Bişkekdə türkdilli
dövlətlərin və subyektlərin III Media
Forumu keçirilir
Noyabrın 8-də Bişkekdə türkdilli dövlətlərin və subyektlərin (TDS) III Media Forumu öz işinə başlamışdır. Forumda Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
İştirakçıları Türkiyənin Mətbuat və İnformasiya idarəsinin baş direktoru Murat Karakaya salamlamış, türkdilli ölkələr və subyektlər arasında mətbuat və informasiya sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışmışdır.
AMŞ-nın sədri Əflatun Amaşov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayev və başqaları forumda çıxış etmişlər.
Tədbirdə "Yeni media texnoloji dəyişikliklərin aynası kimi", "Ənənəvi KİV-in yenidən qurulması prosesi və yeni media", "Türk dünyasının gələcək kütləvi mass-mediası: yeni media vasitələri və sosial medianın səmərəliliyi", "Yeni media kontekstində kütləvi informasiya vasitələrinin etikası", "Türk dünyasında internet: sosial şəbəkələr və yeni texnologiyaların inkişafı" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Əflatun Amaşov Media Forumda geniş məruzə ilə çıxış etmişdir. O, Media Forumun bundan əvvəl Ankarada və Bakıda keçirilmiş birinci və ikinci iclaslarının əhəmiyyəti haqqında danışmış, qurumun dinamik struktura çevrilməsi üçün görüləcək işlər barədə məlumat vermişdir. Mətbuat Şurasının sədri demişdir ki, media birliyimizin daha da məhsuldar işləməsi üçün qurumun ideya və prinsiplərini təmsil olunduğumuz dövlətlərin prinsipləri baxımından uzlaşdırmaq mühüm əhəmiyyət daşıyır. Media birliyimizin ortaq internet portalı yaradılmışdır və bizim bir vəzifəmiz də həmin portalı yüksək səviyyədə türk dünyasına təqdim etməkdir. O, təklif etmişdir ki, portalda təmsil olunduğumuz dövlətlərin və subyektlərin aparıcı media orqanları haqqında video materiallar da yerləşdirilsin.
Media Forum çərçivəsində TÜRKSOY-un 20 illiyi ilə əlaqədar fotosərgi də keçirilmişdir.
Forum öz işini
davam etdirir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Azərbaycan.-2013.- 9 noyabr.- S.9.