Bakıda MDB ölkələri gənc
şərqşünaslarının II qurultayı keçirilmişdir
Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) MDB ölkələri gənc şərqşünaslarının "Şərq cəmiyyətləri: ənənə və müasirlik" mövzusunda II qurultayı işə başlamışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, AMEA-nın Şərqşünaslıq İnstitutu və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən qurultaya 10 ölkədən 70-ə yaxın gənc tədqiqatçı alim qatılmışdır.
Qurultayın işinə uğurlar arzulayan AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə verdiyi dəyərli töhfələrdən söz açmışdır.
Şərqşünaslığın Azərbaycanda qədim tarixə və zəngin ənənələrə malik olduğunu söyləyən akademik bildirmişdir ki, tədbirə görkəmli alimlərimiz Aida İmanquliyeva, Ziya Bünyadov, Rüstəm Əliyev, Həmid Araslı, Vasim Məmmədəliyev, Əbdülkərim Əlizadə və başqalarının tələbələri, yetirmələri qatılmışlar. Tədbir çərçivəsində keçiriləcək 4 bölmə iclasında Azərbaycan şərqşünaslıq elminin inkişaf mərhələlərindən geniş söz açılacaqdır.
AMEA-nın prezidenti demişdir ki, qurultayda gənc alimlərlə yanaşı, MDB-dən 15 tanınmış alim də iştirak edir.
Azərbaycan şərqşünaslarının Rusiya şərqşünaslıq məktəbinin formalaşması və inkişafındakı roluna toxunan A.Əlizadə demişdir ki, bu əlaqələrin qurulmasında görkəmli alimlərimiz Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşovun böyük xidmətləri olmuşdur. Əminəm ki, bu tədbir gənc alimlər arasındakı yaradıcılıq əlaqələrinə öz dəyərli töhfəsini verəcəkdir.
Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir ki, Cənubi Qafqaz təkcə Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirmir, o, həm də Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir iqtisadi və siyasi layihə həyata keçirilmir. Bu gün Azərbaycan Cənubi Qafqazın və dünyanın iqtisadi cəhətdən lider dövlətlərindən biri olmaqla yanaşı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir.
E.Aslanov vurğulamışdır ki, Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur, əksinə, burada uzun illərdən bəri tolerant bir mühit hökm sürür. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb fəaliyyət göstərdiyi bir məkandır. Burada həm yəhudilər, həm xristianlar, həm də müsəlman dinindən olan insanlar mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimiz və uğurumuzdur.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, Azərbaycan bu gün bütün aparıcı beynəlxalq və regional təşkilatların üzvüdür. Azərbaycan BMT-nin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının tam, bərabərhüquqlu üzvüdür, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti, NATO ilə əməkdaşlıq edir, müxtəlif qurumların parlament assambleyalarında təmsil olunur.
Elnur Aslanov çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna da toxunmuşdur. O demişdir: "İşğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon işğal altındadır. Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bütün dünya da, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın tarixi ərazisi kimi tanıyır, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin tərəfdarıdır. Münaqişənin tənzimlənməsi istiqamətində müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi vardır. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hələ də davam edən ikili standartlar nəticəsində Qarabağ münaqişəsi öz həllini tapmamışdır".
Natiq Ermənistanın hazırda çox ağır və ciddi siyasi-iqtisadi böhranla üzləşdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Məhz işğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan bu gün Cənubi Qafqazda təcrid olunmuş vəziyyətdədir. Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihədə iştirak etmir. Bunun da səbəbi Ermənistanın işğalçılıq siyasətini və qeyri-konstruktiv mövqeyini davam etdirməsidir. Azərbaycan Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe və rassional yanaşma gözləyir.
MDB ölkələrinin gənc şərqşünaslarının "Şərq cəmiyyətləri: ənənə və müasirlik" mövzusunda II qurultayının işinə uğurlar arzulayan Elnur Aslanov demişdir ki, gənc alimlərin görüşləri nəinki regionda, eləcə də dünyada növbəti uğurlu elmi layihələrin həyata keçirilməsinə təkan verəcəkdir.
Azərbaycanın öz qüvvəsinə arxalanan bir dövlət olduğunu söyləyən SAM-ın direktoru Fərhad Məmmədov demişdir ki, biz qonşularımız üçün heç bir təhlükə törətmirik və hər zaman əməkdaşlığa hazırıq.
Təmsil etdiyi təşkilatın işindən danışan F.Məmmədov bildirmişdir ki, SAM artıq 6 ildir fəaliyyətdədir və bu dövrdə hansı istiqamətlərin dünya ekspertləri üçün maraqlı olduğunu müəyyənləşdirmişdir. Azərbaycan geosiyasi mövqeyinə görə həm Avropada, həm də Asiyada baş verən proseslərin tərkib hissəsindədir, həmçinin türk dünyasında baş verən proseslərin bir parçasıdır.
Rəhbərlik etdiyi quruma Azərbaycanda gedən prosesləri araşdırmaq istəyən yüzlərlə ekspertin müraciət etdiyini söyləyən SAM-ın rəhbəri demişdir ki, biz artıq bir çox ölkələrlə işgüzar və yaxşı dostluq əlaqələri qurmuşuq.
F.Məmmədov qeyd etmişdir ki, Azərbaycan artıq 200 ildir Rusiya ilə yaxın əlaqədədir və 1000 ildən artıqdır İran məkanı ilə bağlantıdadır. Bütün bunlara nəqliyyat, energetika və münaqişələr kimi mövzuları da əlavə etsək, Azərbaycanın ekspertlər üçün niyə bu qədər maraqlı olduğunu anlayarıq. Ölkəmizin region dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrə mühüm önəm verdiyini söyləyən F.Məmmədov şərqşünaslıq sahəsində də əməkdaşlıq layihələrini nəzərdən keçirməyə hazır olduqlarını vurğulamışdır.
Bakıda olmasından məmnunluğunu ifadə edən Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyakova qurultayın böyük tarixi əhəmiyyət daşıdığını söyləmişdir.
Rusiyalı alim demişdir ki, Azərbaycan ta qədimdən qonaqpərvərliyi, yüksək elmi və mədəni inkişafı ilə seçilmişdir. Sevindirici haldır ki, bu ənənələr bu gün də davam edir. Son illər Azərbaycanda bir-birindən maraqlı beynəlxalq səviyyəli görüşlər, forumlar və konfranslar keçirilmişdir ki, bu da xalqlar arasında dostluq və mehriban əlaqələrin inkişafına təkan verməkdədir.
Elqena Molodyakova demişdir: "1926-cı ildə bu gözəl Bakıda birinci Türkoloji Qurultay keçirilmişdir. O vaxtdan Azərbaycan şərqşünaslığın və türkologiyanın problemlərinin müzakirə olunduğu araşdırmalar mərkəzinə çevrilmişdir".
Rusiya EA Şərqşünaslıq İnstitutunun direktor müavini təmsil etdiyi institutun fəaliyyətindən danışaraq Şərq ölkələrinin elmi mərkəzləri ilə əməkdaşlıqlarından söz açmış və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə də saziş bağlamağın vaxtının çatdığını qeyd etmişdir. Rusiya Şərqşünaslıq İnstitutunun 2018-ci ildə 200 illiyinin keçiriləcəyini diqqətə çatdıran E.Molodyakova, gənc şərqşünasları bu əlamətdar tarixə həsr olunmuş tədbir keçirməyə çağırmışdır.
AMEA-nın
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva
Şərqin müasir hadisələrdə rolunun
artdığını qeyd edərək İsrail-ərəb
münaqişəsinin, İraqda, Liviyada, Misirdə, Yəməndə
və Suriyada cərəyan edən hadisələrin
dünyanın diqqətinin Şərqə cəmlənməsinə
səbəb olduğunu bildirmişdir. Bu
münaqişələrin tezliklə həll
olunmayacağını və Şərqin onilliklərlə dünya ictimaiyyətinin diqqət mərkəzində
duracağını söyləyən G.Baxşəliyeva bunun da Qərbdə Şərq
tədqiqatlarının artmasına səbəb
olacağını demişdir. Postsovet məkanında şərqşünaslıq
elminin əlyazmaların və mədəni
abidələrin tədqiqindən
başlandığını deyən natiq
sonradan müasir şərqşünaslığın
əsasən Şərqin iqtisadiyyatına, siyasi
hadisələrə, dini cərəyanlara
yönəldiyini bildirmişdir. Təcrübəli
şərqşünas alimlərin estafeti
istedadlı gənc şərqşünaslara vermək
imkanının olmasından məmnunluğunu bildirən
G.Baxşəliyeva qurultayın da bu elmin inkişafına təkan
verəcəyini söyləmişdir.
Professor Gövhər Baxşəliyeva demişdir ki, MDB ölkələrinin gənc şərqşünaslarının "Şərq cəmiyyətləri: ənənə və müasirlik" mövzusunda birinci qurultayı ötən il Moskvada keçirilmişdir. O zaman növbəti qurultayın Bakıda keçirilməsi qərara alınmışdır.
Qurultay çox böyük əhəmiyyətə malikdir, ona görə ki, bu tədbir Azərbaycan şərqşünaslarının bütün potensiyalının əyani şəkildə üzə çıxmasına təkan verəcəkdir.
İnstitutunun direktoru G.Baxşəliyeva vurğulamışdır ki, tədbirdə müasir şərqşünaslıq elminin ən aktual problemləri müzakirə olunacaqdır.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbayev qurultayda çıxış edərək rəhbəri olduğu elm ocağının fəaliyyətindən söz açmışdır. Demişdir ki, ötən müddət ərzində Beynəlxalq Türk Akademiyası tərəfindən 40-dək elmi kitab çap olunmuş və onların müxtəlif ölkələrdə, eləcə də Azərbaycanda təqdimatları keçirilmişdir.
Qurultayın işinə uğurlar arzulayan qonaq Beynəlxalq Türk Akademiyası tərəfindən müxtəlif dillərdə çap olunmuş "Türkdilli dünya" və "Türk tərbiyəsi" kitablarını Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə təqdim etmişdir.
Azərbaycan şərqşünaslıq məktəbinin böyük ənənələrindən söz açan AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov demişdir ki, bu məktəbin yetirmələri hər zaman dünya elminə öz töhfəsini vermişlər.
Alim bu günlərdə başa çatmış üçüncü Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini bir daha qonaqların diqqətinə çatdırmışdır.
Sonra tədbir
plenar iclasla davam etdirilmişdir. İclasda SAM-ın direktoru Fərhad Məmmədov, Moskva Dövlət Universiteti Asiya və Afrika
ölkələri İnstitutunun
prezidenti Mixail Meyer, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq
Şərq Əlyazmaları
İnstitutunun direktoru
İrina Popova və başqaları çıxış edərək
tədbirin əhəmiyyətindən
və dinləniləcək
məruzələrin aktuallığından
söz açmışlar.
Qurultay işini günün ikinci yarısında "Tarixi araşdırmalar",
"Tarixşünaslıq və mənbəşünaslıq"
və "Filologiya"
mövzularında bölmə
iclasları ilə davam etdirmişdir.
Qurultayın ikinci iş gününün birinci yarısında "Tarixi araşdırmalar", "Filologiya",
"Fəlsəfə, dinşünaslıq,
kulturologiya" bölmələrində
"Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı
səfiri Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti haqqında", "XX əsrin
ictimai xadimi Əmir ər-Reyhaninin əsərlərində sosial-siyasi
mövzuların işıqlandırılması",
"Xəqani divanında
oyun adları",
"Hindistandan müasir
tayfa incəsənətinin
funksional transformasiyası:
rituallardan Avropanın
muzeylərinə doğru"
və s. mövzularda gənc alimlərin məruzələri dinlənilmişdir.
Ümumilikdə, bölmələrdə 30-dək
məruzə dinlənilmiş,
ciddi fikir mübadiləsi aparılmışdır.
Qurultay çərçivəsində
təşkil edilmiş
"Azərbaycan şərqşünaslığının
dünya şərqşünaslıq
elminə töhfəsi"
mövzusunda "dəyirmi
masa"da şərqşünaslarımızın
dünya elminə verdiyi əvəzsiz töhfələrdən söz
açılmışdır.
Tədbirdə AMEA-nın akademik
Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
professor Gövhər Baxşəliyeva,
AMEA-nın Azərbaycan
Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Şərqşünaslıq İnstitutunun
şöbə müdiri,
professor Vilayət Cəfərov,
SAM-ın eksperti Məsiağa Məhəmmədi
çıxış edərək
Azərbaycan şərqşünaslığının
nailiyyətlərindən danışmış,
akademik Ziya Bünyadov, professor Aida İmanquliyeva,
professor Rüstəm Əliyev
kimi görkəmli şərqşünasların elmi
fəaliyyətindən söz
açmışlar.
Vurğulanmışdır ki, Ziya Bünyadov
adi bir tarixçi,
adi bir tarix
tədqiqatçısı deyildi. Onun orta əsrlər
üzrə apardığı
dərin, eyni zamanda, orijinal elmi araşdırmaları,
ərsəyə gətirdiyi
sanballı tədqiqat
əsərləri Azərbaycanda
tarixşünaslıq elmini
daha da zənginləşdirmiş,
onu inkişaf etdirərək keyfiyyətcə
yeni səviyyəyə
qaldırmışdır.
Bildirilmişdir ki, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının
ilk tədqiqatçısı və ilk azərbaycanlı
ərəbşünas qadın,
elmlər doktoru Aida İmanquliyeva özündən
sonra çağdaş
ərəb ədəbiyyatının
tədqiqində yeni bir səhifə, yeni bir yol
açmışdır.
Aida xanım İmanquliyevanın
elmi fəaliyyətinin
əhatə dairəsi
geniş və çoxşaxəli idi. Onun elmi
əsərlərində Qərb
və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcılıq
üslubunun inkişafı
və yeni bədii cərəyanların
təşəkkül tapması
tədqiq olunmuşdur
ki, bu da
nəinki ərəb ədəbiyyatının, həmçinin
bütün yeni Şərq ədəbiyyatının
gələcəkdə araşdırılması
üçün çox
mühüm zəmin yaradır.
Xüsusi
qeyd edilmişdir ki, bu gün
Vətənimizin müstəqillik
yolu ilə inamla irəlilədiyi və dünyanın bütün dövlətləri,
o cümlədən də
ərəb Şərqi
ilə geniş əlaqələr yaratdığı
bir vaxtda bu ölkələrin həyatının hər
bir sahəsi ilə daha yaxından
tanış olmaq ehtiyacı duyulur və bu ehtiyacı
aradan qaldırmaqda
Aida xanım İmanquliyevanın
elmi əsərlərinin
özünəməxsus yeri
və əhəmiyyəti
vardır.
Natiqlər professor Rüstəm Əliyevin zəngin elmi yaradıcılığından danışmış, onun mənalı ömür yolunun gənc tədqiqatçılar üçün layiqli örnək olduğunu bildirmişlər.
Qurultay işini "Sovet Şərqinin plakatları, 1918-1940" mövzusunda təqdimatla davam etdirmişdir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə "Cənubi Qafqaz" Elmi-Tədqiqat Mərkəzi (Rusiya) və Türk Akademiyası (Qazaxıstan) arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanmışdır.
Qurultayın
sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilmiş
və ən yaxşı məruzəçilər
mükafatlandırılmışdır.
Azərbaycan.-2013.- 13 noyabr.- S.9.