Prezident İlham
Əliyev və Prezident Abdullah
Gül mətbuata bəyanatlarla
çıxış etmişlər
Noyabrın 12-də dövlət
başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham
Əliyevin bəyanatı
-
Sağ olun, əziz qardaşım!
Hörmətli
Prezident Abdullah Gül!
Hörmətli
xanımlar və cənablar!
İlk
növbədə, əziz qardaşım, mənə və
nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə minnətdarlığımı bildirmək
istəyirəm. Qardaş Türkiyədə olmağımdan
çox məmnunam.
Türkiyədə
gedən inkişafı görərkən biz də
çox sevinirik. Türkiyə
son illər ərzində böyük və uğurlu yol
keçmişdir. Sizin rəhbərliyinizlə ölkəniz
dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Türkiyə nəinki bölgə məsələləri
ilə, dünyada gedən proseslərlə bağlı öz
prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən
çox şey asılıdır.
Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər
güclü olsa, Azərbaycan da bir o qədər güclü
olacaqdır.
Bu
gün mənim həyatımda çox əlamətdar hadisə
baş vermişdir. Mən
qardaş ölkənin ən ali mükafatı olan
"Dövlət nişanı" ilə təltif olundum. Mən
bu təltifi görülən işlərə qiymət kimi dəyərləndirirəm.
Mən çalışmışam və bundan sonra da
çalışacağam ki, Türkiyə-Azərbaycan əlaqələri
daim inkişaf etsin. Biz əziz qardaşım Prezident Abdullah
Gül ilə son illər ərzində bu birliyi möhkəmləndirmək
üçün çox işlər görə bilmişik.
Bu gün bizim əlaqələrimiz müttəfiqlik səviyyəsindədir.
Hesab edirəm ki, Türkiyə və Azərbaycan dünya
miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir.
Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə
olan dəstək çox nadir xarakter daşıyır.
Əlbəttə,
bu gün biz ikitərəfli əlaqələrin müxtəlif
aspektlərini müzakirə etdik. İlk növbədə,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı fikir mübadiləsi apardıq. Mən bir daha
Türkiyə dövlətinə ədalətli mövqeyinə
görə minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə
daim bizim yanımızdadır, ədalətin, haqqın
yanındadır. Çünki Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınmış torpaqları uzun
illərdir ki, Ermənistan tərəfindən işğal
edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının dörd qətnaməsi vardır ki, onlar
Ermənistan tərəfindən icra edilmir və beynəlxalq
hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli
ilə bağlı Azərbaycan öz səylərini davam
etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan
vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın
ərazi bütövlüyü bərpa edilsin. Biz bu
işğaldan əziyyət çəkirik. Uzun illərdir
ki, bir milyondan artıq Azərbaycan vətəndaşı
öz doğma torpağında qaçqın,
köçkün vəziyyətində yaşayır. Bizə
qarşı etnik təmizləmə siyasəti
aparılmışdır və bu ədalətsizliklə
barışmaq mümkün deyildir. Ümid edirəm ki, gələcək
aylarda, illərdə bu məsələ ilə bağlı
daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi
bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək
istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq
hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi
bizim gücümüzü daha da artırır və bu dəstəyə
görə minnətdarıq.
Biz
bu gün, eyni zamanda, bizi birləşdirən və artıq
regional çərçivələrdən
çıxmış, qlobal müstəviyə daxil olan layihələri
- Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik.
Onların hər biri böyük bir hadisədir, böyük
uğur gətirən layihələrdir. Ancaq Türkiyə və
Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin
reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə
baxırıq. Bu gün qarşılıqlı sərmayə
qoyuluşu məsələləri
uğurla öz həllini tapır və Azərbaycanın
xaricdəki ən böyük sərmayələri təbii
ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses
artıq davam edir və növbəti beş il ərzində
Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində
Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz
Türkiyə şirkətlərinin də Azərbaycana
qoyduqları sərmayəni alqışlayırıq və
iş adamları arasındakı əlaqələri dəstəkləyirik.
Bu gün, eyni zamanda, həmişə olduğu kimi, dostluq,
qardaşlıq şəraitində digər sahələrdə
əməkdaşlıqla bağlı məsələlər
müzakirə edildi. Əziz qardaşımın qeyd etdiyi
kimi, prezident seçkilərindən sonra ilk səfərimi
Türkiyəyə etmişəm. Bu, təbiidir. Bu, artıq
bir ənənədir. Əminəm ki, bu ənənə gələcəkdə
də yaşayacaqdır. Bizim gücümüz birliyimizdədir,
bizim birliyimiz tarix üzərində qurulubdur. Bu gün iki
müstəqil dövlət - Türkiyə və Azərbaycan
bir-birini daim dəstəkləyir, bir-birinin gücünü
artırır. Əminəm ki, gələcəkdə bizim
işbirliyimiz, əməkdaşlığımız yüksələn
xətlə inkişaf edəcəkdir.
Bir
daha əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə minnətdarlığımı bildirirəm.
Sağ olun.
AzərTAc
Azərbaycan.-2013.- 13 noyabr.- S.3.