Dünənə ehtiram, bu günə inam,
sabaha ümidlə
Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə mürəkkəb və taleyüklü bir siyasi prosesə yekun vuruldu: mütləq çoxluğun iradəsinə əsaslanan azad, ədalətli, şəffaf və demokratik seçkilərdə layiqli qələbə qazanan cənab İlham Əliyev xalqa və dövlətə sədaqət andı içərək növbəti beş il üçün ölkəyə rəhbərlik missiyasını üzərinə götürdü. Dövlətimizin hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş bu seçkilər xalqın sabitlik, tərəqqi və intibah kursuna dərin etimadını növbəti dəfə təsdiqlədi. Siyasi təfəkkürü kifayət qədər yetkinləşmiş Azərbaycan vətəndaşları sabitlik, tərəqqi və intibaha xidmət edən mövcud siyasi kursu dəstəklədiklərini bir daha nümayiş etdirdilər.
Xalqın mənafeyi ön plandadır...
Böyük əksəriyyət müdrik seçim edərək xalq üçün çalışan, dövlətin hərtərəfli inkişafını təmin edən, gələcək nailiyyətlərinə etibarlı zəmin hazırlayan komandaya, konkret, əməli siyasətə səs vermişdir. Ötən dövrdə respublikamızın inanılmaz sosial, iqtisadi, siyasi, diplomatik və s. uğurları, habelə əvvəlki illərdə əsası qoyulmuş qlobal layihələrin davam etdirilməsi zərurəti ictimai rəyin düzgün və birmənalı seçiminə təsir etmiş, səsvermədə iştirak edənlərin 84,54 faizi özünü tam təsdiqləmiş komandanın zəfərini dəstəkləmişdir. Son seçkilərdə ölkə vətəndaşları, ilk növbədə xalqının və dövlətinin gələcəyini düşünərək davamlı sabitliyin və sürətli inkişafın təminatçısı olan Prezident İlham Əliyevə etimad göstərmişdirlər.
Cənab İlham Əliyevin prezident seçkilərində qazandığı parlaq qələbənin bir mühüm səbəbi də var: dövlət başçısı son 10 ildə insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Oktyabrın 19-da xalqa və dövlətə sədaqət andı içən Prezident İlham Əliyev dərin məzmunlu nitqində bu siyasətin qarşıdakı 5 ildə də davam etdiriləcəyini vurğulamışdır: "Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq".
Vətəndaşa layiqli xidmət örnəyi
Son 10 ildə dövlət idarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosal-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab etmiş, eyni zamanda mövcud nöqsanlar, çatışmazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tez bir zamanda aradan qaldırılmasına çalışmışdır. Hökumətin hər rüb üzrə hesabatlarının açıqlanması Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyi ilə yanaşı, şəffaflığına, hesabatlığa dəlalət edir. İctimaiyyətin böyük maraqla qarşıladığı bu toplantılar, eyni zamanda ölkəmizin qısa müddətdə qazandığı böyük uğurlara, möhtəşəm nailiyyətlərə işıq salır. İqtisadi sahədə əldə edilən uğurlar özünü quru və çansıxıcı rəqəmlərdə deyil, vətəndaşların gündəlik həyatında, məişətində, yaşayış tərzində əksini tapır. Bir daha təsdiqlənir ki, möhtərəm Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə xalqın xoş gününün, səadətinin təminatçısı, firavanlığının səbəbkarıdır.
"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən cənab İlham Əliyev son 10 illik fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də vətəndaşlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, iri layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə reallaşdırmaqla xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.
Ekstremal vəziyyətlərə çevik reaksiya
Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən təhlükə meyillərinə qarşı qətiyyətli mövqe tutur, mövcud şəraitə adekvat tədbirlər həyata keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Bütün bunlar da hər bir dövlət rəhbərindən siyasi peşəkarlıq, erudisiya, uzaqgörənlik, praqmatizm, qətiyyətlilik, ən başlıcası, xalqına bağlılıq kimi mühüm keyfiyyətlər tələb edir.
Hələ 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra ölkə başçısının xalqın dəstəyi ilə nümayiş etdirdiyi yüksək siyasi sayıqlıq, iradə və qətiyyət Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə qarşıdurma yaratmaq istəyən qüvvələrin çirkin niyyətlərini puça çıxarmışdır. Cənab İlham Əliyev eynilə ulu öndər Heydər Əliyev kimi ən çətin, təbəddülatlı vəziyyətlərdə yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirərək, eyni zamanda liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlamışdır.
Dövlət başçısı İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır.
Prezident İlham Əliyevin son 10 ildə apardığı kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını vacib sayır. Nazirlər Kabinetinin bir müddət əvvəl təsdiqlənmiş yeni tərkibi fonunda bunu bir daha əminliklə söyləmək mümkündür.
İnsan amilinə həssas münasibət
Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri də onun ölkədə baş vermiş istənilən ekstremal vəziyyətdə operativ və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir: "Bizi xalq seçib, bizim də vəzifəmiz odur ki, xalqın etimadını öz fəaliyyətimizlə doğruldaq" - deyən cənab İlham Əliyev hər hansı fövqəladə vəziyyət zamanı hökumət üzvlərini dərhal monolit komanda kimi səfərbərliyə alır, lazımi tapşırıqlar, göstərişlər verir. Eyni zamanda həyata keçirilməli işlərlə bağlı dəyərli təklif və tövsiyələrini açıqlayır.
Dövlət rəhbəri komandasında təmsil olunan şəxslərlə səmimi və qarşılıqlı hörmətə, məsuliyyətə əsaslanan rəftarın tərəfdarıdır. Amma bütün bunlar yeri gəldikcə İlham Əliyevin yetərincə prinsipial qərarlarını, qəti addımlarını da istisna etmir. Dövlət başçısı hökumətin fəaliyyətini son 10 ildə özünəməxsus tələbkarlıqla saat mexanizmi kimi təkmilləşdirmiş, cilalamışdır. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. "Xalqa doğru - haqqa doğru" prinsipinə əsaslanan bu siyasət vətəndaşların dövlət rəhbərinə olan sevgisini, rəğbətini, inamını artırmışdır.
Ölkə vətəndaşları çətin anlarda ilk dəstəyi həmişə inanaraq etimad göstərdikləri liderdən almışlar. Prezident İlham Əliyev hələ səlahiyyətlərinin icrasına başladığı ilk aylarda - 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım ayrılması üçün tapşırıqlar vermişdir. Eyni zamanda qayğısı və insanpərvərliyi ilə dövlət məmurlarına əsl nümunə, örnək göstərmişdir.
Əslində, son 10 ildə bu cür faktların yetərincə şahidi olmuşuq: məsələn, İlham Əliyev 2005-ci ilin iyun ayında "Bakı Soveti" metrostansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarət almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına zəruri yardımlar edilməsi barədə də tapşırıqlar vermişdir.
2007-ci il avqustun 29-da Bakının Yasamal rayonu ərazisində hündürmərtəbəli binanın uçmasına göstərilən çevik reaksiyanı da xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev dərhal hadisə yerində olaraq uçqunun altında qalmış insanların xilas edilməsi, hadisənin səbəblərinin tam araşdırılaraq lazımi ölçülərin götürülməsi üçün xüsusi hökumət komissiyası yaratmışdır.
Kürətrafı ərazilərin su altında qalması zəminində yaranmış fövqəladə vəziyyətlə bağlı 2010-cu il mayın 7-də İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə dövlət başçısının ölkə vətəndaşlarının problemlərinə böyük həssaslıqla yanaşmasının təzahürüdür. Zaqatalada zəlzələdən zəzərçəkmiş insanlar üçün yeni fərdi evlərin inşası, Misirdəki gərgin vəziyyətlə bağlı orada yaşayan azərbaycanlıların xüsusi təyyarə ilə təxliyə olunması, Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya olunaraq dərhal əfv edilməsi, habelə son vaxtlar Rusiyadakı soydaşlarımızın problemlərinin həlli üçün qətiyyətli addımların atılması və sadalamadığımız digər faktlar İlham Əliyevin fəaliyyətində insan və vətəndaş amilinin daim ön planda dayandığını göstərir.
Davamlı inkişaf - sosial rifah!
Prezident İlham Əliyev son 10 ildə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasını, insanları narahat edən problemlərin aradan qaldırılmasını hökumət qarşısında ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Müstəqil Azərbaycanın bu müddətdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Hazırda ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar.
Praqmatik liderlik keyfiyyətlərinə malik ölkə başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Nəticədə respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.
Dövlətimizin rəhbərinin oktyabrın
19-da keçirilmiş andiçmə mərasimində son 10
ildə Azərbaycan qədər sürətlə inkişaf
edən ikinci bir ölkənin olmadığını
vurğulamışdır: "On ildə Azərbaycan
iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər
ilk illərdə bu artım daha çox neft amili sayəsində
olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu
artımı təmin edir və gələcəkdə də
təmin edəcəkdir. Son
on il ərzində Azərbaycanda 1 milyon 200
min yeni iş yeri açılmışdır ki, onlardan 900
mini daimi iş yeridir. İşsizlik kimi ciddi
problemin böyük hissəsi demək olar ki, həllini
tapmışdır. İşsizliyin səviyyəsi
təxminən 5 faiz civarındadır. Ancaq
elə etməliyik ki, biz növbəti illərdə
işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilmişdir.
Bölgələr abadlaşdı, canlandı.
Bölgələrdə infrastruktur
yaradıldı və regional proqramların icrası nəticəsində
bölgələrlə paytaxt arasında fərq azaldı.
Son on il ərzində ölkə
iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur və
bu sərmayənin təxminən yarısı xarici sərmayədir".
2003-2013-cü
illərdə əldə olunan iqtisadi inkişaf sosial problemlərin
həlli istiqamətində qətiyyətli addımların
atılmasına imkan yaratmış, yoxsulluğun səviyyəsi
44,7 faizdən 5,5 faizə
düşmüşdür. Azərbaycanda
güclü və ciddi iqtisadi islahatlar
düşünülmüş sosial siyasətlə
tamamlanır, bu məqsədlə dövlət büdcəsindən
böyük vəsaitlər ayrılır. Son 10 il ərzində
orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə
artmış, sosial infrastrukturun yaradılması
üçün böyük vəsait səfərbər
edilmişdir. Ötən illərdə Azərbaycanda
2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi
tikilmiş, tarixi abidələrimiz bərpa edilmişdir.
İlham Əliyevin son on ildə ən böyük
uğurlarından biri də Azərbaycan kəndinə şəhər
simasının gətirilməsi olmuş, cənubdan
şimala, şərqdən qərbə çoxsaylı
yaşayış məntəqələrində yeni sosial-mədəni
obyektlər - ən müasir tələblərə cavab verən
yeni məktəblər, səhiyyə ocaqları,
körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə
də mavi yanacaq üzü görməyən
Yardımlıya, Lerikə qaz çəkilmiş, Qubanın
ucqar dağ kəndi Xınalığa yol çəkilmiş,
daha bir fantastik layihənin - strateji əhəmiyyətli
Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın
yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan
insanının dövlətə, onun rəhbərinə
etimadını, sevgisini və rəğbətini daha da
artırır.
Qadın
hüquqlarının müdafiəçisi
Azərbaycanda insan amilinin yüksəlişinə xidmət
edən siyasətin mühüm tərkib hissəsi olaraq son 10
ildə qadınların cəmiyyətdə öz layiqli yerini
tapmalarına, ictimai həyatın bütün sahələrində
təmsil olunmalarına lazımi şərait
yaradılmışdır. Bu da təsadüfi
deyildir - xalqımız tarixən özünəməxsus dəyərlərə,
adət-ənənələrə bağlı olan yüksək
zəkalı, nəcib və xeyirxah xanımları ilə
qürur duymuş, ana adını uca tutmuş, qadına dərin
hörmət və ehtiramla yanaşmışdır.
Ölkədə
uğurla həyata keçirilən gender siyasəti fonunda
ölkə qadınları üzərlərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlir,
cəmiyyətin ictimai-siyasi həyatında yaxından
iştirak edirlər. Ölkədə gender siyasətinin tələblərinə
uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi
təmin olunmuş, dövlət strukturlarında
qadınların rolunun artırılması istiqamətində
ciddi addımlar atılmışdır. Hazırda
ölkədə 100-ə yaxın qeyri-hökumət qadın
təşkilatı fəaliyyət göstərir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin
inkişafına hərtərəfli dəstək verməsi
qeyri-hökumət təşkilatları şəbəkəsinin
genişlənməsi üçün etibarlı zəmin
formalaşdırır.
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli Sərəncamı
gender sahəsində vahid dövlət siyasətini həyata keçirən
komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi
yenidən formalaşdırılmışdır. Bu təşkilatın
Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən
yeganə dövlət strukturu olduğu da xüsusi qeyd
olunmalıdır. Milli Məclisdə qəbul olunmuş
"Gender (kişi və qadınların) bərabərliyinin
təminatları haqqında", habelə "Məişət
zorakılığı haqqında" qanunlar
respublikamızda qadınların hüquqlarının
etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə
malikdir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyasının fəal
iştirakı ilə son illərdə ölkədə
qadınların ictimai-siyasi fəallığı
artmış, dövlət idarəçiliyi sistemində
onların iştirakı təmin edilmişdir. Müxtəlif
nazirliklər və icra hakimiyyəti orqanlarında
qadınların hüquqlarının müdafiəsi ilə məşğul
olan cavabdeh şəxslər təyin edilmişdir.
Qürurla deyə bilərik ki, 2010-cu ildə
keçirilmiş parlament seçkilərinin nəticələrinə
görə, YAP-ı Milli Məclisdə təmsil edən
xanım deputatların sayı 7 nəfərdən 15 nəfərə
yüksəlmişdir.
YAP-ın
ilbəil güclənməsi, sıralarını
artırması onun tərkibində qadınların rolunu da
gücləndirir. Hakim partiyanın üzvü
olan qadınlar idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət
müəssisələrində öncül sıralarda təmsil
olunur, ölkəmizin inkişafına layiqli töhfələrini
verirlər. Hazırda partiya üzvlərinin
təxminən 47 faizini qadınlar təşkil edir. Bu baxımdan YAP Qadınlar Şurasının partiya
fəaliyyətinin uğurla həyata keçirilməsində
özünəməxsus yeri və rolu var. YAP Qadınlar
Şurası son seçki kampaniyasının uğurla
aparılmasında və partiya həyatı ilə
bağlı digər tədbirlərdə daim yüksək fəallıq
göstərmişdir. Qadınlar
Şurasının keçirdiyi müxtəlif tədbirlər
YAP rəhbərliyi tərəfindən də daim dəstəklənir,
lazımi qiymətini alır.
Yeni Azərbaycan Partiyasının V qurultayında Siyasi
Şuranın və Qadınlar Şurasının üzvü
Mehriban xanım Əliyevanın partiyanın sədr müavini
seçilməsi bizim üçün son dərəcə əlamətdar
hadisə olmuşdur. Düşünürəm ki, bu
seçim təkcə partiyamızın çoxminlik üzvlərinin
deyil, ümumilikdə, Azərbaycan cəmiyyətinin Mehriban
Əliyeva fenomeninə sonsuz rəğbət və hörmətinin
əyani təcəssümüdür. YAP Qadınlar
Şurasının partiya fəaliyyətinin uğurla həyata
keçirilməsində Mehriban Əliyevanın özünəməxsus
yeri və rolunu qeyd etmək istərdim. Azərbaycanın
birinci xanımı partiya həyatı ilə bağlı bu və
digər tədbirlərdə daim yüksək fəallıq
göstərmiş, bu fəaliyyəti qadınlarımız tərəfindən
rəğbətlə qarşılanmışdır. Mehriban Əliyevanın YAP sədrinin müavini
seçilməsi isə partiyamızın cəmiyyətdəki
nüfuzunu daha da yüksəltmiş, qadınların təşkilata
sürətlə axınına yeni təkan vermişdir.
Əminliklə deyə bilərik ki, ölkədə həyata
keçirilən sosial-iqtisadi siyasət qadınların
ictimai-siyasi həyatda daha fəal iştirakını təmin
edir, onların gələcəyə ümidlərini
artırır.
Cəmiyyətin əsas dayaqlarından, fəal
sosial zümrələrindən sayılan qadınlar ölkəmizin
uğurlarına ürəkdən sevinir, Prezident İlham
Əliyevin rəhbərliyi altında daha böyük
uğurlar qazanacağımıza ürəkdən
inanırlar. Elə bu səmimi inamın təcəssümü
olaraq 9 oktyabr prezident seçkilərində
qadınlarımız yüksək fəallıq və vətəndaş
təəssübkeşliyi nümayiş etdirdilər,
xalqımızın, dövlətimizin,
övladlarımızın gələcəyi naminə ən
layiqli namizədə səs verdilər.
Mədəni
müxtəliflik məkanı
Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni
potensialı elə bir səviyyəyə
çatmışdır ki, biz sadəcə olaraq Şərq
və Qərb sivilizasiyası arasında körpü rolunu
oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin
daşıyıcısı olmaqla, multikulturalizm məkanına
çevrilmişik. Müxtəlif xalqların, millətlərin,
dinlərin xüsusiyyətlərinə tolerant münasibətin
azərbaycanlıların mentalitetinə xas bir dəyər
olduğunu nəzərə alsaq fərqli baxışlara, adətlərə,
vərdişlərə dözümlülük mövqeyini
özündə ehtiva edən multikulturalizmin Azərbaycan
üçün xüsusi əhəmiyyətini dərk etmək
çətin deyildir.
Azərbaycan son illərdə bu sahədə aparılan
müzakirələrin sadəcə iştirakçısı
qismində çıxış etmir, eyni zamanda bəşəriyyətin
gələcək inkişafı naminə mədəniyyətlərarası,
konfessiyalararası və sivilizasiyalararası dialoq
üçün real imkan və mexanizmlərin müəyyən
edilməsinə xidmət göstərən bu cür
müzakirələrin təşəbbüskarı və təşkilatçısı
missiyasını yerinə yetirir. 2011, 2012 və
2013-cü ilin oktyabrında paytaxtımızda
keçirilmiş birinci, ikinci və üçüncü
Bakı beynəlxalq humanitar forumları bunu bir daha təsdiqləyir.
Bu
günlərdə keçirilmiş III Bakı Beynəlxalq
Humanitar Forumunda dərin məzmunlu nitq söyləmiş
Prezident İlham Əliyev multikulturalizmin əhəmiyyətini
xüsusi önə çəkmişdir: "XXI əsrdə
multikulturalizmə alternativ yoxdur. Əlbəttə
ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya,
ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə
biganə yanaşa bilmərik. Ona görə
multimədəniyyətli cəmiyyətlərin
formalaşması, bu ideyaların təbliği hesab edirəm
ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai
xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır.
Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri
də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur.
Bəzi ölkələrdə bu məsələ
ilə bağlı çox bədbin əhval-ruhiyyə
hökm sürür. Hesab edirəm ki, biz
dünyada müsbət təcrübə üzərində
öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni
təbliğ etməliyik. Çünki
dünyada multikulturalizmin bir çox ünvanları vardır.
Dünyanın əksər ölkələrində
çoxmillətli cəmiyyətlər mövcuddur və
müxtəlif dinlərin, müxtəlif xalqların birgə
yaşaması zəmanənin tələbidir".
Güclü
insan kapitalının formalaşdırılması strateji hədəfdir
Dövlət başçısının rəhbərliyi
altında son 10 ildə Azərbaycanda həyata keçirilən
elm və təhsil islahatlarının başlıca qayəsi
ölkədə güclü insan kapitalının
formalaşdırılması, dünya təhsil sisteminə
inteqrasiyanın təmin edilməsidir. Cənab İlham Əliyev xüsusi
qeyd edir ki, respublikamızda "qara qızıl"ı
"insan qızılı"na, insan
kapitalına çevirməyin vaxtı gəlib
çatmışdır. Bu
çağırışın əsasında Azərbaycanda
güclü intellektual bazanın, müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu
istehsal sahələrinin inkişafı yolu ilə milli
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılması ideyası
dayanır.
Cənab İlham Əliyev dəfələrlə
vurğulamışdır ki, iqtisadi resursların insan
kapitalının inkişafına yönəldilməsi yolu ilə
formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin
perspektiv inkişafının əsas lokomotivi - aparıcı
qüvvəsi kimi çıxış edəcəkdir. Prezident İlham Əliyev bu
və digər ali məqsədləri sadəcə
deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin
müəyyənləşdirilməsi istiqamətində
konkret addımlar atır. Ölkə
başçısının 24 oktyabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" bunu
bir daha təsdiqləyir. Strategiyada təhsil sahəsində
əldə olunan uğurlara toxunulmaqla yanaşı, qeyd olunur
ki, sürətlə modernləşən Azərbaycanda təhsil
sisteminin insan kapitalının inkişafı
çağırışlarına cavab verməsi istiqamətində
yeni addımların atılmasına və ümumi təhsilin
keyfiyyət göstəricilərinin Avropa standartlarına
uyğunlaşdırılmasına ehtiyac vardır.
Təhsilin keyfiyyətinin
yaxşılaşdırılması üçün təhsili
idarəetmə sisteminin yenidən qurulması, bu sahədə
insan resurslarının inkişaf etdirilməsi və müəllim
peşəsinin nüfuzunun artırılması zəruridir. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" da respublikada keyfiyyət nəticələri
və əhatəliliyinə görə dünya ölkələri
sırasında aparıcı mövqe tutan, səriştəli
müəllim və təhsil menecerlərinə, qabaqcıl
texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin
yaradılması üçün beş
strateji istiqamətdə genişmiqyaslı tədbirlərin
görülməsini nəzərdə tutur. Belə ki,
strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması; təhsil sahəsində
insan resurslarının müasirləşdirilməsi; təhsildə
nəticələrə görə cavabdeh, şəffaf və
səmərəli idarəetmə mexanizmlərinin
yaradılması; müasir tələblərə uyğun təhsil
infrastrukturunun yaradılması; iqtisadi cəhətdən
dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartları ilə eyni səviyyəyə
uyğun təhsil sisteminin maliyyələşdirilməsi
modelinin qurulması kimi 5 strateji istiqamət önə çəkilmişdir:
- ölkənin modernləşməsi
üçün zəruri olan insan kapitalını inkişaf
etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq
rəqabət qabiliyyətini yüksəltmək;
- məsuliyyətini dərk edən, demokratiya
prinsiplərinə və xalqının milli ənənələrinə,
insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət
yetişdirmək;
- milli mənəvi və ümumbəşəri
dəyərləri qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri
və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri
və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü
və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
- sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mənimsənilməsini və əlavə
təhsili təmin etmək, təhsilalanları ictimai həyata
və səmərəli əmək fəaliyyətinə
hazırlamaq.
Belə
bir strategiyanın imzalanması həm də "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında nəzərdə tutulmuş hədəflərin
gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə
malikdir. Azərbaycanın gələcək
inkişafının məhz innovasiya yönümlü
iqtisadiyyat hesabına təmini nəzərdə tutulur. Bu baxımdan təhsil, elm və texnologiyalar
sferasında modernləşmə prosesinin genişləndirilməsi
də qarşıda ciddi vəzifə kimi dayanır.
Təhsilin inkişafı, yeniləşməsi və
daha aydın hədəflərinin müəyyənləşməsi,
bu hədəflərə çatmaq istiqamətində səylərin
gücləndirilməsi bütövlükdə Azərbaycanın
inkişafının fundamental əsaslarını təşkil
edir. 2020-ci ilədək
12 illik təhsil sisteminə keçidin təmini, orta ümumtəhsil
məktəblərinin hər bir sinfində 1 noutbuk və 1
proyektorun quraşdırılması, hər şagirdə 1
netbuk və ya planşet verilməsi, "Elektron məktəb"
layihəsinə qoşulan təhsil ocaqlarının sayının
1000-ə çatdırılması və s. məsələlər
nəzərdə tutulmuşdur.
Elm və təhsil, ilk növbədə, gələcəyə
açılan qapılar deməkdir. Bu reallıq nəzərə
alınmaqla qəbul edilmiş Təhsil Strategiyası Azərbaycanda
uşaq və yeniyetmələrin, gənclərin intellektual
yüksəlişinə, cəmiyyət üçün
layiqli şəxsiyyət kimi yetişməsinə,
yaradıcı potensialının, bilik və
bacarıqlarının üzə çıxarılmasına
hesablanmış əlahiddə əhəmiyyətli sənəddir.
Belə bir strategiyanın qəbulu ölkə rəhbərinin
Azərbaycanın sabahına biganə
olmadığını, elm və təhsilin problemlərinin həllini
davamlı inkişafın əsas şərti hesab etdiyini bir
daha təsdiqləmişdir. Bu gün
ölkədə həyata keçirilən elm və təhsil
siyasətinin başlıca məqsədi modernləşmə
mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı
inkişaf etmiş ölkələr səviyyəsində
yüksəltmək, demokratik idealların cəmiyyətdə
tam möhkəmlənməsinə nail olmaq, yeni
düşüncəli kamil vətəndaş yetişdirməkdir.
Sabaha böyük ümidlə...
Hər bir kəs taleyin onu əbədi məhkum etdiyi missiya ilə həm də ömür səhifələrini yazır. Görünür, müdriklərdən biri əbəs yerə deməmişdir: əgər bir insanın həyatını başlanğıcdan sonadək yazıya köçürməyi bacarsaydıq bu, hansısa xalqın tarixindən daha oxunaqlı olardı. Üzərinə götürdüyü missiya ilə xalqı, dövləti üçün faydalı olmağın məsuliyyətini başa düşənlərlə yanaşı, bunu alın yazısı, qəzavü-qədər kimi qəbul edərək özünün həyat amalına çevirənlər böyük şəxsiyyətlərdir. Həm də ona görə ki, tarixi proseslər bu şəxsiyyətləri ardınca apara bilmir, əksinə, onlar özləri dərk edilmiş məsuliyyətdən doğan cahanşümul fəaliyyətləri ilə yeni bir tarixin müəllifinə çevrilirlər.
Xalqı üçün məhz belə bir lider olan Prezident İlham Əliyev də qısa zamanda Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmasını, dünyada sayılıb-seçilən, habelə öz sözü, müstəqil mövqeyi olan modern dövlətə çevrilməsini təmin etmişdir. 9 oktyabr seçkilərinin nəticələrinə əsasən həm də əminliklə demək olar ki, ölkəmiz etibarlı əllərdədir. Azərbaycan ölkə rəhbərliyinin yüksək və idarəçilik keyfiyyətləri sayəsində ildən-ilə inkişaf edir, strateji hədəflərə doğru inamla irəliləyir.
Bu siyasətin uğurlarını gündəlik həyatında hiss edən hər bir Azərbaycan insanı sabahına böyük inamla, ruh yüksəkliyi ilə baxır. Hamı ürəkdən inanır ki, Azərbaycan qarşıdakı illərdə daha da sürətlə qüdrətlənərək dünyanın ən inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaqdır.
Nurlana
ƏLİYEVA,
YAP Qadınlar
Şurasının sədri,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2013.- 8 noyabr.- S.6.