Prezident İlham Əliyev və Prezident Abdullah

 Gül mətbuata bəyanatlarla çıxış etmişlər

 

Noyabrın 12-də dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

 

 

Prezident Abdullah Gülün bəyanatı

 

 

 

- Cənab Prezident, dəyərli dostum!

 

Hörmətli nazirlər!

 

Dəyərli mətbuat nümayəndələri!

 

Bildiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da keçirilən seçkilərdə dəyərli qardaşım, cənab İlham Əliyev üçüncü dəfə Prezident seçilmişdir. Bu münasibətlə onu bir daha təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram.

Cənab Prezident, dəyərli dostum İlham Əliyev ötən seçkilərdən sonra olduğu kimi, yenə də ilk səfərini Türkiyəyə etmişdir. Buna görə əziz qardaşıma dərindən təşəkkür edirəm.

Bilirsiniz ki, mən də 2007-ci ildə Türkiyə Prezidenti seçilərkən ilk səfərimi Azərbaycana etmişdim. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Son dövrlərdəki əlaqələrimizin nə qədər yaxın olduğunu göstərmək üçün bunu deyə bilərəm ki, ötən altı il ərzində iki ölkə arasında yeddinci dəfə prezident səfərləri həyata keçirilir. Bu səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcəkdir.

Bu gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Bu görüşlərdə şübhəsiz ki, ikitərəfli münasibətlərimizlə bərabər, regional məsələləri də nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizlə bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat, - bütün bunları əlbəttə ki, nəzərdən keçirdik. Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizimmilli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyüişğal altındakı torpaqlarının azad edilməsi məsələlərini - bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük.

Türkiyənin Azərbaycana qoyduğu sərmayələr, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar - bütün bu məsələlər də həmişə mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrimizin güclənməsi və inkişafını sonadək dəstəkləyəcəyik. Yenə qardaşlığımızın bir göstəricisi olaraq bu gün sizlərin də şahidliyinizlə qarşılıqlı olaraq ordenləri təltifetmə mərasimi oldu.

Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı"nı təqdim etdim. Cənab Prezident isə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu. Bu gün birlikdə Türkiyə Aerokosmik Sənayesi ilə tanışlıq olacaqdır. Axşam da şübhəsiz ki, hamılıqla bir yerdə olacağıq.

Mən bir daha dəyərli qardaşımı həm təbrik edirəm, həm də Türkiyəyə - öz doğma vətəninizə "Xoş gəlmisiniz!" deyirəm.

 

Azərbaycan.-2013.- 13 noyabr.- S.3.