Mətbuat Şurası Moldova
ombudsmanı Aureliya Qriqoriuya
«Həqiqətə xidmətlərinə
görə» mükafatını təqdim etmişdir
Noyabrın 7-də Azərbaycan Mətbuat Şurasında Moldova ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirmişdir ki, zaman-zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində problemlər yaşanmışdır. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasına ehtiyac duyulmuşdur. Dünyada ikili standartların hökm sürdüyü indiki şəraitdə də bu işin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə ehtiyac vardır.
V.Rəhimzadə demişdir: "Sevindirici haldır ki, haqq işimizi dəstəkləyənlər arasında etibarlı dostlarımız da vardır. Bu gün biz onların şəxsində özünün qətiyyəti, peşəkarlığı ilə fərqlənən, Azərbaycan həqiqətlərini, Xocalı soyqırımı ilə bağlı dəhşətləri dünyaya bəyan edən bir şəxsi - Moldova ombudsmanı xanım Aureliya Qriqoriunu görməkdən məmnunuq. Onun Ermənistan parlamentindəki tarixi çıxışı hamımıza yaxşı məlumdur. Xanım Qriqoriu Azərbaycan həqiqətlərini cəsarətlə dilə gətirmişdir.
Mətbuat Şurasının İdarə Heyəti bütün bunları nəzərə alaraq Moldova ombudsmanını "Həqiqətə xidmətlərinə görə" mükafatı ilə təltif etmək qərarına gəlmişdir".
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova rəhbərlik etdiyi qurumun Moldova ombudsmanı ilə qarşılıqlı əməkdaşlığından danışmışdır. O bildirmişdir ki, hələ 1998-ci ildən əsası qoyulan səmərəli işbirliyi müxtəlif beynəlxalq toplantılarda iştirakdan, fundamental dəyərlər olan insan hüquq və azadlıqlarının müdafiəsinə yönələn təmaslardan keçmişdir.
E.Süleymanova bildirmişdir ki, Aureliya Qriqoriu həmişə özünün prinsipial mövqeyi ilə seçilmişdir. O, çıxışlarında ombudsmanların təkcə öz ölkələrində deyil, dünyada insan hüquq və azadlıqlarına qiymət verməsinin vacibliyini real faktlarla əsaslandırmışdır. Onun Azərbaycan həqiqətlərinə yanaşma tərzi də bu mövqeyindən qaynaqlanmışdır. Məhz bu xüsusiyyətinə görə də Azərbaycanda hamının sevimlisinə çevrilmişdir. A.Qriqoriunun iş prinsipi peşəkarlıq tələblərinin real insani dəyərlər müstəvisində uzlaşmasının bariz nümunəsidir.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında bildirmişdir ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu, müxtəlif beynəlxalq təşkilatların məsələyə münasibətdə birmənalı mövqe tutmadığı bir şəraitdə A.Qriqoriunun tərəddüdsüz obyektivliyi dünya ictimaiyyətinə ünvanlanmış son dərəcə tutarlı mesajdır. O, xanım Qriqoriunun ölkəmizə növbəti səfərlərinin Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutacağına əminliyini vurğulamışdır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev demişdir ki, obyektivlik hər bir peşəkar qələm sahibinin ruhundan, daxili aləmindən irəli gəlir. A.Qriqoriu Ermənistan parlamentindəki çıxışında məhz həmin həqiqəti ifadə etmişdir. Bu səbəbdən onun jurnalistlər üçün dəyəri daha böyükdür. Mətbuat Şurasının "Həqiqətə xidmətlərinə görə" mükafatının xanım Qriqoriuya təqdim edilməsi bütövlükdə maarifpərvər jurnalistikamızın ona ən xoş münasibətinin göstəricisidir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu həqiqətləri çatdırmaq bacarığını insanın malik olduğu ən böyük dəyər kimi qiymətləndirmişdir. O demişdir ki, sülhsevər, səmimi keyfiyyətlərə malik xalqımız A.Qriqoriunun bütövlükdə insanlıq qarşısındakı xidmətlərini böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Hər bir azərbaycanlı Moldova ombudsmanının şəxsində özünə doğma insanını tapmışdır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayıl bildirmişdir ki, bu görüş rəhbərlik etdiyi qurum ilə Moldova ombudsmanı arasında əməkdaşlıq memorandumunun imzalanması baxımından da əlamətdardır. Sazişin məhz jurnalistlərin iştirakı ilə imzalanması böyük ictimai mahiyyət daşıyır.
İ.İsmayıl demişdir ki, memorandumda dünyanın müxtəlif bölgələrində Azərbaycan həqiqətlərinin təbliğini nəzərdə tutan toplantıların təşkili, prosesə qabaqcıl xarici ölkələrin ombudsman təsisatlarının cəlb edilməsinin yolları, digər prioritet hədəflər əksini tapır, geniş işbirliyinin konkret konturları açıqlanır.
Aureliya Qriqoriu çıxış edərək Dağlıq Qarabağ münaqişəsi barədə dünya birliyinin daha çox məlumat almasının vacibliyindən danışmış, ATXƏM ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir. Ermənistan parlamentindəki çıxışından sonrakı təzyiqlərlə üzləşərkən Azərbaycan ictimaiyyətindən son dərəcə böyük dəstək gördüyünü deyən xanım Qriqoriu bildirmişdir ki, gələcəkdə reallaşdırılacaq birgə təşəbbüslər həm də insanlıq naminə aparılan mübarizəyə dəstəkdir.
Sonra A.Qriqoriuya Mətbuat Şurasının "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim olunmuşdur. Moldova ombudsmanı təltifə görə Mətbuat Şurasına, ümumilikdə Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirmişdir.
Daha sonra Moldova ombudsmanı Aureliya Qriqoriu ilə ATXƏM arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Görüşdə
digər çıxış edənlər moldovalı
ombudsmanın fəaliyyətinin təkcə peşəkarlıq
deyil, eyni zamanda, həssas insanlıq nümunəsi kimi örnək
səciyyə daşıdığını
vurğulamış, ona gələcək fəaliyyətində
uğurlar arzulamışlar.
Azərbaycan.-2013.- 8 noyabr.- S.7.