Dəyərli dərs vəsaiti
Hazırda həyata keçirilən islahatlar sistemində dövlət idarəetməsinin və dövlət qulluğunun elmi cəhətdən tədqiqi məsələsi mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu baxımdan hüquq elmləri doktoru Əli Rzayevin çapdan çıxmış "Qosudarstvennaya slujba: orqanizationno-pravovıe aspektı" adlı dərs vəsaiti Azərbaycan dilində nəşr olunmuş "Dövlət qulluğu: nəzəriyyə və praktika (2005), "Dövlət nəzarəti: nəzəriyyə və praktika" (2008), "Dövlət qulluğunun hüquqi əsasları" (2011) kitablarının məntiqi davamı kimi rus dilində işıq üzü görən ilk əsəridir. Sözsüz ki, gərgin elmi araşdırmanın məhsulu olan bu kitab mühüm siyasi, sosial-mədəni, hüquqi əhəmiyyət kəsb edir. Müəllifin müasir dövlət qulluğu problemlərinə baxışları orijinallığı, müasirliyi, qeyri-standartlığı, dolğunluğu, fundamentallığı və kompleksliyi ilə seçilir.
Əli Rzayevin əsəri praktiki olaraq dövlət mexanizminin səmərəliliyinin artırılmasında əsas amil sayılan və bütün dünya ölkələri üçün ictimai inkişafın aktual problemlərindən biri olan dövlət qulluğuna həsr edilmişdir. Çoxəsrlik insan sivilizasiyasının tarixi göstərir ki, yüksək peşəkar idarəetmə aparatı və ona müvafiq dövlət qulluğu sistemi olmadan cəmiyyət və dövlət effektiv fəaliyyət göstərə bilməz.
Kitabla tanışlıqdan məlum olur ki, əsər müəllifin yüksək fərdi yaradıcılığının və təşəbbüskarlığının, uzun müddət zəhmət və səbr tələb edən araşdırmalarının və yorulmadan elmi axtarışlarının məhsuludur.
Dövlət qulluğu problemlərinə konstitusiya və inzibati hüququn sintezində baxılması Azərbaycan hüquq elmində tam yeni istiqamət olmaqla mürəkkəb, kompleks və müəyyən dərəcədə az tədqiq olunan sahədir. Müəllif müasir tədqiqatlarda nadir hal sayılan mühüm bir konsepsiya irəli sürür. Bu elmi konsepsiya məntiqliyi, irəli sürülən müəddəaların, təşkilati strukturun və hüquqi aspektlərin vəhdəti ilə seçilir.
Dərs vəsaitində Azərbaycan Respublikasının dövlət qulluğunun təşkilati-hüquqi aspektləri, dövlətçilik sistemində yeri, dövlət-hüquq təzahürləri - dövlət, dövlət hakimiyyəti, dövlət aparatı və dövlət idarəetmələri ilə qarşılıqlı əlaqə və təsirində, dövlətçiliyin möhkəmləndirilməsində, müstəqilliyin qorunub saxlanılmasında, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolu geniş təhlil edilir.
Dərs vəsaitində müəllif ənənəvi çərçivədən çıxaraq tədqiqat problemlərinə dövlət qulluğunun ontologiyasını, aksiologiyasını, sosiologiyasını və təşkilati-hüquqi aspektlərini daxil edir. Dövlət qulluğunun ontologiyası konktekstində onun predmeti, obyekti və hüquqi xüsusiyyətləri təhlil edilir, ilk dəfə milli ədəbiyyatda dövlət qulluğunun sosial-hüquqi mahiyyətinə, məzmununa, genezisinə və inkişafına kompleks şəkildə baxılır.
Müəllif dərs vəsaitində dövlət qulluğunu ölkə üçün yeni, spesifik dövlət hüquq institutu səviyyəsinə qaldırır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının (1995) qəbuluna qədər, hüquq ədəbiyyatında dövlət qulluğu tədqiq edilməmişdir və qanunvericilikdə hüquqi legitimliyini tapmamışdır. Müəllifin dövlət qulluğuna dövlət, sosial, təşkilati-hüquqi institut kimi yanaşması təqdirəlayiqdir. İşin müsbət cəhətlərindən biri kimi dövlət qulluğu institutunun yaranması və fəaliyyət göstərməsində əsas mənbə kimi Azərbaycan Respublikası Konstitusiyasının kompleks təhlilinin verilməsi və Konstitusiya prinsipləri zəminində dövlət qulluğunun qanunvericilik bazasının bir-birini tamamlayan beş iyerarxik səviyyədə baxılması yenilik olmaqla yanaşı, həm də böyük maraq kəsb edir.
Əli Rzayevin əsərinin fərqli cəhətləri və xarakterik xüsusiyyətləri, onun dövlət qulluğu problemlərinin mahiyyətinə dərindən nüfuz etməyə səy göstərməsi, dövlət qulluğu sisteminin hüquqi modelini formalaşdırması, oxuculara nəzəri-hüquqi materiallarla yanaşı, konkret praktiki tövsiyələr verməsindədir.
Dərs vəsaitinin innovasiya xüsusiyyətləri özünü onun strukturunun orijinallığında, məzmununun genişliyində, problemlərin tədqiqinin əhatəliliyində göstərir və ensiklopedik mahiyyət daşıyır.
Kitabda dövlət idarəetməsinin komponent və elementlərinin sistemliyinə böyük diqqət yetirilir, dövlət qulluğu idarəetmə mexanizmi kimi dövlət idarəetməsinə böyük mobillik, koordinasiya, subordinasiya verməsi, dövlət fəaliyyətinin effektivliyinin təmin edilməsində həlledici amil olan dövlət qulluğunun nəzarət funksiyasının araşıdırılması və inkişaf yollarının qiymətləndirilməsi praktiki dəyərlərə malikdir.
Əsərdə lakonikliyi və dərin mənalılığı ilə seçilən və tarixin süzgəcindən keçərək bizə gələn Azərbaycan və dünya klassiklərinin hikmətli sözlərindən hər bir fəslin və paraqrafın başlanğıcında və məzmununda geniş istifadə edilməsi kitabı daha da oxunaqlı edir.
Dərs vəsaiti girişdən, 12 paraqrafı birləşdirən 10 fəsildən, nəticədən və istifadə edilmiş mənbələrin siyahısından ibarətdir. Hər bir fəsil əsas termin və anlayışların araşdırılması ilə başlayır.
Kitabda istifadə olunan ədəbiyyatlar müəllifin geniş dünyagörüşünü, mütaliyəetmə qabiliyyətini əks etdirir. İqtibasların məntiqi cəhətdən yerində gətirilməsi əsərin elmi dəyərini də artırır. Müəllif məhz onların köməyi ilə öz mövqeyini elmi cəhətdən əsaslandırır. Dərs vəsaitində ehtiva olunan paraqrafların hər birini mükəmməl elmi nəticələrlə bitirir.
Dərs vəsaitində müəllif müasir dünya metodologiyası nailiyyətlərindən istifadə etmiş, başqa ölkələrin təcrübəsinə müraciət olunmuşdur. Kitabda məsələlərin müqayisəli təhlili dövlət qulluğu sahəsində çalışanlara bir tərəfdən elmi-nəzəri problemlərin həllində xarici ölkələrin analoji fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmasına, digər tərəfdən isə əxz edilən məsələlərin Azərbaycan Respublikasının təcrübəsinin tətbiqinə geniş imkanlar açır.
Əli
Rzayevin "Qosudarstvennaya slujba: orqanizationno-pravovıe
aspektı" kitabı böyük elmi maraq doğurmaqla
yanaşı, həmçinin dövlət qulluğu sahəsində
çalışanlar, bu sahə ilə məşğul olan
müəllimlər, tədqiqatçılar,
hüquqşünaslar, ali məktəblərin
hüquqşünas ixtisası üzrə təhsil alan tələbələr,
magistrantlar, eləcə də geniş oxucu kütləsi
üçün böyük dəyərə malik elmi-nəzəri
mənbədir.
Alış
QASIMOV,
Bakı Dövlət
Universitetinin Əmək və ekologiya
hüququ kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor
Azərbaycan.-2013.- 8 noyabr.- S.8.