Sumqayıt yeni həyatını yaşayır

 

Respublikamızda həyata keçirilən yenidənqurma və abadlıq işləri Sumqayıta da yeni həyat gətirib. Dövlət başçısı tərəfindən təsdiqlənən dövlət proqramlarının icrası nəticəsində əldə edilən nailiyyətlər Sumqayıtı Bakı standartlarına yaxınlaşdırıb.

Sumqayıtda aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri şəhərin baş nöqtəsindən - ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafından başlanılıb. Onu da bildirək ki, şəhərin ərsəyə gəlməsində, formalaşmasında, bütünlükdə inkişafında ulu öndərin müstəsna rolu vardır. Sumqayıtlıların ziyarətgahı sayılan həmin ərazi az bir zaman kəsiyində gözəlləşib. Abidənin ətrafındakı ərazi abadlaşdırılıb, piyada keçidləri, iaşə obyektləri müasir görkəmə gətirilib. Ulu öndərin adını daşıyan prospektdə də yaşıllaşdırma işləri aparılmış, binaların fasadı dəyişdirilmişdir.

Sumqayıtda həyata keçirilən işləri sadalamaqla bitmir. Tolerantlığı ilə seçilən Sumqayıt dindarları Cümə məscidinin yenidən qurulması üçün ölkə başçısına müraciət etmişdilər. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Sumqayıt Cümə məscidi təmir edilərək dindarların istifadəsinə verilmişdir. Burada işlər ölkə başçısının təklif və tövsiyələri əsasında aparılmışdır.

Sumqayıtın parklarında da yenidənqurma işləri gedir, şəhərin giriş yolları modernləşdirilir. Nəsimi adına mədəniyyət və istirahət parkının bir hissəsi artıq sakinlərin ixtiyarına verilib. Bu gün sumqayıtlılar axşamüstü mavi Xəzərin sahilində gəzməyə çıxır, zövqlə bəzədilmiş Nəsimi parkında yaradılan ideal şəraitə görə onu qurub-yaradanlara minnətdarlıq edirlər. Sumqayıtlılar gözoxşayan  istirahət guşələrinə gəlir, asudə vaxtlarını orada səmərəli keçirirlər. Sakinlərin istirahət məkanına çevrilən Heydər Əliyev parkının girəcəyində piramida tipli estakadalar quraşdırılmışdır. Orada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoşəkilləri yerləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu səfəri zamanı istifadəyə verilən Heydər Əliyev Mərkəzi bu gün əhalinin ən çox ziyarət etdiyi məkanlardandır. Şəhərə təşrif buyuran qonaqlar öz gözəlliyi və orijinallığı ilə seçilən yerləri gəzməkdən zövq aldıqlarını bildirirlər. Bu gün Sumqayıtda yeni layihələr əsasında XXI əsrin nadir memarlıq nümunələri yaradılır.

Sumqayıtda həyata keçirilən abadlıq işləri şəhər icra aparatı tərəfindən təsdiq edilmiş xüsusi proqram üzrə aparılır. Sumqayıtda əvvəllər küçələrdə mağaza və iaşə obyektləri nizamsız şəkildə düzülmüşdü. Bunlar estetik baxımdan şəhərin görkəminə xələl gətirirdi. Sıxlıq yaradan, görünüşə xələl gətirən müxtəlif ölçüdə köşklər artıq götürülmüşdü. Həmin obyektlərin yerində hazırda yaraşıqlı, xüsusi zövqlə hazırlanmış və şəhərə gözəllik verən tikililər düzənlənmişdir. Şəhərdə yaradılan nümunəvi məhəllələr, abadlaşan qəsəbələr, yararsız halda olan yaşayış binalarının təmir edilməsi və digər quruculuq işləri əldə edilən nailiyyətlərin miqyasının genişliyindən xəbər verir.    

Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə başlayan girişdən gələn hər kəs bu şəhərdə baş verən yeniliklərlə qarşılaşır. Hər iki tərəfdən yaşıllıqlara qərq olan yolun ətrafında sıra ilə cərgələnən hasarın işıqlandırılması insanı valeh edir. Axşamlar işıq selinə qərq olan Sumqayıt isə bir başqa aləmdir.

Sumqayıtın qürur duyulası məkanlarından biriBayraq meydanıdır. Meydanın icra hakimiyyəti aparatının qarşısında yerləşməsi onun mövqenüfuzunu gücləndirən amillərdəndir. Onu da bildirək ki, 60 yaşlı Sumqayıt şəhərinin belə bir meydanı yox idi. Bu gün möhtəşəm tədbirlərin məkanına çevrilən Bayraq meydanı həm də şəhər əhalisinin ən çox gəzinti ərazisidir. Əzəmətlə dalğalanan Azərbaycan bayrağının altında gəzmək və istirahət etmək şəhər sakinlərinə xüsusi zövq verir. Novruz bayramı, Bayraq günü, Müstəqillik bayramının və digər əlamətdar günlərin burada qeyd edilməsi artıq adət halını alıb.

Bu gün Sumqayıt respublikanın ən önəmli islahatlar keçirilən şəhərlərindən birinə çevrilib. Həyata keçirilən dövlət proqramlarının uğurlu nəticəsi Sumqayıtın simasında öz real əksini tapıb. Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Ölkə başçısının imzaladığı fərman əsasında Sumqayıtda yaradılması nəzərdə tutulan Yüksək Texnologiyalar Parkı şəhərin nüfuzunun daha da artmasına təsir edir. Sumqayıt Texnologiyalar Parkı təkcə bölgənin deyil, Cənubi Qafqazın ən perspektivli istehsalat sahəsidir.

Sumqayıtın əhalisinin sayı yaxın gələcəkdə 700 mini keçəcəkdir. Bütün bunlar infrastruktur obyektlərinin inşası prosesində öncədən nəzərə alınır. Nəqliyyat, sosial, mədəni və digər sahələr üzrə infrastrukturun yenilənməsi prosesi şəhər sakinlərinə həyat səviyyəsinin daha da yüksəlməsinə, həmçinin ekoloji vəziyyətin davamlı şəkildə yaxşılaşmasına xidmət edir. Onu da qeyd edək ki, əvvəllər sumqayıtlılar işləmək üçün Bakıya üz tuturdularsa, hazırda bu nisbətin dəyişməsini müşahidə etmək olar.

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıta səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə bildimişdir: "Sumqayıt Bakıya çox yaxındır. Sumqayıtlıların bəziləri Bakıda, Bakıda yaşayanların bəziləri Sumqayıtda işləyirlər. Yəni Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedirbu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər".

Bəli, ölkəmizdə həyata keçirilən dövlət proqramlarının uğurlu nəticəsi  regionların simasında öz əksini tapmışdır. Əminliklə demək olar ki, Sumqayıtda sürətli yüksəlişin yeni dövrü başlayıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Sumqayıt gəncliyin və sabahın şəhəridir. Sumqayıtlılar tam əmindirlər ki, ölkə vətəndaşlarının qüruru olan bayrağımız həmişə belə əzəmətlə dalğalanacaqdır.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2013.- 8 noyabr.- S.7.