Azərbaycan və Türkiyə prezidentlərinin təltif olunması mərasimi

 

 

Noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Sonra Prezident İlham Əliyevin "Dövlət nişanı" ordeni ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti "Dövlət nişanı" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti "Heydər Əliyev" ordenini Türkiyə Prezidentinə təqdim etdi.  Türkiyə Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.

 

 

 

Prezident Abdullah Gülün çıxışı

 

 

- Cənab Prezident İlham Əliyev!

Hörmətli Mehriban xanım, dəyərli qonaqlar!

Bu gün burada Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluğu daha da möhkəmləndirəcək "Dövlət nişanı" mükafatının təltifetmə mərasimi münasibətilə toplaşmışıq. Ölkəmizin ən yüksək ordeni olan "Dövlət nişanı"nı Azərbaycan Respublikasının Prezidenti, dəyərli dostum cənab İlham Əliyevə təqdim etməkdən böyük məmnunluq hissi duyuram. Bir vaxtlar ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin də təltif olunduğu "Dövlət nişanı"nı bu dəfə Əliyevlər ailəsinin başqa bir nüfuzlu nümayəndəsinə təqdim etməkdən böyük qürur hissi keçirdim. Bu orden eyni millətin iki dövləti olan ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dostluq əlaqələrimizin gücləndirilməsi üçün nümunəvi liderlik nümayiş etdirən cənab Prezident İlham Əliyevə ürəkdən qiymətimizin ifadəsidir. Eyni qaydada mənim Azərbaycanın ən yüksək mükafatı olan "Heydər Əliyev" ordeninə layiq görülməyimdən də böyük xoşbəxtlik hissi keçirirəm. Mənim mərhum Heydər Əliyevin adını daşıyan bu ordenlə təltif olunmağım əzəli və əbədi Türkiyə-Azərbaycan qardaşlığının aydın bir təzahürüdür.

Dəyərli qonaqlar, Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətlərimizin ən güclü şəkildə davamına böyük əhəmiyyət veririk. Qlobalregional təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycanı təhlükələrdən qoruyacaq bir liderin mövcudluğu münasibətlərimizin gələcəyinin təminatıdır.

Zati-alilərinin məharətli idarəçiliyi ilə Azərbaycan hər sahədə parlaq nailiyyətlər qazanmışdır. Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin şəxsən həmişə şahidi olmuşam.

Hərtərəfli inkişafartan rifah səviyyəsi ilə Azərbaycan qısa müddətdə həsəd aparılacaq bir ölkə olmuşdur. Azərbaycan regiondakı və beynəlxalq aləmdəki güclü mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilən və keçən həftə quruma ikinci sədrliyi təhvil verən Azərbaycan qazandığı uğurlu nailiyyətlərlə diplomatik gücünüsübut etmişdir. Xoşdur ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sadəcə 22 il sonra öz imkanları və gücü ilə gələcəyə ümidlə baxmasını təmin edən belə mühüm uğurlar qazanmışdır. Şübhəsiz, bu uğurların arxasında ümummilli lider, mərhum Prezident Heydər Əliyevin yaratdığı sağlam təməllər və Prezident İlham Əliyevin ölkəsinə bu irsə yaraşan şəkildə xidmət etməsi dayanır. Bu mətin liderlik sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf etmişdir. Bu layihələr zənginləşməkdə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Trans-Anadolu təbii qaz boru kəməri layihələrini sürətlə tamamlayaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinə yeni uğurlu layihələr əlavə etmək istəyirik.

Cənab Prezident, dəyərli qardaşım, Azərbaycanda vəzifəyə gəldiyiniz gündən bəri ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün böyük səy göstərirsiniz. Böyük səylərinizlə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində müstəsna bir yer tutmusunuz. Ölkələrimizin ortaq mənafeyi naminə göstərdiyiniz liderlik üçün Türkiyə Respublikasının təsis etdiyi ən yüksək orden olan "Dövlət nişanı"nı Türkiyə xalqı adından Zati-alinizə təqdim etməkdən şərəf duyuram. Böyük qürurla daşıyacağım "Heydər Əliyev" ordeni ilə təltif olunduğum üçün Sizin simanızda bütün  Azərbaycan xalqına ən səmimi duyğularımla təşəkkür etmək istəyirəm. Bu münasibətlə Türkiyə-Azərbaycan qardaşlığı üçün tarix boyunca hər cür fədakarlıq göstərən əcdadlarımızı və şəhidlərimizi dərin ehtiram hissi ilə anır, aramızdakı mükəmməl qardaşlıq əlaqələrinin gələcəkdə davam edəcəyinə qəti inamımı bildirirəm.

Yaşasın can Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu!

 

Azərbaycan.-2013.- 13 noyabr.- S.1.