Əli HƏSƏNOV: «ABŞ-ın Azərbaycanla
bütün istiqamətlərdə
əməkdaşlığın
inkişafı üçün mühüm addımlar
atacağı iradəsi var»
"ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət
başçısı İlham Əliyevə
ünvanladığı təbrik məktubu, ilk
növbədə, onun hörmət və
ehtiramının əlaməti kimi dəyərləndirilir".
Bunu
"Trend"ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
ABŞ Prezidenti Barak
Obamanın dövlət başçısı İlham Əliyevə üçüncü
müddətə Azərbaycan Prezidenti vəzifəsinin
icrasına başlaması münasibətilə göndərdiyi
təbrik məktubuna münasibət bildirərkən deyib.
Təbrik məktubunun bir neçə xüsusi özəlliyini şərh edən Ə.Həsənov bildirib ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb: "İndiyə qədər biz bu ölkə ilə strateji tərəfdaşlıq sahəsində Azərbaycanın öhdəsinə düşən bütün məsələləri vicdanla və lazımi səviyyədə həyata keçirmişik və bu sahədə də bizim başımız ucadır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə artıq 20 ilə yaxındır, ümummilli lider Heydər Əliyevin dövründən strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Bu strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycana aid olan bütün müddəalarını biz yerinə yetirmişik. Lakin təəssüflər olsun ki, Azərbaycanın ABŞ-dan müəyyən gözləntiləri var ki, indiyə qədər ona ya yetərincə, ya da lazımi şəkildə cavab ala bilməmişik və bununla bağlı ABŞ-dan müəyyən narazılıqlarımız var idi. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, bu məktubda ABŞ-ın hörmətli Prezidenti Barak Obama, demək olar ki, o gözləntilərin əksəriyyəti ilə bağlı məsələlərə aydınlıq gətirib".
PA rəsmisi bildirib ki, ABŞ Prezidenti məktubda öz administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib.
Ə.Həsənovun fikrincə, bu da, ilk növbədə, belə bir fikrə gəlməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı ilə bağlı qarşı tərəfin, yəni, ABŞ-ın mühüm addımlar atacağı iradəsi var, bu iradə ortadadır və Azərbaycan bu iradəyə böyük ümid bəsləyir: "Bundan başqa, təbrik məktubunda Azərbaycanın davamlı olaraq ABŞ-la münasibətlərdə ön plana çıxardığı əsas məsələlərdən, əsas istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Təbrik məktubunda ABŞ Prezidenti bu ağrılı problemə diqqət ayırdığını, bundan sonra da bu münaqişənin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu, Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu problemi diqqətdə saxlayacağını, mövcud status-kvonu aradan qaldıracağı və ATƏT-in Minsk qrupunun həmsədri olan digər dövlətlərlə birlikdə bu münaqişənin həlli istiqamətində bundan sonra da səyləri davam etdirəcəyi iradəsini ortaya qoyub. Bunu da biz yüksək qiymətləndiririk, cünki Azərbaycanın ABŞ-dan strateji tərəfdaş olaraq, ilk növbədə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına söykənən həllinin tapılmasına və bu münaqişənin həll olunmasına dəstək gözləntiləri var".
PA rəsmisi bildirib ki, məktubda ABŞ-ın Azərbaycanın müəllifi olduğu bütün transmilli, enerji, nəqliyyat, kommunikasiya layihələrinə bundan sonra da dəstək verəcəyinin qeyd olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayaraq, sonrakı dövrdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, ondan sonra Bakı-Tbilisi-Qars dəmir yolu, indi TANAP, TAP və bu tipli layihələr, bundan başqa, TRACECA, Şərq-Qərb kommunikasiya əlaqələri, digər layihələrin reallaşmasında ABŞ-ın həm mənəvi, həm maddi, həm də beynəlxalq dəstəyinə ehtiyacı olub və ABŞ bu ehtiyacları davamlı olaraq qarşılayıb: "Məktubda da bu layihələrin davam etdirilməsi ilə bağlı ABŞ-ın iradəsi öz əksini tapıb və bunu da Azərbaycan yüksək qiymətləndirir. Məktubda, o cümlədən Azərbaycanın daxilində gedən proseslər, ölkənin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la birgə strateji tərəfdaş olaraq verdiyi dəstəyin dəyərləndirilməsini də, əlbəttə, tərəfdaş kimi indiyə qədər həyata keçirdiyimiz tədbirlərə, siyasətə verilən dəstək kimi qiymətləndiririk. Düşünürük ki, bu, münasibətlərimizdə Azərbaycanın xidmətlərini dəyərləndirmək cəhdidir və müsbət qarşılanmalıdır. Bütövlükdə, düşünürük ki, cənab Barak Obamanın məktubunda qeyd olunan maraqlara əsaslanaraq bundan sonra da ABŞ-Azərbaycan münasibətləri davam etdiriləcək, Azərbaycanın həyata keçirdiyi siyasətə ABŞ dəstək verəcək və bu, nəinki ABŞ-ın, eyni zamanda, onun tərəfdaşlarının, müttəfiqlərinin dəstək verməsidir".
Ə.Həsənov
deyib ki, məktubda Barak Obama Azərbaycanın iqtisadi, sosial, mədəni
inkişafı və bütün dünyada etiraf olunan son 10
ildəki inkişafı ilə bağlı məsələləri
xüsusi vurğulayır, bunu Azərbaycan Prezidentinin, Azərbaycan
Respublikasının müvəffəqiyyəti kimi qeyd edir və
bundan sonra da ABŞ-ın tərəfdaş dövlət kimi
Azərbaycanın nailiyyətlərinə sevinəcəyini
xüsusi vurğulayır: "Prezident Barak Obama məktubda iki
ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlığın
tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın
uzunmüddətli sabitliyi və inkişafının təmin
edilməsi üçün bundan sonra demokratik proseslərin
daha da inkişaf etdiriləcəyinə əminliyini də
vurğulayıb ki, bu da Azərbaycan tərəfindən məmnunluqla
qarşılanır. Bütün bunlar ABŞ-ın Azərbaycanı
regionda özünün
ən güclü strateji
tərəfdaşlarından biri kimi qəbul etməsinin, onunla
əməkdaşlığa xüsusi
önəm verməsinin göstəricisi kimi
dəyərləndirilir və Azərbaycan bir
tərəfdaş kimi bu
əlaqələrin inkişafına həm
ABŞ-ın, həm də onun müttəfiqlərinin
bundan sonra da dəstək verəcəyinə
inanır".
Azərbaycan.-2013.- 9 noyabr.- S.2.