Azərbaycanda velosipedçilər hərəkatının
inkişafına
həsr olunmuş «dəyirmi masa» keçirilmişdir
Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda velosipedçilər hərəkatının inkişafına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması, enerji qənaəti, sağlam həyat tərzinin təbliği, ictimai məkanda ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasından ibarət olub. "Dəyirmi masa"da Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Nəqliyyat, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Dövlət Yol Polisinin nümayəndələri, ekspertlər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıxov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı problemləri, ekoloji baxımdan çox önəmli nəqliyyat vasitəsi hesab olunan velosipedin ölkəmizdə populyarlaşdırılması istiqamətində görülə biləcək işləri müzakirə etməkdir.O, Elmi Araşdırmalar Mərkəzi tərəfindən bu məqsədlə Azərbaycanda velosiped idmanının inkişafı konsepsiyasının hazırlandığını bildirmişdir.
Çıxışına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə ay əvvəl İsmayıllı rayonuna səfəri zamanı velosiped idmanının əvvəllər ölkəmizdə o qədər də geniş yayılmadığı, lakin həm gözəl idman növü, həm də nəqliyyat vasitəsi olması barədəki fikirlərini xatırlatmaqla başlayan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bu idmanın son dövrlərdə ölkəmizdə yüksəliş dövrünü yaşadığını bildirmişdir. O qeyd etmişdir ki, Fazil Məmmədov Velosiped İdmanı Federasiyasının prezidenti seçildikdən sonra ötən iki il ərzində bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, idmanın bu növünün maddi-texniki təchizatının yaxşılaşdırılması, habelə velosiped idmanının yeniyetmə və gənclər arasında geniş təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 2012-ci ildə 23 yaşınadək gənclər arasında, bu ilin may ayında isə peşəkar velosipedçilər arasında ilk dəfə "Tour d`Azerbaidjan" beynəlxalq veloturlarının, habelə bölgələrimizdə müxtəlif respublika əhəmiyyətli yarışların keçirilməsi, eləcə də federasiyanın bu idman növünün ictimai əhəmiyyəti və inkişaf perspektivləri ilə bağlı apardığı sistemli təbliğat velosiped idmanına ictimai marağın artmasına ciddi təkan vermişdir. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi" İdman Sağlamlıq Cəmiyyətində, Sumqayıt Velosiped İdmanı Klubunda və 8 saylı İdman Olimpiya Məktəbində, eləcə də digər yerlərdə velosiped idmanı ilə məşğul olan spesifik məktəb və klubların fəaliyyəti dəstəklənir, belə idman məktəblərinin regionlarda da açılması istiqamətində tədbirlər görülməkdədir. İdman məktəblərinə, klublarına göstərilən xüsusi diqqət gənc və yeniyetmələrin velosiped idmanına marağını artırır. Velosiped idmanı ilə peşəkar səviyyədə məşğul olan və ilk uğurlarını qazanan idmançılarımızın sayı da getdikcə artır. Cari ilin fevral ayından beynəlxalq yarışlarda iştirak etməyə başlamış "Synerji Baku" komandasının üzvləri ötən müddət ərzində 15 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda mükafata layiq yerlər tutaraq podiuma qalxmışlar.
S.Ələkbərov müzakirə olunan konsepsiyanın bu sahənin inkişafı üçün hazırlanmış digər sənədlər kimi diqqətəlayiq olduğunu qeyd etmiş, velosipedin bir idman və nəqliyyat növü kimi inkişaf etdirilməsinə yeni bir töhfə kimi qiymətləndirmişdir.
Velosipedin dünyanın əksər ölkələrində nəqliyyat vasitəsi kimi tıxacların qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına da yardım etdiyi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, baxımsızlıq üzündən yararsız hala düşmüş respublika velotrekinin bərpası ilə bağlı işlər davam etdirilir, dənizkənarı bulvarda 4 km uzunluğunda velosiped yolu salınmış, Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılmışdır. Hazırda şəhərimizin yenidən qurulan hissələrində, habelə digər şəhər və rayonlarda da velosiped yollarının və zolaqlarının salınması ilə bağlı məsələlər geniş müzakirə olunur.
MiIIi Məclisin sektor müdiri Şamil Hüseynov qeyd etmişdir ki, 1999-cu ildə Azərbaycan parlamenti tərəfındən qəbul olunmuş avtomobil yolları haqqında qanunda çərçivə müddəalar öz əksini tapmışdır. Bu ilin may ayında avtomobil yolları haqqında qanunun maddələrinə bir sıra əlavə və düzəlişlər edilmişdir. Bu qanunların, məcəllələrin işlək mexanizmi olan qaydalar, təlimatlar, müxtəlif əsasnamələr də mövcuddur. Azərbaycanda velosiped idmanı növü ilə bağlı və həm də velosipedin nəqliyyat vasitəsi kimi istifadəsi ilə əlaqədar kifayət qədər hüquqi baza var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev hazırlanmış konsepsiyanın bu gün üçün çox aktual olduğunu vurğulamışdır. Onun sözlərinə görə, velosiped idman növü gənclərin sağlamlığı üçün çox mühüm vasitədir.
Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov velosiped idman növünün insan sağlamlığı üçün əhəmiyyətli olduğunu, ürək-damar sisteminin profilaktikasına yaxşı təsir etdiyini, sümük-oynaq xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynadığını bildirmişdir.
Nəqliyyat Nazirliyinin nümayəndəsi Tural Rəsulov qeyd etmişdir ki, Avropa ölkələrində velosiped yollarının salınması məsələsi nəqliyyat siyasətində mühüm yer tutur. İlk dəfə velosiped yolları ABŞ, Hollandiya və Almaniyada salınmağa başlanıb. Hazırda isə əksər Avropa ölkələrində velosipeddən əsas nəqliyyat vasitəsi kimi istifadə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov da öz cıxışında velosipedin ekoloji faydalarından danışmışdır. Onun sözlərinə görə, Azərbaycanda şəhər nəqliyyatı dedikdə, ilk növbədə, daha çox tıxaclar yada düşür. Həm ekoloji, həm də sağlamlıq baxımından velosipedlərdən istifadə olunması təqdirəlayiqdir.
Milli Olimpiya Komitəsinin aparıcı məsləhətcisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev velosipedcilər hərəkatının, ümumilikdə velosiped idmanının inkişafı üçün bu sahənin yüksək səviyyədə və peşəkarlıqla təbliğinə böyük ehtiyac olduğunu bildirmişdir. Xüsusi velosiped yollarının salınması ilə yanaşı, insanların bu nəqliyyat növündən daha cox istifadə etməsi üçün planlı şəkildə səmərəli təbliğat işinin aparılması unudulmamalıdır. M.Fərzəliyev bölgələrdə fəaliyyət göstərən Olimpiya idman komplekslərində velosiped idmanı bölmələri yaratmaqla bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələyə qaldırılmasını təklif etmişdir.
Azərbaycan
Turizm İnstitutunun nümayəndəsi Rəhim Rəsulov
velosiped idmanının turizm sektoruna da müsbət təsirindən
danışmışdır. O, artıq iki dəfə ümummilli
lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş veloyürüşün
təşkil olunduğunu, həmin yürüş zamanı dünyanın
müxtəlif ölkələrindən olan
velosipedçilərin ölkəmizin səfalı guşələrində
təşkil olunmuş marşrutlar
üzrə hərəkət etdiklərini qeyd etmişdir. Müzakirələrdə
iştirak edən digər
çıxışçılar da velosiped idmanının inkişafı ilə
bağlı öz fikir
və mülahizələrini söyləmiş, geniş kütlələrin bu
işə cəlb olunmağının vacibliyini
vurğulamışlar.
Azərbaycan.-2013.- 9 noyabr.- S.6.