Azərbaycan
ABŞ üçün ən etibarlı
tərəfdaş dövlətlərdən biridir
Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttinin prioritet istiqamətlərindən birini təşkil edir. Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin strateji müttəfiqliyi dönməz xarakter daşımaqla, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.
ABŞ Azərbaycanın XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkəmiz Müstəqillik haqqında Konstitusiya Aktını qəbul edəndən iki ay yarım keçməmiş - 1991-ci il dekabrın 25-də rəsmi Vaşinqton Azərbaycanın dövlət müstəqilliyini tanıdığını elan etdi. Qısa bir müddətdən sonra - 1992-ci il fevralın 12-də ABŞ-ın dövlət katibi Ceyms Beyker iki ölkə arasında rəsmi münasibətlər yaratmaq üçün Bakıya səfərə gəldi. 1992-ci il martın 17-də ABŞ Bakıda özünün səfirliyini açdı və iki dövlət arasında rəsmi diplomatik münasibətlər yarandı. 1991-1992-ci illərdə ABŞ hökuməti SSRİ-dən yenicə ayrılmış müstəqil Azərbaycan dövlətini hərtərəfli öyrənir, bu dövlətlə münasibətdə ABŞ-ın gələcək xarici siyasətinin konturlarını müəyyənləşdirir, Dağlıq Qarabağ problemini araşdırırdı. Məhz bu mərhələdə Azərbaycan ABŞ üçün özünün prinsipial, ardıcıl, dəyişməz müstəqil xarici siyasətini, strateji tərəfdaş olmaq əhəmiyyətini, demokratiyaya, sülhə, insan hüquq və azadlıqlarının qorunması prinsipinə əsaslanmış hüquqi dövlət qurmaq əzmini sübuta yetirməli idi. Bu mərhələdə Azərbaycan ABŞ-ın xarici siyasətində Vaşinqtonun maraq dairəsinə daxil olmayan ölkələr sırasından çıxıb onu maraqlandıran, onun müdafiə etdiyi dövlətlər sırasına keçməyə can atmalı və çalışmalı idi. Əfsuslar olsun ki, respublikanın o vaxtkı rəhbərləri ABŞ-ın bu təşəbbüsünə qiymət verə bilmədilər. 1992-ci ilin iyul-dekabr aylarında AXC-Müsavat iqtidarının xarici siyasət sahəsindəki səriştəsiz fəaliyyəti ABŞ-da Azərbaycana qarşı münasibətin müsbət məcrada inkişafına mane oldu. Bu siyasət hətta rəsmi Vaşinqtonun respublikamıza qarşı sanksiya tətbiq etməsinə gətirib çıxardı.
ABŞ-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gerçəkləşmişdir və bu münasibətlər bir sıra tarixi faktlarla zəngindir. Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf etməsinin nəticəsi olaraq ölkəmiz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. 1994-1996-cı illərdə Azərbaycanın xarici siyasətində ABŞ-la münasibətlərin daha da inkişafı ölkə diplomatiyası qarşısında dayanan mühüm vəzifələrdən biri kimi uğurla həyata keçirildi. Qısa müddətdə erməni təbliğatı və onun yaratdığı mif darmadağın edildi, Qafqazda əsl vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyada açıqlandı, beynəlxalq ictimai rəy respublikamızın xeyrinə dəyişdirildi. Cəbhə bölgəsində atəşkəs əldə edildi, münaqişənin nəticələrini aradan qaldırmaq üçün xüsusi diplomatik fəaliyyət həyata keçirildi.
ABŞ dünyanın aparıcı neft şirkətlərinin Xəzərin karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün yaratdığı konsorsiumda fəal iştirak etdi və "Əsrin müqaviləsi"ndə mühüm pay sahibi oldu. ABŞ Prezidenti, vitse-prezident, dövlət katibi və digər rəsmilər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zərurətini dönə-dönə, bütün tribunalardan bəyan etdilər. Ağ ev Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə rəsmi Bakının tələblərini dəstəklədi. Ağ ev "Dağlıq Qarabağ respublikası" adlı bir qurumu tanımadığını bəyan etdi. ABŞ "Əsrin müqaviləsi" nəticəsində hasil edilmiş neftin dünya bazarına çıxarılması üçün Heydər Əliyevin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan marşrutunu dəstəklədi. Rəsmi Vaşinqton Xəzərdə hasil edilmiş təbii qazın dünya bazarına çıxarılması üçün Bakının təklif etdiyi ixrac marşrutunu da dəstəkləməklə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini növbəti dəfə sübut etdi.
Azərbaycan 11 sentyabr terror aktından sonra ABŞ-a terrorizmə qarşı mübarizədə qeyri-şərtsiz yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdəndir. Azərbaycan eyni zamanda, Əfqanıstanda taliblərin hakimiyyətdən devrilməsi, hərbi əməliyyatların gedişi zamanı və hazırda NATO-nun silahlı qüvvələrinin bu ölkədən çıxarılması prosesində əvəzsiz rola malikdir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ötən 10 ildə Azərbaycan-ABŞ əməkdaşlığının daha da güclənməsi üçün ardıcıl addımlar atıb. Əlaqələrə Birləşmiş Ştatların baxış bucağından nəzər saldıqda, ilk növbədə, dünyanın sözügedən fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətlərin zəruriliyini şərtləndirən əsas amillər qeyd olunmalıdır. Bu amillər ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə təminat vermək, iqtisadi və siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəli olmaqla yanaşı, həm də Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən, neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu baxımdan ümumilikdə postsovet məkanına münasibətdə daha praqmatik və incə siyasət yürütməyə çalışan Birləşmiş Ştatların Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması bir daha ölkəmizin bölgədəki üstün mövqeyini təsdiq edir.
Hazırda iki ölkənin strateji müstəvidə inkişaf edən əlaqələri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazda özünün ən etibarlı və sınanılmış tərəfdaşı saydığını açıq ifadə etməkdən çəkinmir. Bütün bunlar isə ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.
ABŞ Prezidenti Barak Obama bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib: "Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq. Biz Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq".
Xatırladaq ki, bir müddət əvvəl Vaşinqtonda yerləşən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin "Azərbaycanın regional rolu: İran və digər bölgələr" ("Azerbaijan's Regional Role: Iran and Beyond") adlı hesabatı dərc olunmuşdu. Hesabatda qeyd edilirdi ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycan Respublikası digər müsəlman ölkələri üçün dini və etnik müxtəliflik məsələlərinə uğurlu yanaşmaları ilə nümunə rolunu oynamaqdadır.
Azərbaycan qlobal miqyasda ABŞ-ın enerji strategiyasında və maraqlarında mühüm rol oynayır. Xəzər və Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarlarına çıxarılması zamanı alternativ dəhlizin əsas ölkəsi olan Azərbaycan bu bazarlarda Rusiya və İran kimi ölkələrin öz enerji resurslarından siyasi məqsədlərlə təzyiq vasitəsi kimi istifadə imkanlarını azaldır. Hesabatda o da vurğulanır ki, ABŞ şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanın neft sektorunda geniş fəaliyyət göstərir, Azərbaycan isə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi digər mexanizmlərlə də ABŞ-ın regional və qlobal maraqlarının təmin olunmasında yaxından iştirak edir.
Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək, çox böyük iqtisadi problemləri aradan qaldırıb, yoxsulluq səviyyəsini minimuma endirib, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olub. 1990-cı illərdə sərmayə idxal edən ölkədən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə, bölgədə öz ayaqları üzərində inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilib. Bütün bunlar isə Azərbaycana özünün "yumşaq güc"ünün yeni vasitələrini inkişaf etdirməsinə imkan verib.
Hesabatda xüsusilə qeyd edilir ki, Azərbaycan bütün bunlara ilk baxışda onun müstəqil siyasət həyata keçirməyə əngəl ola biləcək çox ciddi maneələrin olduğu bir coğrafi məkanda - Rusiyanın, İranın, Yaxın Şərqin və Avropanın maraqlarının kəsişdiyi nöqtədə nail olub. Azərbaycan özünün mürəkkəb coğrafi məkanını öz xeyrinə istifadə edə bilərək, müxtəlif layihələrlə Qərblə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilib. Bütün bu nailiyyətlərə Azərbaycan özünün xüsusi düşünülmüş və çox praqmatik siyasəti ilə müvəffəq olub.
Göründüyü kimi, Azərbaycan özünü müstəqil siyasət yeridən etibarlı tərəfdaş kimi təsdiq edib. Rəsmi Bakı həmin xətti bundan sonra da davam etdirəcək. Ölkədə keçirilmiş prezident seçkisinin nəticələri də həmin gerçəkliyi bir daha dünyaya nümayiş etdirib. Bu isə o deməkdir ki, rəsmi Bakının seçdiyi geosiyasi kurs davam edəcək. ABŞ Azərbaycanla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə maraqlıdır. Bu gün Amerika Cənubi Qafqazda özünün bütün addımlarını Azərbaycanın maraqlarının nəzərə alınması şərti ilə həyata keçirir.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 9 noyabr.- S.2.