«Azərbaycan arxeologiya
və etnoqrafiya elmləri müstəqillik
illərində»
mövzusunda beynəlxalq konfrans
işə başlamışdır
Noyabrın 11-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
Tədbirdə dövlət himni səsləndirilmişdir.
Konfransı institutun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova açaraq rəhbərlik etdiyi elmi müəssisənin tarixi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Arxeologiya və Etnoqrafiya İnstitutu 1993-cü ildə eyni adlı sektorun bazasında yaradılmışdır. Elmi-tədqiqat İnstitutu kimi əsas fəaliyyəti respublikanın müstəqillik illərində həyata keçmişdir. Ölkəmizdə arxeologiya və etnoqrafiya elminin inkişafından söhbət açan direktor bu sahədə ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulamış, bu işin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmləri yüksək inkişaf pilləsinə çatmışdır. Hazırda respublikamızın bütün bölgələrini əhatə edən 50-yə yaxın arxeoloji və etnoqrafik ekspedisiya fəaliyyət göstərir. Bu ekspedisiyaların tədqiqat obyektləri ibtidai insan düşərgələri, qədim yaşayış məskənləri, erkən şəhər tipli yaşayış yerləri, müxtəlif tipli qəbir abidələridir. Etnoqrafik ekspedisiyalar xalqımızın maddi və mənəvi mədəniyyətinə aid bütün dövrləri əhatə edən geniş tədqiqatlar aparırlar.
Xarici
həmkarları ilə birgə aparılan arxeoloji
qazıntılardan da söhbət açan direktor konfransda 11
ölkədən 35 alimin iştirak etdiyini bildirmişdir.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun yubileyi münasibətilə iştirakçıları təbrik etmiş, konfransın işinə uğurlar arzulamışdır. Xalqımızın zəngin tarixi mədəni irsinin təbliğində arxeoloji qazıntıların aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirən V.Əliyev Azərbaycan tarixinin öyrənilməsində institutun fəaliyyətini yüksək qiymətləndirmişdir. Diqqətə çatdırılmışdır ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən mədəni irsin təbliği, mühafizəsi, bərpası, istifadəsi və dünya miqyasında tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.
Bildirilmişdir ki, bu gün Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi böyük diqqət və qayğı sayəsində ölkəmizdə arxeologiya və etnoqrafiya elmləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır.
V.Əliyev respublikamızda mədəni irsin qorunmasında və təbliğ olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusilə vurğulamışdır.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək azərbaycanlı arxeoloqların uzun illər apardıqları tədqiqat işləri nəticəsində ölkəmizin qədim tarixini əks etdirən minlərlə maddi mədəniyyət abidələri aşkar olunduğunu nəzərə çatdırmışdır. Qeyd edilmişdir ki, arxeoloqların gərgin əməyi sayəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğu elmi faktlarla sübuta yetirilmişdir. 1993-cü ildə AMEA-nın tərkibində müstəqil institut kimi fəaliyyətə başladığını diqqətə çatdıran akademik ötən 20 il ərzində Arxeologiya və Etnoqrafiya institutunun respublikamızda böyük nüfuz qazandığını, beynəlxalq əlaqələrinin xeyli genişləndiyini vurğulamış, bu elmi müəssisənin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin bir sıra bölgələrində xarici ekspedisiyaların fəaliyyət göstərdiyini bildirmişdir.
Konfransda akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev, Moldova Elmlər Akademiyasının Mədəni İrs İnstitutunun Arxeoloji Mərkəzinin direktoru Oleq Levitski, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, A.Marqulan adına Arxeologiya İnstitutunun direktoru Bauerjan Baytanayev, Yaqellon Universitetinin tunc dövrü şöbəsinin müdiri, professor Yan Xoxorovski, Gürcüstan Milli Muzeyinin Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Zurab Maxaradze və başqaları çıxış edərək AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılmasının 20 illiyi münasibətilə iştirakçıları təbrik etmiş, konfransın işinə uğurlar arzulamışlar.
Çıxış edənlər xarici həmkarları ilə birgə aparılan arxeoloji tədqiqatları xüsusilə vurğulamış, yeni maddi-mədəni abidələrin aşkar olunmasında institut əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişlər.
Almaniya, Macarıstan, Qazaxıstan, Türkiyə, İran, Rusiya, Gürcüstan, İtaliya, Fransa, Koreya, ABŞ və digər ölkələrdən elm adamlarının iştirakı ilə keçirilən konfrans noyabrın 14-dək davam edəcəkdir.
Konfransın
plenar iclaslarında son 20 ildə Azərbaycanda
aparılmış arxeoloji və etnoqrafik tədqiqatların
yekunlarına dair məruzələr dinlənilmişdir.
Azərbaycan.-2013.- 13 noyabr.- S.10.