Prezident İlham Əliyevin Çankaya köşkündə rəsmi qarşılanma mərasimi

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri

 

Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı  Hayrünnisə Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev türk əsgərlərini salamladı. Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.

Sonra prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 13 noyabr.- S.1.