Azərbaycan və Türkiyə prezidentlərinin təltif olunması mərasimi

 

 

Noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Sonra Prezident İlham Əliyevin "Dövlət nişanı" ordeni ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti "Dövlət nişanı" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti "Heydər Əliyev" ordenini Türkiyə Prezidentinə təqdim etdi.  Türkiyə Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.

 

Prezident İlham Əliyevin çıxışı

 

 

 

- Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül!

 

Hörmətli cənab Baş nazir, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan!

 

Əziz dostlar, hörmətli xanımlar və cənablar!

 

Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün mən qardaş Türkiyə Cümhuriyyətinin ali mükafatı ilə təltif olunuram. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Mən Sizi və bütün türk xalqını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam. Çalışacağam ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, bizim bütün birgə layihələr icra edilsin, Türkiyə-Azərbaycan birliyi əbədi, sarsılmaz olsun.

Bu gün bu təltifi alarkən bir daha keçmişə nəzər salırıq. Görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada nadir əlaqələrdir. Bizi tarix, etnik köklər, ortaq mədəniyyət, eyni zamanda, siyasi-iqtisadi maraqlarımız birləşdirir. Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim bugünkü birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulubdur. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bugünə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, xalqlarımız da bir-birinə qovuşsun, imkan verir ki, biz birlikdə xalqlarımız, dövlətlərimiz üçün vacib olan məsələləri həll edək.

Son on il ərzində mən çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim yüksək səviyyədə olsun. Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə, dünya üçün önəmli bir amilə çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi layihələr, enerji layihələri bizi daha da sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir. Bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da, Türkiyə və Azərbaycan son illər ərzində böyük uğurlu yol keçmişdir.    

Bu gün Ankarada yenidən olarkən burada gedən inkişafı görürük və buna sizin qədər sevinirik. Mən son 10 il ərzində Türkiyədə dəfələrlə olmuşam. Bu, mənim 16-cı səfərimdir və 3-cü rəsmi səfərdir. Ancaq bir neçə ildir ki, Ankarada olmamışdım. Bu gün Ankarada gedən inkişafı görərkən çox sevinirəm. Bu, sizin böyük uğurunuzdur, böyük nailiyyətinizdir.

Türkiyənin inkişafı bizi gücləndirir. Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir. Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir, Türkiyənin bütün təşəbbüsləri reallaşır və bu gün dünya miqyasında Türkiyə bir güc mərkəzidir.

Bütün bu işlərin həyata keçirilməsində qardaşım Prezident Abdullah Gülün xüsusi xidmətləri vardır. Sizin rəhbərliyinizlə ölkəniz inkişaf edir, artıq beynəlxalq gücə çevrilmişdir. Türkiyə dostlar, tərəfdaşlar üçün çox cəlbedici ölkədir. Türkiyə ilə dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır. Beynəlxalq nüfuzunuz çox yüksək səviyyədədir və əziz qardaşımın qeyd etdiyi kimi, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olmuşdur. Ancaq ondan əvvəl Türkiyə bu təşkilata üzv olmuşdur. Əminəm ki, Türkiyə yenidən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olacaqdır. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət gündən-günə artır.

Biz əziz qardaşım Prezident Abdullah Gül ilə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışmışıq, çiyin-çiyinə çalışmışıq. Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında bərabər iştirak etmişik, Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlini bir yerdə qoymuşuq. Əminəm ki, belə birgə mərasimlər hələ çox olacaqdır. Çünki bizim həyata keçirdiyimiz layihələrimiz gələcəyə yönəlibdir. Elə etməliyik ki, bizdən sonra gələn nəsil də dostluq, birlik, qardaşlıq mühitində bir-biri ilə əlaqə saxlasın. Bu gün təməli qoyulan ənənələr, bu gün göstərilən istiqamətlər gələcək nəslə də bir yol göstəricisidir. Çünki biz istəyirik ki, birliyimiz əbədi, sarsılmaz, dönməz olsun. Əminəm ki, biz buna nail olacağıq. Hər halda son illərin tarixi belə deməyə əsas verir.

Türkiyənin gələcək inkişafı nə Azərbaycanda, nə Türkiyədə heç bir şübhə doğurmur. Bizim qardaş ölkəmiz yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir və ölkə qarşısında duran bütün vəzifələri icra edəcəkdir. Mən bu fürsətdən istifadə edərək Azərbaycana daim göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə bizə arxa, dayaq olmuşdur. Bu gün bizim qarşılıqlı dəstəyimiz ölkələrimizi daha da birləşdirir, gücləndirir. Bu gün Türkiyə - Azərbaycan işbirliyi, əməkdaşlığı müsbət meyillərin güclənməsinə təkan verir. İqtisadi, siyasi, enerji sahələrində bu birlik həlledici amildir. Bugünkü mərasim və bugünkü təltiflər böyük bir rəmzi məna daşıyır. Bu, bizim birliyimizin, dostluğumuzun, qardaşlığımızın təntənəsidir. Biz bundan sonra da əlaqələrimizi bu möhkəm təməl üzərində quracağıq.

Mən bir daha əziz qardaşım Prezident Abdullah Gülə mənim səylərimi, fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Türkiyə və Azərbaycan xalqlarını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan birliyi üçün bundan sonra da var gücümlə çalışacağam.

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

 

* * *

 

Sonda prezidentlər İlham Əliyev və Abdullah Gül, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül xatirə şəkli çəkdirdilər.

Türkiyə Respublikasının ən ali mükafatı olan "Dövlət nişanı" 1988-ci ildə təsis edilmişdir. Türkiyə Prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 13 noyabr.- S.2.