«İnsan
kapitalı»na qoyulan sərmayə
gələcəyə yönəlmiş ən effektli
yatırımdır
Azərbaycanda bu istiqamətdə
həyata keçirilən
məqsədyönlü
siyasət uğurlu bəhrəsini verir
Bir çox ölkələrlə
müxtəlif istiqamətlərdə qarşılıqlı
münasibətləri olan müstəqil
Azərbaycan həm də təhsil sahəsində beynəlxalq
əməkdaşlığa xüsusi
önəm verir. Bu sahədə ildən-ilə
genişlənən əməkdaşlıq istiqamətlərindən
biri əsası Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev tərəfindən qoyulmuş
tələbə mübadiləsi və gənclərin xaricdə
təhsil alması məsələsidir.
Xaricdə təhsil,
ümumiyyətlə, xaricdə kadr
hazırlığı beynəlxalq təcrübədə
kifayət qədər zəngin ənənələrə malikdir. Hazırda ölkələr arasında
humanitar sahədəki beynəlxalq əməkdaşlıqda
xaricdə təhsil xüsusi yer tutur. Bu
istiqamət Azərbaycan dövlətinin daim
diqqət mərkəzindədir.
Sovetlər
dövründə respublikadan kənarda təhsil
almaq təcrübəsi mövcud
olsa da, bu, həm məzmun, həm də miqyas baxımından fərqlənib. Lakin ulu öndər Heydər Əliyev 1969-cu ildə
Azərbaycana rəhbərlik etməyə başlayandan
sonra bu sahədə, sözün əsl mənasında, dirçəlişin
əsası qoyulub. 1969-1970-ci dərs ilində
respublikadan kənara nəzərdə tutulan 60 nəfərdən 47 nəfəri təhsil
almağa göndərilmişdisə,
1975-ci ildə bu rəqəm 14 dəfə
artaraq 700 nəfərə çatdı və
sonrakı illərdə bu artım
yüksələn xətt üzrə davam
etdirildi. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa
göndərilənlərin yalnız 40 faizini
azərbaycanlılar təşkil edirdisə, ulu
öndər Heydər Əliyevin apardığı uzaqgörən
siyasət nəticəsində bu göstərici
1976-cı ildə 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci
illərin əvvəllərində isə 97,6 faizə
çatdı.
Xaricdə
təhsilin geniş yayılmış
formalarından biri gənclərin birbaşa təhsil müəssisələrinə
müraciəti və müvafiq qəbul
prosedurlarını keçdikdən sonra
fərdi müqavilə əsasında təhsil
almasıdır. Ölkənin qanunvericiliyi
və ali məktəblərin tələblərindən
asılı olaraq, belə təhsil bir
çox hallarda ödənişli
olur. Hətta təhsilin
ödənişsiz, yaxud çox
aşağı qiymətlərə olduğu
ali məktəblərdə tələbənin
yaşayış və təhsillə bağlı olan digər xərcləri təhsil alanın özü, valideynləri və yaxud sponsoru tərəfindən
ödənilir.
Lakin ulu öndər Heydər
Əliyevin müəllifi olduğu mütərəqqi
ənənələri layiqincə yaşadan
Prezident İlham
Əliyevin təşəbbüsləri, diqqət və
qayğısı sayəsində Azərbaycan vətəndaşlarının
xaricdə təhsili birbaşa dövlət
tərəfindən stimullaşdırılır. Bu mənada Azərbaycan Prezidentinin
təsdiq etdiyi "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" dövlətimizin
gənclər sahəsinə göstərdiyi maraq,
onun daimi
inkişafı və potensialının düzgün
sahələrdə istifadə olunmasına verdiyi
əhəmiyyətin bariz göstəricisidir.
Hazırda bu proqram
çərçivəsində Azərbaycan gəncləri dünyanın
inkişaf etmiş
ölkələrinin ən yaxşı universitetlərində
dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu
imkanı əldə edir. Azərbaycan gəncləri
bu proqramın verdiyi imkanlardan bəhrələnərək,
dünyanın inkişaf etmiş
texnologiyalarına yiyələnir, qabaqcıl elm
adamlarından və universitetlərdən dərs alırlar.
Bu yolla xaricdə təhsil
son illər daha geniş yayılıb və Azərbaycan gənclərinin
təhsil aldığı ölkələrin
coğrafiyası da genişlənməkdədir.
İndiyədək dövlət proqramı ilə 1825 nəfər
təhsil almışdır. Bu il isə rekord
səviyyədə -1200-dən artıq ərizə qəbul olundu və nəticədə ilk
dəfə olaraq ərizə verənlərin
təxminən 65 faizi, 783 nəfər olmaqla proqramın qalibləri oldular
və bununla da,
dövlət proqramı ilə xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı
2600-ü keçdi. Hazırda demək olar ki, Avropa
ölkələrinin əksəriyyətində, eləcə
də ABŞ, Kanada, Çin,
Yaponiya, Cənubi Koreya,
Misir, MDB ölkələrində Azərbaycan
vətəndaşları bu formada təhsil alırlar.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin
qarşıya qoyduğu əsas vəzifələrdən
biri hazırkı sürətli inkişaf proseslərinə gəncləri də
cəlb etmək, onların bilik və
bacarığından yararlanmaqdır. Çünki
istənilən ölkənin tərəqqisi və xoşbəxt gələcəyinə
gedən yol gənclərin iştirakı
olmadan mümkün deyildir. Təbii
ki, bu proseslərdə
gənclərin iştirakını təmin etmək üçün ilk
növbədə, onların yüksək təhsilinə,
peşəkar kadr kimi
formalaşmalarına diqqət yetirmək lazımdır.
Axı gənc nəslin təhsilinə qoyulan
sərmayə ölkəmizin inkişafı şəklində
geri dönür.
İnamla deyə bilərik ki,
azərbaycanlı gənclər dövlətin onlara
göstərdiyi etimadı layiqincə doğruldurlar.
Bunu
"Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclər Forumu" İctimai Birliyinin (ASAİF) hər il
keçirilən yay forumlarında bir araya gələn gənclər
istər təhsil aldıqları ölkələrdə, istərsə
də çalışdıqları sahələrdə öz əməlləri ilə təsdiq
edirlər. Ümumiyyətlə, ASAİF-nin
ənənəvi yay forumları xaricdə
təhsil alan gənclərin şəbəkələşməsi
üçün mühüm
vasitədir. Belə forumların əsas müsbət
cəhətlərindən biri də odur ki, gözəl mühit yaradır, hər kəsi bir araya gətirir, eyni zamanda, burada
iştirak edən gənclər öz üzərlərində dövlətin
qayğısını, diqqətini, etimadını hiss edirlər. Gənclərimizin
onları maraqlandıran məsələləri və
sualları rəsmilərlə birgə müzakirə edə
bilmələri baxımından da belə
forumların keçirilməsi olduqca mühüm əhəmiyyət
daşıyır.
1993-1994-cü tədris
ilindən başlayaraq
respublikamızın ikitərəfli tələbə
mübadiləsinin həyata keçirdiyi
ölkələrdən biri də Misir Ərəb Respublikasıdır. Bu ölkənin ali məktəblərində
təhsil almaq üçün
hər il Misir dövləti
Azərbaycana təqaüdlər ayırır. Misirin
tanınmış ali məktəbləri
olan Qahirə, İsgəndəriyyə və
Aynu-Şəms universitetlərində tələbələr əsasən
iqtisadiyyat, kommersiya, hüquq, ərəb dili və
ədəbiyyatı, islam tarixi
və digər ixtisaslar üzrə təhsil
alırlar. Misir dövlətinin qaydalarına görə, ixtisasdan asılı olaraq,
tələbələr ərəb və ingilis
dillərində təhsil ala bilərlər.
Əgər müvafiq ixtisas
üzrə ingilis dilində tədris mövcuddursa, onda ali məktəbin tələblərinə uyğun olaraq tələbələr
ingilis dili
üzrə hazırlıq səviyyəsi barədə sənəd
təqdim etməklə bu dildə təhsil
hüququ qazana bilərlər.
Bəzi ixtisaslarda isə dərslərin əksəriyyəti
ingilis dilində olsa
belə, müəyyən fənlərin tədrisi yalnız ərəb
dilində aparılır. Bu isə tələbələrdən
hər iki dil üzrə
yüksək hazırlıq səviyyəsi tələb edir. Aparılan müşahidələr
göstərir ki, Misirdə ingilis dilində təhsil alan
tələbələrimiz daha yüksək
təhsil göstəricilərinə malik
olur və təhsillərini daha qısa müddətdə tamamlaya
bilirlər.
Xarici ölkələrdə təhsil alan gənclərimiz bu
ölkələrdə Azərbaycan xalqının təmsilçisi,
onun qədim mədəniyyətinin, adət
və ənənələrinin təbliğatçılarıdır.
Onlar həm də Azərbaycan diasporunun fəal üzvləri kimi
ölkəmizin haqq səsinin beynəlxalq
aləmə çatdırılmasında fəal iştirak edirlər. Hətta Azərbaycanın
səfirlikləri olmayan ölkələrdə
təhsil alan tələbələrimiz öz səviyyə və bacarıqları
çərçivəsində Azərbaycanı layiqincə
təbliğ və təmsil edirlər.
Mütərəqqi cəmiyyətlərdə
məhz insan kapitalına qoyulan
sərmayə gələcəyə yönəlmiş ən effektli yatırım sayılır. Odur ki, azərbaycanlı gənclərin xarici ölkələrin ali
məktəblərində təhsil almağa
göndərilməsində əsas məqsəd
respublikanın gələcəyinə xidmət edəcək,
Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslı mütəxəssislər
hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə
həyata keçirilən məqsədyönlü siyasət
göstərir ki, sürətlə inkişaf edən Azərbaycanda yaradılan
bünövrə bir neçə ildən
sonra elmli, təhsilli,
müasir dünyagörüşü
ilə seçilən gənclər tərəfindən daha da möhkəmləndiriləcək.
Prezident İlham
Əliyevin "qara qızılı insan kapitalına çevirək" təşəbbüsü
də məhz buna hesablanıb.
Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim Azərbaycanın
inkişafı, uğurları üçün
çalışır və bütün
çıxışlarında qeyd edir ki, gələcək gənclərin
əlindədir. Biz gənclər dövlətimizin
həvalə etdiyi bu
missiyanı layiqincə yerinə yetirməli, müasir
Azərbaycanı daha uğurlu
gələcəyə aparmalıyıq.
Xəyalə ŞƏFİYEVA,
İsgəndəriyyə Universitetinin
kommersiya və biznes
fakültəsinin VI kurs tələbəsi,
ASAİF-nin Misir Ərəb Respublikasındakı nümayəndəsi
Azərbaycan.- 2013.- 3 noyabr.-
S.5.