Növbəti stansiya «Avtovağzal»dır

 

Bu gün ictimai nəqliyyatın ən rahat və əlverişli  növü metrodur desək, yəqin ki, yanılmarıq. İctimai rəydə bu imicə nail olmaq özü böyük uğurdur. 1967-ci il noyabrın 6-dan istismarda olan Bakı metrosu ötən 46 ildə xeyli böyümüş, inkişaf etmişdir.

Hazırda Bakı Metropoliteni ümumi uzunluğu 34,56 kilometr olan 2 xəttdən, 23 stansiyadan ibarətdir. Stansiyaların 7-si böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkən zolağının ümumi uzunluğu 4500 metrdən artıq olan beş tipli 54 eskalator işləyir. Tunel tikililərinin ümumi uzunluğu 92 kilometrə yaxındır. Bakı Metropoliteninin nadirliyi odur ki, xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır.

Metropolitendə istehsalat proseslərinin kompyuterləşdirilməsi işin operativliyini xeyli artırmışdır. Daim gəncləşən, müasirləşən Bakı Metropoliteninin uğurlu inkişafı ümummilli lider Heydər Əliyevin, son 10 ildəki inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə, istərsə də  Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə  Bakı Metropoliteninin inkişafına və təchizat məsələlərinə xüsusi qayğı göstərmişdir.

Bununla belə, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə  metropolitenin maddi-texniki bazası xeyli zəifləmiş, böyük çətinliklər yaranmışdı. Bütün problemlər ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra tədricən yoluna düşmüş, iflic vəziyyətində olan Bakı metroposunun fəaliyyətində qısa müddətdə böyük dönüş yaranmışdır. 1998-ci ildən isə Bakı Metropoliteninin dünya standartlarına uyğunlaşdırılması prosesinə də başlamışdır.

Dövlət tərəfindən əsaslı vəsait qoyuluşu hesabına metropolitenin vaqon parkı tamamilə yenilənmişdir. Mıtişşinin "Metrovaqonmaş" Səhmdar Cəmiyyətindən münasib şərtlərlə 2002-2003-cü illərdə 50, 2004-2013-cü illərdə 116 yeni vaqon alınmışdır. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını 2 dəqiqəyədək azaltmağa, imkan vermişdir. Metropoliten üçün istənilən mürəkkəb geoloji-hidrogeoloji şəraitdə müvəffəqiyyətlə işləyən "Robbinus" qazma qurğusu, yolun təhlükəsizliyini artıran "K-900A" markalı rels qaynaqedən aqreqat, eləcə də digər müasir texniki avadanlıqlar  cihazlar alınmışdır. Təmir-bərpa işlərində də müasir texnologiyalar tətbiq olunur.

Metro tikintisimövcud stansiyaların müasirləşdirilməsi bu gün  davam etdirilir. Fransanın zəngin təcrübəyə malik SYSTRA, İngiltərənin dünyada tanınan "Mott McDonald" və Koreya Respublikasının "Saman" şirkətlərinin  iştirakı ilə Bakının yeraltı dəmir yolları şəbəkəsinin beynəlxalq standartlara uyğun səviyyədə inkişaf etdirilməsi üçün birgə görülür. Metropolitenin 20 illik inkişaf planına əsasən, yeraltı dəmir yolu xətlərinin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olacaq. Stansiyaların ümumi sayı 73-ə çatdırılmaqla, xətlərin ümumi uzunluğu 119 kilometr təşkil edəcək. Başqa sözlə, 50 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulub.

Gələn il isə metronun "Avtovağzal" və şərti  adı "Memar Əcəmi-2" olan stansiyaları, sərnişinlərin istifadəsində olacaq. Ümumiyyətlə, "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" və "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar qarşıdakı 3 il ərzində iki xətt üzrə, ən azı 8 stansiya istismara veriləcək.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 8 noyabr.- S.9.