Azərbaycanın Rusiyadakı səfiri Zelenoqradda döyülmüş

 azərbaycanlı əlil oğlanın anası ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu il noyabrın 1-də Zelenoqrad şəhərində döyülmüş 14 yaşlı azərbaycanlı əlil Rövşən Kazımovun anası ilə, həmçinin bu oğlana havadarlıq etmişşahid ifadələri vermiş Tatyana Aqafonova ilə görüşmüşdür.

Səfir P.Bülbüloğlu Tatyana Aqafonovanın bu cəsur hərəkətinə görə ona təşəkkür edərək demişdir: "Əgər bütün insanlar bir-birinə  hörmət və diqqətlə yanaşsaydılar, belə hadisələr olmazdı. Təəssüf ki, bu gün milli zəmində baş verən münaqişələrin sayı get-gedə artır. Çox sevindirici haldır ki, Rusiyada sizin kimi cəsur, haqqın və ədalətin tərəfdarı olan qadınlar vardır. Həyatda belə mövqeyinizə görə bütün azərbaycanlılar adından sizə təşəkkür etmək istəyirəm".

Səfir qeyd etmişdir ki, Rövşən Kazımovun işi ilə məşğul olmaq üçün səfirliyin dəstəyi ilə Natalya Soboleva ad-soyadlı vəkil tutulmuşdur, çünki bu problem yalnız hüquqi vasitələrlə tənzimlənməlidir.

Polad Bülbüloğlu demişdir: "Hər halda, biz qonşu ölkələrik. 200 ildən çoxdur ki, birgə yaşayırıq. Rusiyada təqribən 2 milyon azərbaycanlı yaşayır. Bu insanların çoxu intellektual sahədə çalışır, aralarında görkəmli həkimlər, professorlar, alimlər var, yaradıcı fəaliyyətlə məşğul olanlar var. Onların hamısı Rusiyanın rifahı üçün işləyirlər".

Səfir zərərçəkmiş yeniyetmənin anasına müraciət edərək vurğulamışdır ki, bu məsələ Azərbaycan DİN nümayəndəsinin ciddi nəzarətindədir və səfirlikdən nə tələb olunursa, hamısı ediləcəkdir.

Rövşən Kazımovun anası Aygün Kazımova oğlu Rövşənin dəstəklənməsinə görə səfirə təşəkkür edərək bildirmişdir ki, hazırda Rövşən Moskvadakı Morozov adına uşaq klinik xəstəxanada müalicə olunur.

Tatyana Aqafonova bildirmişdir ki, həmin vaxt o, başqa cür hərəkət edə bilməzdi. T.Aqafonova demişdir: "Oğlanı görən kimi anladım ki, o, ev uşağıdır. Görkəmi səliqəli və təmiz idi. Uşağın əlil olması da aşkar görünürdü. Bu vəziyyətdə mən laqeyd qala bilməzdim. Əminəm ki, mənim əvəzimə hər hansı başqa normal insan olsaydı, o da eyni ilə bu cür hərəkət edərdi".

Rövşən Kazımovun işi ilə məşğul olan vəkillik kontorunun nümayəndələri də görüşdə iştirak etmişdir. Azərbaycanın Rusiyadakı səfiri bir fakta xüsusi diqqəti cəlb etmişdir ki, bu işin araşdırılmasında Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov bilavasitə iştirak edir.

Səfirin sözlərinə görə, Pavel Astaxov RF daxili işlər naziri Vladimir Kolokoltsevə, Moskvanın meri Sergey Sobyaninə və RF Prokurorluğuna müvafiq məktublar göndərmişdir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.-  9 noyabr.- S.8.