İSESCO-ya üzv
ölkələrin uşaq məsələləri
üzrə
məsul nazirlərinin IV konfransının
iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
Sizin hamınızı səmimi qəlbdən salamlayır, hər birinizə uzun ömür, cansağlığı və konfransınızın işinə uğurlar arzu edirəm. Ümidvaram ki, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən bu konfrans İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcəkdir.
Qloballaşma dövründə böyük vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çoxsaylı problemlərin həllini tələb edir. Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastrukturu, ekoloji mühiti və müvafiq sosial təsisatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərdə tutur. Bu sahədə görülən işlər, şübhəsiz ki, gələcəkdə də davam etdiriləcəkdir.
Uşaqların sağlamlığı, təhsili və ahəngdar inkişafı ilə bağlı hüquqlarının təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir. Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərinin həlli üçün əlverişli mühit formalaşdırılmışdır və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul etdiyi müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir. Bu münaqişə nəticəsində doğma yurdlarından məhrum olub qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası onların həm də uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcəkdir.
Dayanıqlı inkişaf strategiyası uşaq hüquqları və urbanizasiya məsələlərinin həlli üçün müxtəlif beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir. Əminəm ki, konfransınız bütün bu məsələlərə diqqət yetirərək geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaqdır.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 13 noyabr.- S.4.