancaq bizim siyasətimiz və ciddi sosial siyasət ona gətirib çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda insanların rifah halına da müsbət təsir göstərmişdir. Bunu sübut etmək üçün mən bir neçə rəqəmi misal gətirmək istəyirəm. İqtisadiyyat 10 ildə 3,4 dəfə artmışdır. Büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır.

On il əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. 10 ildə Azərbaycanda bir milyon 200 min yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir. Eyni zamanda bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır. Ciddi və məqsədyönlü sosial siyasət bizə imkan verdi ki, ölkə inkişaf etsin və insanların rifah halı yaxşılaşsın".

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulması, əyalətlərin mavi yanacaqla təchizatı özəl sektorun inkişafına müsbət təkan vermişdir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işlərinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. "ASAN xidmət" ilk növbədə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biriodur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.

İdeyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilir və təqvimin bütün günlərində açıq olur. "ASAN xidmət" mərkəzlərində çalışan vergi, ədliyyə, gömrük, əmlak, sosial müdafiə, daxili işlər, miqrasiyas. dövlət orqanlarının əməkdaşları vətəndaşlara müasir və keyfiyyətli xidmətlər göstərirlər. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır.

Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regiondadünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Hazırda icrasına start verilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək  ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

2013-cü ilin 9 ayında Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır.

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 8 noyabr.- S.5.